Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-557/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X3 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-471/2021 saylı 15.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X3 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilməli olan 42.250 ABŞ dolları məbləğinə beş faiz uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 12.675 ABŞ dolları məbləğində faizlərin və hüquqi xidmətə görə nümayəndə və vəkilə ödənilmiş 6.000,00 ABŞ dolları məbləğində hüquqi xidmət xərci olmaqla, cəmi, 20.175,00 ABŞ dolları məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “... 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 03.08.2018-ci il tarixli 2-2(82)200/2018 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən (indiki adı “xxxx” MMC) 42.250 ABŞ dolları və 1476 ABŞ dolları hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X3 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətiödənilməsi qət edilmişdir. Bundan sonra tərəfin əsassız şikayətlərinə görə yuxarı məhkəmə instansiya məhkəmələrin təmsil etmək üçün vəkilə müraciət edilmiş və hüquqi xidmətinə görə ona pul köçürülmüşdür. Hazırda qətnamənin qanuni qüvvəsinə minməsinə və icra olunması üçün İcra və probasiya şöbəsinə göndərilməsinə baxmayaraq, cavabdeh 42.250 ABŞ dolları məbləğində pulun şirkətə ödənilməsini təmin etməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən iddiaçı hesab edir ki, cavabdehdən ona məxsus pul vəsaitini qanunsuz şəkildə özündə saxladığı üçün 5 faiz bank uçot dərəcəsi ilə 42.250 ABŞ dolları məbləğində borca hesablanmış 12.660,00 ABŞ dolları və hüquqi xidmətə görə nümayəndə və vəkilə ödənilən 6.000,00 ABŞ dolları məbləğində hüquqi xidmət xərcini, cəmi, 18.660,00 ABŞ dolları məbləğində pul onun xeyrinə tutulmalıdır...” Bakı Kommersiya Məhkəməsinin 11.11.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi ilk öncə icraata qəbul edilmiş, lakin sonradan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmet və əsaslara üzrə qauni qüvvəsini məhkəmə qətnaməsi vardır. Ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 15.03.2021-ci il tarixli növbəti bir qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla razılaşmayan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassız olmaqla, prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia tələbinin birinci hissəsi eyni tərəflər arasında, eyni predmetlər barəsində olsa da, hazırki iddianın əsası başqadır. İddia tələbinin ikinci hissəsinə, yəni vəkil xidmətinə görə haqq hissəsi ilə bağlı qeyd etməyi zəruridir ki, hazırki iş üzrə cavabdehə qarşı irəli sürülmüş iddialarla bağlı iddiaçını təmsil etmək üçün vəkilə ödənilmiş vəkil xidmət haqqıdır ki, həmin tələblə yenidən məhkəməyə müraciət edə bilərlər. Bakı Kommersiya Məhkəməsinin 09.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Kərimli onunla razılaşmamış, hazırkı iddianın və əvvəl baxılan iddiaların eyni predmet və eyni əsasa malik olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instaniya məhkəməsi, ilk öncə, iddia ərizəsini 08.12.2020-ci il tarixli qərardadı ilə icraata qəbul etsə də, sonradan işə mahiyyəti üzrə baxılması mərhələsində eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olduğunu aşkar edərək 13.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarından habelə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hazırkı məhkəmə iclasında təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, əvvəllər iddiaçı Şirkət Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23.09.2014-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərlə bağlı cavabdehdən 42.250 ABŞ dolları məbləğində borcun və iddiaçıya məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə məhkəmə qətnaməsi çıxarılan günə bank faizinin uçot dərəcəsi əsas götürülməklə 10.400 ABŞ dolları məbləğində pulun, həmçinin 3000 ABŞ dolları məbləğində hüquqi xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-200/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə 42.250 ABŞ dolları əsas borc, 1476 ABŞ dolları hüquqi xidmət haqqı tələbi hissəsidə iddia qismən təmin edilmiş, qalan hissədə isə iddia rədd olunmuşdur. Həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərdən göründüyü kimi, adıçəkilən işdə tərəflər eynidir; İddianın predmetini pul tələbi təşkil edir: O cümlədən: 1) 42.250 ABŞ dolları məbləğində əsas borc; 2) 10.400 ABŞ dolları məbləğində bank uçot dərəcəsi ilə hesablanmış faiz məbləği və 3) 3000 ABŞ dolları məbləğində hüquqi yardıma görə vəkilə çəkilən xərc. İddianın əsasını isə aşağıdakılar təşkil edir: 1) cavabdehin 23.09.2014-cü il tarixli alqı-satqı müqaviləsi və Mülki Məcəllənin 567-ci maddəsi ilə şərtləndirilən öhdəliyi; 2) Cavabdehin iddiaçıya məxsus pul vəsaitini özündə saxlmaqla qanunsuz istifadə etməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcinə görə müəyyən olunan öhdəliyi; 3) İddiaçının hüquqi yardıma görə vəkilə çəkdiyi xərcə görə cavabdehin MPM-in 121-ci maddəsinə əsasən üzrənə düşən öhdəliyi. Hazırkı iddia ərizəsindən də görünür ki, tərəflər eynidir, iddianın predmetini - 42.250 ABŞ dolları məbləğində əsas borc tələbi, bank uçuot dərəcinə görə hesablanan faiz məbləği və əvvəlki işdə hüquqi x yardıma görə vəkilə çəkilən xərc tələbi təşkil edir. İddianın əsası isə birinci tələbə, yəni, əvvəlki iş üzrə 42.250 ABŞ dolları məbğəlğində əsa borca münasibətdə bank uçot dərəcəsi ilə hesablanmış 12.675 ABŞ dolları faizin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cavabdehdən tutulması təşkil edir. Göründüyü kimi hazırkı işin birinci tələbə münasibətdə həm predmet, həm də əsas baxımından əvvəlki işlə eynilik təşkil edir və bu hal iddiaçı tərəfindən mübahisələndirilmir. Tələbin ikinci - iddiaçı tərəfindən əsasının eyni olmadığını mübahisələndirilən hissəsi ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı əvvəlki işdə də hüquqi yardıma görə vəkilə çəkilən cərcə görə MPM-in 121-ci maddəsinə müvafiq olaraq 3000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını tələb etmiş və məhkəmə tərəfindən onun həmin hissədə tələbi qismən (1476 ABŞ dolları hissəsində) təmin edilmişdir. Bu baxımdan, hazırkı işdə iddiaçının əvvəlki məhkəmə işinə görə hüquqi yardıma görə vəkilə çəkdiyi xərci yenidən tələb etməsi onu göstərir ki, həmin hissədə də tələblər eynidir. Konkret halda, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən sonrakı məhkəmə insansiyalarında cavabehin şikayətlərinə əsasən işə baxılarkən müavafiq sübutlarını məhkəməyə təqdim edərək hüquqi yardıma görə çəkdiyi xərclərin ödənilməsini xahiş etməmiş etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əvvəlki məhkəmə işi ilə bağlı hüquqi yardıma görə vəkilə çəkdiyi 6000 ABŞ dolları məbləğində əlavə xərci - yeni iddia tələbi irəli sürməklə cavabdehdən tutulmasının tələb etməsi, nə iddianın yeni predmetini, nə də ki onun yeni əsasın yarıtmır. Çünki, o, müvafiq sübutlarını təqdim etməklə, həmin xərci əvvəlki məhkəmə işində cavabdehdən tutulmasını tələb edə bilərdi. Beləliklə də müəyyən olunur ki, əvvəllər, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsinə baxılmış və bununla bağlı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 03.08.2018-ci il tarixli 2-2(82)200/2018 saylı qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Belə olan halda, MPM-in 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə də, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-471/2021 saylı 15.03.2021ci il tarixli qərardadı ilə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi işin hallarına və prosessual qanunvericliyin tələblərinə uyğun olmuşdur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin həmin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 263-264, 398, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X3 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-471/2021 saylı 15.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-557/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-557/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver