Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-559/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «X3» ASC-nin cavabdeh «X4 İnvestisiya Koorporasiyası» ASC-yə qarşı “borc pulun verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-859/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «X3» ASC cavabdeh «X4 İnvestisiya Koorporasiyası» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 104627,06 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-859/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamənin ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad kifayət qədər araşdırma aparılmadan, düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir. Birincisi qətnamə cavabdehin iştirakı olmadan çıxarılmış və rəsmi qaydada xx.xx.2020-ci il tarixində şirkətə daxil olmuşdur. Cavabdeh tərəfindən həmin müddət ötürülməmiş və qanunamüvafiq qaydada məhkəməyə ərizə verilmişdir. İkincisi, həmin proseslərdə cavabdehin iştirak edə bilməməsinin səbəbini ərizədə ətraflı şəkildə qeyd edilmişdir. Hamıya məlum olduğu kimi, bu gün dünyanı cənginə almış məlum koronavirus (COVİD-19) pandemiyası, o cümlədən, bununla bağlı ölkədə karantın rejimin tətbiq olunması ilə bağlı müvafiq karantin qaydaları tətbiq olunmuşdur. Bu qaydalara uyğun olaraq müəssisədə də işçilərin bir çoxu işə çıxa bilməmiş, o cümlədən, bir müddət baş ofisin fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılmışdır. Bununla əlaqədar olaraq qeyd olunan məhkəmə prosesləri barədə bildirişlər şirkətə daxil olmamışdır. Daha sonra cari ilin avqust ayının 1-dən iş fəaliyyəti qismən bərpa olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi xx.xx.2020-ci ildə şirkətin ünvanına daxil olduqda həmin məhkəmə prosesindən xəbəri olmuşdur. Üçüncüsü, ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur. Belə ki, məhkəmə prosesində üzrlü səbəbdən cavabdeh iştirak edə bilmədiyindən sübutları təqdim edə, tərəflərin çəkişmə prinsipinə uyğun müdafiəni təşkil edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyev şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Tağıyev karantin dövründə ev şəraitində də işləmək mümkün oluğunu bildirərək cavabdehin şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) də məhz 238.1ci maddəsində nəzərdə tutulur ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əsasən aydın olur ki, cavabdehə məhkəmə iclaslarının, o cümlədən, qiyabi qətnamənin qəbul olunduğu məhkəmə iclasının vaxtı və yeri barədə poçt vasitəsilə göndərilmiş məhkəmə bildirişi (ştrix kod: SS672454387AZ) rəsmi qaydada cavabdehə çatdırılmış, lakin səlahiyyətli nümayəndəsi həmin məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsinin işə baxılmasına etirazı olmadığı barədə yazılı ərizəsini nəzərə almaqla, məhkəmə, mahiyəti üzrə işə baxaraq iddianın təmin olunması barədə qiyabi qətnamə qəbul etmişdir. MPM-in 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 245.1.3-cü maddəsinə əsasən həmin ərizədə cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar göstərilməlidir. Məcəllənin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdehin qiyabi qətnamənin ləğvi barədə ərizəsi o halda təmin oluna bilər ki, onun tərəfindən qiyabi qətnamənin qəbul olunduğu məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilsin. Konkret halda isə cavabdeh, ərizəsinə belə sübutlar əlavə etməmiş, hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən də həmin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Onun şikayətində adıçəkilən məhkəmə iclasına gəlməməsinin, ölkədə sürən məlum koronavirus (COVİD-19) pandemiyası ilə əlaqələndirən hallara gəldikdə isə həmin halların üzrlü səbəb kimi qəbul edilməsi istisna edilir. Çünki, özü də şikayətində qeyd edir ki, avqust ayının 1-dən şirkət iş fəaliyyəti qismən bərpa etmişdir. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, həmin məhkəmə iclası barədə məhkəmə bildirişi rəsmi qaydada ona çatdırılmışdır.Şikayətin dəlillərindən və nümayəndəsinin izahatından da göründüyü kimi, məhkəmə bildirişin şirkətə çatdırıldığı işin mübahisələndirilməyən halıdır. Ən azından cavabdeh bilməli idi ki, xx xxxx 2020-ci il tarixindən məhkəmələrin fəaliyyəti tam bərpa olunmuş və prosessual qanunvericiliyin tələbləri qaydasında işlərə baxılması davam etdirilmiş və bütün prosesesual iştirakçıların məhkəmə iclaslarında sərbəst iştirakına şərait yaradılmışdır. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsinin onu deməyə əsas verir ki, Bakı Kommersiya qiyabi qətnaməsinin ləğv edilib işə mahiyyəti üzrə baxılmasının təzələnməsini zəruri edən şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Ona görə də məhkəmənin xx.xx.2020-ci il tarixli qəardadı ilə qiyabi qətnamənin ləğv edilməsindən imtina edilməsi işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun hesab edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın həmin qərardadın əsassız olduğunu (o cümlədən kifayət qədər araşdırma aparılmadan, düzgün hüquqi qiymət verilmədən, çəkişmə prinsipi pozulmaqla qəbul edildiyini) mübahisələndirən dəliləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-859/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh «X4 İnvestisiya Koorporasiyası» ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-859/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-559/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-559/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver