Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-559/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı podrat müqaviləsi üzrə borcun və mənəvi zərərin tutulması barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1398/2022 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə) qarşı cavabdehin hesabına köçürülən 37000 manat pulun, mediatorun arayışına dair ödənilmiş 200 manat rüsumun və 10.000 manat məbləğində mənəvi zərərin, cəmi 47200 manat pulun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, müqavilə əsasında X2 tikintisi və yaşıllıq zolağının salınması üçün su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihə smeta sənədlərində nəzərdə tutulmuş işlər tam yerinə yetirilmiş və təhvil verlmişdir. İddiaçıya təqdim olunmuş müqavilə və yerinə yetirilmiş işin dəyərini təsdiq edən Forma № 2 Departamentin baş mühasibi tərəfindən əsli deyil, kserosurət edilən nüsxəsi iddiaçıya təqdim ediləndə narazılıq edərək bildirmişdir ki, ona sənədin əsli təqdim edilsin. Həmin sənədlərin əslini sonra təqdim edəcəyini söz verib bildirmişdir ki, qısa müddətdə sənədin əslini müəssənin ünvanına göndərəcəkdir. Nəzərdə tutulan işlər üzrə Forma № 2 də əks olunmuş məbləğ 37000 manat təşkil edirdi və həmin sənədləri əsli baş mühasib tərəfindən hələdə təqdim edilməmiş qalmaqdadır. Sonradan məlum olmuşdur ki, baş mühasib dələduzluq edərək iddiaçıya çatası pulları mənimsəmiş, bunun üçün o, həmin pulları özünün tanışı olan digər müəssənin hesabına köçürmüş, bu səbəbdən də iddiaçıya saxta kserosurət təqdim etmişdir. İddiaçı dəfələrlə həmin sənədlərin əslini və çatası pulu ondan tələb etdikdə, o, müxtəlif bəhanələrlə sənədləri verməkdən yayınmış, pulun tezliklə köçürüləcəyini bildirmişdir. Bu yaxınlarda statistik hesabat aparan zaman həmin sənədlərə rast gəlmiş, həmin şəxsi yenə də axtarmış, məlum olmuşdur ki, o başqa yerə işə keçib, nə qədər axtarsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyində onun yerini bildirməmişlər. Yalnız bu yaxınlarda Respublika Prezidentinə, Prokurorluğa və Korrupsiyaya şikayət etdikdən sonra onu, Ekologiya Nazirliyinə dəvət etmişlər və bildirmişlər ki, bəli həqiqətən də şikayətləri ilə və sənədlərlə tanış olublar, haqlı olduğunu bilirlər, lakin onların iş həll etmək səlahiyyəti olmadığından məhkəməyə şikayət verməyi məsləhət etmişlər. Bakı Kommersiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, e-2-2(113)-1398/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-1398/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci, MM-nin 21-ci, MPM-nin 217.1, 217.3-cü, 385-ci maddələrinin məhkəmə tərəfindən pozulduğunu göstərərək iddia ərizəsində qeyd edilən əsaslarla iddianın təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin məhkəmə iclasının vaxtı barədə məlumatı olsa da, sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxılarkən sonuncu məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qanuni nümayəndə razılığı ilə iddiaçının əsl iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti ilə əvəz edilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1398/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2009-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, iddiaçı Qobustan rayonu, Cəngi kəndində su kəmərinin çəkilişi işlərinin aparılmasını və təhvil verilməsini, sifarişçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti isə işlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı iddia ərizəsində qeyd edilən müqavilə əsasında 37.000 manat dəyərində işin görülüb forma 2 əsasında təhvil verildiyini göstərərək həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Tələbin hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə .əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və müqavilədən irəli gələn tələb üzrə 3 illik iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda həmin ərizədə qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixdə X1 su kəmərinin çəkilişi işlərinin aparılması üçün "xxxx" MMC ilə Meşələrin İnkişafı Departamenti arasında müqavilə bağlanmış, müqaviləyə əsasən nəzərdə tutulmuş işlər görülmüş, su xətti və nasosxana inşa edilərək təhvil verilmişdir. 2003-2010-cu illər üzrə maliyyə sənədləri Meşələrin İnkişafı Departamenti tərəfindən xx.xx.2012-ci il tarixdə Milli Geologiya Kəşfiyyat Xidmətinin Geoloji İnformasiya və arxiv fonduna təhvil verilmiş, 2015-ci ildə daxil olan bütün növ sənədlər təftiş yoxlamasindan keçirilmişdir. xx.xx.2015-ci ildə isə sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. İddiaçıya hər hansı borc olduğu qəbul olunmur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 367.1, 372.1, 372.2, 373-cü maddələrinə istinad edərək tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış podrat müqaviləsi üzrə borcun tutulması üçün 3 illik iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu isə qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddianın əsası kimi istinad edilmiş podrat müqaviləsi "xxxx" MMC tərəfindən bağlanıldığı halda iddiaçı hüquqi şəxsin direktoru Qanuni nümayəndə adından hüquqi şəxs olmayan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə qarşı qaldırılmış, birinci instansiya məhkəməsi hazırlıq iclasında qanunda nəzərdə tutulmuş qaydada iddiaçının əsl iddiaçı, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə qərardad qəbul etmədən iş üzrə tərəfləri "xxxx" MMC və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq qəbul etmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə məhkəmənin mövqeyi də əsaslı olmamışdır. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, iddia müddəti pozulmuş hüququn məhkəmə qaydasında müdafiəsi üçün qanunla nəzərdə tutulmuş müddət olduğundan bu müddətin tətbiqi üçün ilk öncə iddiaçının hüququnun pozulduğu müəyyən edilməli, bundan sonra məhkəmə iddia müddətinin başlanğıcını müəyyən edərək iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verməlidir. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd edilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Tərəflər arasında xx.xx.2009-cu ildə podrat müqaviləsi bağlandığı cavabdeh tərəfindən mübahisələndirilməsə də, həmin müqvailə ilə bağlı bütün sənədlər saxlanma müddəti bitdiyi üçün məhv edildiyindən cavabdeh tərəf qeyd edilən müqavilə üzrə borc qalığı olduğunu təsdiq etmir. Belə olan halda qeyd edilən müqavilə üzrə işlərin görülüb hansı tarixdə təhvil verildiyini, dəyəri ödənilməmiş işlərin hansı tarixli forma 2 əsasında qəbul edildiyini, cəmi hansı məbləğdə ödəniş edildiyini, sonuncu ödənişin hansı arixdə həyata keçirildiyini və müqavilənin icrası ilə bağlı digər sübutları təqdim etmək öhdəliyi iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə müqavilədən başqa hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə podrat müqaviləsində başqa sübut edə bilmədiyindən mübahisələndirilən qətnamə ləğv edilməklə iddiaçının tələbi iddia müddətinin keçməsi əsası ilə deyil, tələbin əsaslı olduğunun mötəbər sübutlarla təsdiq edilməməsi əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1398/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1398/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-559/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-559/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver