Məhkəmə qərarları › İş №2-2(103)-559/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-559/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-559/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə pulunun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-345/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə cavabdehdən icarə haqqına görə yaranmış borcun 31512,93 manat pulun, dövlət rüsumu və mediasiya xərclərinin cavabdeh "xxxx" MMCdən tutularaq, İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsi üzrə cavabdehdən icarə haqqına görə yaranmış borcun 31512,93 manat pulun, dövlət rüsumu və mediasiya xərclərinin cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-345/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 31512,93 (otuz bir min beş yüz on iki manat 93 qəpik) manat borcun, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 185 (yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-345/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin ləğv edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddia olunan məbləğin 2023-cü ilin oktybar ayına kimi olan icarə haqqı kimi bilib, ona görə də iddia məbləğini qəbul edirlər, lakin xx.xx.2023-cü il tarixinə kimi deyil, xx.xx.2023-cü il tarixinə kimi yaranmış borc olaraq qəbul edirlər. Cavabdehin də iddiaçının qeyri-yaşayış sahəsində malları qalıb. Bu baxımdan malların çıxarılmasına şərait yaratmayaraq və malların siyahısını qərəzli şəkildə onlara təqdim etməmişlər. Həmin malları çıxarmağa süni şəkildə maneə yaradırlar. Bununla da əlavə pulları cavabdehdən tələb etmək üçün fürsət əldə etmişdilər. Bu baxımdan həm tələb olunan pulun hansı aylara görə hesablanması dəqiq deyil və həm də onlar mallarını çıxarmağa qoymayaraq ödəniş borclarını qərəzli olaraq artırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

10. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

11. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

13. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli, 076/020 saylı icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə ilə icarəyə verən, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyriyaşayış binasının sahəsini saxlanc anbarı kimi icarəçinin müddətli istifadəsinə verməyi və öz mülahizəsini təşkil etməyi, icarəçi isə icarə sahəsini müvəqqəti istifadəyə qəbul edərək müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüş, müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi icarə sahəsindən şəxsi daşınar əşyalarının müvəqqəti saxlanılması kimi istifadə etmişdir.

22. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh öhdəliklərini yerinə yetirməmiş, cavabdeh icarə haqqı borcunu etiraf etmiş, yalnız xx.xx.2023-cü il tarixədək deyil, iddianı xx.xx.2023-cü il tarixədək qəbul etmişdir. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında həmin 31512,93 manat borc məbləğini qəbul etsə də, həmin borc məbləğinin xx.xx.2023cü il (daxil olmaqla) tarixinə kimi deyil, xx.xx.2023-cü il tarixinə kimi olan borc kimi qəbul etdiyini bildirmiş, lakin bu cür arqumentini məhkəmədə tutarlı əsaslar/sənədlərlə təsdiq edə bilməmişdir. Sadəcə bildirmişdir ki, tərəflər arasında şifahi danışıqlar əsasında elə başa düşüblər ki, tələb olunan məbləğ 2023-cü ilin oktyabr ayına kimi olan icarə haqqıdır.

23. İş materiallarında icarə müqaviləsi, e-qaimələr və digər sübutlar iddianın əsaslılığını təsdiq etmişdir. Göründüyü kimi şikayətin tarixlə bağlı dəlili əsassızdır.

24. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı cavabdeh tərəfin icarə haqqını ödədikdən sonra daşınar əşyaları götürə biləcəyini bildirmişdir. Cavabdeh şikayətində iddiaçının bu hərəkətinin qanunsuz olmasını bildirmişdir.

25. Mülki Məcəllənin 468.1-ci maddəsinə əsasən borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik icra edilənədək saxlamaq ixtiyarı vardır.

26. Həmin Məcəllənin 468.2-ci maddəsinə əsasən əmlakın və ya ona çəkilən xərclərin və digər zərərin əvəzinin ödənilməsi ilə bağlı olmasa da, tərəfləri sahibkarlar kimi fəaliyyət göstərən öhdəlikdən əmələ gələn tələblər də əmlakın saxlanması ilə təmin edilə bilər.

27. Həmin Məcəllənin 468.3-cü maddəsinə əsasən kreditor onda olan əmlakı həmin əmlak kreditorun sahibliyinə daxil olduqdan sonra əmlaka hüquqları üçüncü şəxsin əldə etməsinə baxmayaraq saxlaya bilər.

28. Həmin Məcəllənin 468.4-cü maddəsinə əsasən bu maddənin qaydaları, əgər müqavilədə ayrı şərt nəzərdə tutulmayıbsa, tətbiq edilir.

29. Göründüyü kimi mülki qanunvericilik iddiaçıya kreditor kimi öhdəlik icra edilənədək borcluya məxsus daşınar əşyaları öz sahibliyində saxlamaq ixtiyarı vermişdir. İddiaçı bu hüquqdan istifadə etmişdir. Odur ki, şikayətin müvafiq dəlili əsassızdır.

30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-345/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar