Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-56/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə Samadağa oğlunun, Cavabdeh5 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-151/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli 2l002- 0001/1917631/KM nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 15% ödəmək şərtilə 750000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh4, "xxxx" MMC (hazırki Cavabdeh1 MMC), Cavabdeh5, Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli 21002-0001/1917631/Z-4 nömrəli, xx.xx.2021-ci il tarixli tarixli 21002- 0001/1917631/Z-3 nömrəli, xx.xx.2021-ci il tarixli tarixli 21002-0001/1917631/Z-1 nömrəli, xx.xx.2021-ci il tarixli tarixli 21002-0001/1917631/Z-2 nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər borclu Cavabdeh2 MMCnin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 21002-0001/1917631/KM nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 421937,93 manat əsas borcun, 1292,01 manat faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 313,23 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyib və onun kredit müqaviləsi üzrə əsas kredit borcu 421937,93 manat, faiz borcu 1292,01 manat təşkil edir. Ona görə də, həmin borcun müştərək qaydada cavabdehlərdən tutulmasını xahiş edir.
5. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişlər.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-151/2023 nömrəli qərardadı ilə İddiaçı ASC və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21002-0001/1917631/KM nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-151/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 421937,93 manat əsas borc, 528,53 manat faiz borcu cəmi 422466,46 manat, həmçinin 400 manat mediasiya xərci, 313,23 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərcin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.
8. Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit Cavabdeh3 tərəfindən əldə edilmişdir. Əldə etdiyi məlumata görə Cavabdeh3 bir neçə belə şirkəti vardır və həmin şirkətlər vasitəsilə müxtəlif banklardan külli miqdarda kreditlər götürmüşdür. Kredit götürülərkən Cavabdeh5 özünə məxsus olan bağ evini ipoteka qoymağı təklif etmişlər. Onunla Cavabdeh3 arasında əvvəllər dostluq münasibətləri olduğundan bu təkliflə razılaşmış və həmin evi ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Sonuncu tərəfindən kreditin 1 il ərzində bağlanacağı vəd olunsa da, buna əməl olunmamışdır. Kredit və ipoteka müqavilələri rəsmiləşdirilərkən Cavabdeh5 bankda olmuş, işə tələsdiyindən çoxlu sənədləri imzalamış və oradan çıxmışdır. Həmin hadisədən xeyli müddət keçdikdən sonar kredit ödənilmədiyindən bank tərəfdən digər cavabdehlərə olduğu kimi Cavabdeh5 da zənglər edilmişdir. Həmin vaxt Cavabdeh5 məlum olmuşdur ki, o, kredit üzrə zamindir. Həmin vaxta qədər cavabdehin zamin durması ilə əlaqədar məlumatı olmamışdır. Ona görə zaminlik müqaviləsinin kim tərəfindən və harada bağlanması haqqında məlumatı yoxdur. Kreditin ödənilmədiyini görən və bankın təsir tədbirlərinə məruz qalan cavabdeh çıxılmaz vəziyyətdə qaldığından ipoteka qoyduğu bağ evini notariusda alqı-satqı vasitəsilə bankın vəzifəli şəxsinin adına keçirilməsinə razı olmuşdur. Lakin bağ evini təhvil verdikdən sonra bu məsələdən uzaqlaşa bilməmişdir. Məhkəmə qətnaməsi olmadan və hərrac keçirilmədən ipoteka əmlakın bankın yoxsa onun vəzifəli şəxsinin adına hansı yolla keçirilməsi məlum deyil, digər tərəfdən bu hal qanunsuz sayılır. Lakin məhkəmə işə baxarkən mövcud halları araşdırmadan ədalətli olmayan qərar vermişdir. Digər tərəfdən cavabdehin məhkəmə prosesi haqqında məlumatı olmamış, ona heç bir yazılı və ya elektron bildiriş verilməmişdir. İlk dəfə mediasiya təşkilatından hansısa sənəd (bildiriş və ya arayış) Cavabdeh5 göndərilmiş, sonda məhkəmə qətnaməsini poçt qəbzi ilə yaşadığı binanın mühafizə xidmətindən xx.xx.2023-cü il tarixdə götürmüşdür. Mediasiya prosesindən məhkəmə qətnaməsi qəbul olunan dövrədək cavabdehin məhkəmə prosesinin gedişatı barədə rəsmi olaraq məlumatsız olduğundan, onun müdafiə hüququ pozulmuş və nəticədə qanunazidd qərar qəbul edilmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı qəbul olunmasına baxmayaraq, məhkəmə tərəflərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubuna, orada olan məbləğlərə baxmayaraq və ekspertiza keçirmədən qətnamə qəbul etmişdir. Bu hal isə məhkəmə tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması halı kimi qiymətləndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh5 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi Nümayəndə Samadağa oğlu isə apellyasiya şikayətinə etiraz etdi.
12. Digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
14. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
16. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
19. Həmin Məcəllənin 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə ləğv edilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
22. Belə ki, iş materiallarına əsasən işə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir.
23. Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsində isə təsbit olunmuşdur ki, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə ləğv edilməlidir.
24. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
25. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir.
26. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir.
27. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 MMC öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
28. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 fevral 2023-cü il tarixli 9/8103 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən xx.xx.2022-ci il tarixə 414085,49 manat əsas və 517,61 manat faiz borcu vardır.
29. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 may 2023-cü il tarixli 9/2259 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə 422823,49 manat əsas və 528,53 manat faiz borcu vardır.
30. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, qeyd olunan ekspert rəylərini araşdıraraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı 421937,93 manat əsas borcun, 528,53 manat faiz borcunun, cəmi isə 422466,46 manat borcun tutulmasını tələb etməkdə haqlıdır.
31. Həmçinin kollegiya hesab edir ki, həmin borcların cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutulması barədə nəticə də düzgündür.
32. Belə ki, Cavabdeh5 öz dəlillərində zaminlik müqaviləsinin onun tərəfindən bağlanmadığına istinad etdiyi üçün hazırki apellyasiya baxışı zamanı onun vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 15 dekabr 2023-cü il tarixli 4/1963 saylı ekspert rəyi verilmişdir.
33. Həmin rəyə əsasən İddiaçı ASC ilə Cavabdeh5 adlarından olan xx.xx.2021-ci il tarixli tarixli 21002-0001/1917631/Z-1 nömrəli zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza və “Cavabdeh5 xx.xx.2021” yazıları Cavabdeh5 tərəfindən icra olunmuşdur.
34. Göründüyü kimi zaminlik müqaviləsinin Cavabdeh5 iradə ifadəsini əks etdirməməsi barədə dəlillər əsassızdır və tərəflər arasında etibarlı zaminlik müqaviləsi bağlanmışdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində Mülki Məcəllənin 470.1, 472.1, 472.2-ci maddələrinin dispozsiya şərtlərindən fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 borclu olan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyırlar.
36. Lazımi qaydada məlumatlandırılmama ilə bağlı dəlillər istisna olmaqla apellyasiya şikayətinin digər dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ekspert rəyi ilə zaminlik müqaviləsinin Cavabdeh5 tərəfindən imzalanması təsdiq olunmuşdur. Kredit borcunun məbləği də ekspert rəyi əsasında müəyyən olunmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2022-сi il tarixdə pretenziya göndərilmiş, iş üzrə nəzərə alınan ekspert rəyində də məhz xx.xx.2022-сi il tarixə оlan borc hesablanmışdır. Kredit müqaviləsi üzrə ipoteka müqaviləsinin bağlanması ilə bağlı dəlillər isə hazırki mübahisənin predmetinə aid deyil. Bundan əlavə, iddiaçının nümayəndəsinin izahatı və hesabdan çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin satışından əldə olunan 265.000 manat məbləğində pul vəsaiti kredit borcundan silinmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehlərə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-151/2023 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 421937,93 manat əsas borc, 528,53 manat faiz borcu, cəmi 422466,46 manat məbləğində pul vəsaiti, həmçinin 400 manat mediasiya xərci, 313,23 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 110 manat məbləğində pul vəsaiti Cavabdeh5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh5 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn