Məhkəmə qərarları › İş №2-2(103)-560/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-560/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-560/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X2” ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-165/2024 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “X2” ASC (borcverən) ilə Cavabdeh2 MMC (borcalan) arasında 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli kredit müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə Kredit xəttini “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Bank” tərəfindən “Borcalan”a verilən kreditin məbləği 22300 manat təşkil edir.

4. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit ilk 15 günü faizsiz olmaqla açılır. 15 gün ərzində ödənilmədiyi təqdirdə qalıq məbləğ 3 (üç) ay müddətinə, xx.xx.2022-ci il tarixinədək illik 24 (iyirmi dörd) faiz ödəmək şərtilə verilir.

5. Müqavilənin 3.1.3-cü bəndinə əsasən borcverən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimənin, penyanın ) ödənilməsini və öhdəliyin icrasını “Borcalan”dan tələb edir.

6. Müqavilənin 3.2.2-ci bəndinə əsasən borcalan krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə “Borcverən”ə qaytarır. Borcalan kredit xətti hallarında isə Kreditin faktiki istifadə edilmiş məbləğinə ay ərzində hesablanmış faizləri növbəti ayın 1-dən 10-dək ödəməli, əsas borc məbləğini Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş müddətə ödəməlidir.

7. Müqavilənin 5.3-cü bəndinə əsasən «Borcalan» kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 (qırx) % miqdarında cərimə (dəbbə pulu) tətbiq edilir.

8. “X2” ASC (borcverən) ilə Nümayəndə1 (zamin) arasında 01 dekabr 2022-ci il tarixli 136odrftUBM/22 saylı zaminlik müqaviləsi bağlanmışdır.

9. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun “15” sentyabr 2022-ci il tarixli 136odrftUBM/22 saylı overdraft kredit Müqaviləsi (bundan sonra “Kredit Müqaviləsi” adlandırılacaq) üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən Zamin Borclunun Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı “X2” ASC cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə1 xx.xx.2022-ci il tarixli 136odrftUBM/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 17.885,92 manat, faiz üzrə 1.772,41 manat, cərimə üzrə 715,68 manat, cəmi 20.374,01 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilənin şərtini pozaraq ödəməli оlduğu кreditin və кredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.

13. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda cavabdeh Nümayəndə1 birinci instansiya məhkəməsində iddianı qəbul edərək, izahatında bildirmişdir ki, borc məbləğinin həcmi ilə razıdırlar və tezliklə borc ödəniləcəkdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-165/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə1 müştərək qaydada 15 sentyabr 2022-ci il tarixli, 136odrftUBM/22 nömrəli krеdit müqaviləsi üzrə 17.885,92 manat məbləğində krеdit bоrcu, 1.129,77 manat məbləğində faiz bоrcu, 715,68 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 19.731,37 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq “X2” ASC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

15. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etmək olmaz. Belə ki, rəydə ekspert tərəfindən gəlinən nəticə göstərilsə də, aparılmış tədiqatın hesablanma qaydası əks olunmamışdır. Odur ki, məhkənin cavabdehlərdən 19.731,37 manat məbləğində pulun tutulması hissəsində gəldiyi nəticə yanlışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz etdi.

19. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

21. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

22. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

25. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, iddiaçı və cavabdeh Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız Cavabdeh2 MMC və iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir.

29. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

30. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli UB- BANK/PİKMD/1106143 saylı maliyyə arayışına əsasən “X2” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 136odrftUBM/22 kredit müqaviləsi üzrə Cavabdeh2 MMCnin 23 may 2023-cü il tarixə 17.885,92 manat əsas borc, 1.772,41 manat faiz borcu və 715,68 manat cərimə borcu olmaqla cəmi 20.374,01 manat kredit borcu təşkil edir.

31. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 yanvar 2024-cü il tarixli, 9/9622 saylı ekspert rəyi verilmişdir.

32. Həmin rəyə əsasən Cavabdeh2 MMC-nin “X2” ASC-yə xx.xx.2022-ci il tarixə (kreditin verilməsi müddətinin bitdiyi tarixə) əsas kredit borcu 17.885,92 manat, faiz borcu 1.129,77 manat təşkil edir.

33. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borca aid hissədə iddianı tam, faiz borcuna aid hissədə isə qismən təmin etmiş, habelə dəbbə puluna aid hissədə iddianı tam təmin etmişdir.

34. Qeyd olunanları, o cümlədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

35. Dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

36. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.3-cü bəndində də müəyyən edilmişdir ki, «Borcalan» kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 (qırx) % miqdarında cərimə (dəbbə pulu) tətbiq edilir.

37. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı 715,68 manat məbləğində dəbbə pulununu tutulmasını tələb etməkdə haqlıdır və bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

38. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etdiyi halda, apellyasiya şikayətində kredit borcunun məbləğinə və iddiaya etiraz etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Eyni zamanda, iddiaçının istinad etdiyi hallar tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış, kredit borcunun hesablanması barədə arayışla və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə ekspert rəyində hesablamanın düzgün aparılmamasına istinad etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-165/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar