Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-561/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər X1 və Cavabdeh1 qarşı icarə haqqı borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2203/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraicət edərək, cavabdehlərdən müştərək qaydada icarə haqqı borcu üzrə 4.999 manat və mediasiya ilə bağlı ödənilmiş 60 manat məbləğdə vəsaitin onun xeyrinə tutularaq (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, borc bir müqavilə üzrə yarandığından və icarəçilər həmin borcu ödəməyə birgə cavabdeh olduğundan, icarəçilərin hər birinə qarşı ayrı-ayrılıqda iki iddianın (rayon məhkəməsində və kommersiya məhkəməsində) qaldırılması mümkün deyil. Bu səbəbdən hər iki cavabdehə qarşı yalnız Bakı Kommersiya Məhkəməsində bir iddia qaldırılmışdır. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə öz qərardadında iddia ərizəsinə əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə mediasiya arayışında yalnız bir cavabdehin adının qeyd edildiyini və iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yalnız cavabdeh R.Qasımova çatdırıldığını bildirmiş və bu səbəbdən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Məhkəmə tərəfindən prosessual hüquq normalarına uyğun olmayan qərardad qəbul edilmişdir. Cavabdehlərdən yalnız R.Qasımov sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsdir (fərdi sahibkar) və vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Digər Cavabdeh1 isə fərdi sahibkar deyil (VÖEN-i yoxdur). Göstərilən səbəbdən cavabdehlərdən yalnız R.Qasımova münasibətdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin mübahisənin həlli ilə bağlı qarşılıqlı razılıq əldə edilməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.05.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. “Mediasiya haqqında” AR Qanununun: Maddə 3.1.1. Mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir; Maddə 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in: Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. İstinad olunan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası şikayətin Cavabdeh1 VÖEN-i, o cümlədən elektron kabineti mövcud olmadığı üçün iddia ərizəsinin surətinin ona göndərilməməsi barədə dəlilini qəbul etsə də, eyni asasla sonuncunun ilkin mediyasiya sessiyasında iştirak edə bilməməsi haqqında dəlili ilə razılaşmır. Belə ki, işdən göründüyü kimi, Cavabdeh1 da digər cavabdeh R.Qasımov kimi iddianın faktiki əsasını təşkil edən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 13.11.2020-ci il tarixli 119 nömrəli müqavilənin icarəçi qismində tərəfidir, həmçinin, iddia ərizəsində tələb cavabdeh olaraq Cavabdeh1 da yönəldilmişdir. Şikayətdən də məlum olur ki, Cavabdeh1 icarə müqaviləsinin tərəfi olduğundan iddiaçı onun da cavabdeh kimi məhz kommersiya məhkəməsində məhkəmə mübahisəsinə cəlb ediləcəyi (edəcəyi) barədə əvvəlcədən dəqiq məlumata və təsəvvürə malik idi. Qanun isə birmənalı qaydada tələb edir ki, kommersiya mübahisəsinin tərəfi olan (olacaq) cavabdeh mütləq əvvəlcə ilkin mediasiya sessiyasında iştirak etməlidir. Odur ki, fərdi sahibkar kimi qeydiyyata alınmaması və elektron kabinetinin mövcud olmaması kommersiya mübahisəsində tərəf kimi iştirak edən (edəcək) şəxsin ilkin mediasiya sessiyasına dəvət olunmamasını istisna edə bilməz. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması ilə əlaqədar mövqeyi nəticə olaraq qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə qismən təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2203/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-561/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-561/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver