Məhkəmə qərarları › İş №2-2(103)-562/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-562/2021

18.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-562/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-262/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli e-2-2(113)-262/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pulun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli e-2-2(113)-262/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o səhhətində baş vermiş problemlərlə, eyni zamanda savadsızlığı, prosessual qanunvericiliyin tələblərini doğru anlaya bilməməyi və elektron informasiya resurslarından düzgün istifadə bacarığı olmaması səbəbindən Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayətini verə bilməmişdir. Məhkəmə iclasında İddiaçı şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin 105-ci vərəqəsində olan məhkəmə qəbzindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli e-2-2(113)-262/2021 saylı qətnaməsinin surəti 12 fevral 2021-ci il tarixdə İddiaçı rəsmi qaydada təqdim edilmişdir. İddiaçı apellyasiya şikayəti isə 18 mart 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddətdə verilməmişdir. Çünki İddiaçı üçün apellyasiya şikayəti verilməsi müddəti 12 mart 2021-ci il tarixdə bitmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Şikayətin dəlillərinə dair qeyd olunur ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün deyil, buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-262/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar