Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-563/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(82)-19/2020 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 374.441,62 manat, faiz borcu üzrə 160.774,16 manat və cərimə borcu üzrə 13.481,59 manat, cəmi 548.697,37 manat borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslara yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə, əgər satışdan əldə olunan vəsait kifayət etməyəcəksə, cavabdehin digər gəlirlərinə və ya əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(82)-19/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə 366.036,19 manat əsas, 149.743,04 faiz borcu, 1300 manat cərimə, cəmi 517.079,23 manat məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan **-JZ-***, **-JZ-***, 90-JZ- 604, **-JZ-***, **-JZ-***, **-JZ- ***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslara yönəldilməsi, qeyd edilən əmlakların açıq hərracdan satılması və əmlakların satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf şikayət vermişdir. İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş ekspert rəyinin əsaslılığına şübhələr olduğu halda məhkəmə rəyi sübut kimi qəbul edərək iddianı qismən təmin etmişdir. İddiaçı qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətinin əsasları bundan ibarətdir ki, cavabdehin kredit öhdəliyi üzrə heç bir borcu qalmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya göndərdiyi xx.xx.2018-ci il tarixli məktuba əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin banka olan borcu ödənilmişdir. Məhkəmə bu sübut üzrə heç bir araşdırma aparmamış, MPM-nin 8.1, 9.1, 9.3, 88, 217, 218.1, 357.1, 372.1-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh qeyd edilənlərə əsasən Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(82)-19/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(82)-19/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ASC-nin 20 saylı filialı (borcverən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 nömrəli təminatlı Kredit müqaviləsindən görünür ki, borc verən borc alana yeni alınacaq 8 ədəd İsuzu Ecobus markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə etmək məqsədi ilə 388.800 manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Kreditin təminatı olaraq tərəflər arasında xx xxxxx 2013-cü il tarixli, 49İP/F20-13 nömrəli girov müqaviləsi bağlanmış və 8 ədəd İsuzu Ecobus markalı sərnişin daşıma avtobusları girov kimi yüklü edilmişdir. Tərəflərin razılığı ilə girov predmeti 432.000 manat dəyərində qiymətləndirilmişdir. Həmin müqavilənin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx xxxxx 2013-cü il tarixli çıxarış iş materiallarına əlavə edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, kredit müqaviləsi üzrə kredit kapitallaşdırılmış, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və kredit müqaviləsinə 1 nömrəli əlavənin (ödəniş cədvəlinin) xx xxxxxx 2015ci il tarixində yenisi ilə əvəz olunması, kredit müqaviləsi üzrə çıxış edən təminatların xx.xx.2017-ci il tarixədək sığortalı olduğunu nəzərə alaraq mövcud sığorta müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış təminatların xx.xx.2019-cu il tarixinədək yenidən 100 faiz sığortalanması, komissiya haqqının 100 manat olması, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin digər şərtlərinin dəyişməz olaraq qalması razılaşdırılmışdır. Cavabdehin kredit borcunun hesablanması üçün işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018- ci il tarixli, 2188 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan borcu 515.771,72 manat məbləğində müəyyən edilir: əsas borc üzrə-366.034,86 manat, faiz borcu üzrə 149.736,87 manat. Cavabdehin vəsatətinə əsasən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019- cu il tarixli, 19699 saylı ekspert rəyi ilə əvvəlki rəydə qeyd edilmiş nəticə təkrar edilmişdir. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21793 saylı ekspert rəyinin nəticə hissəsində xx xxxxxxxx 2017-ci il tarixədək (maliyyə arayışının tarixinə) cavabdehin banka olan borcunun 515779,23 manat (əsas borc üzrə 366.036,19 manat, faiz borcu üzrə 149.743,04 manat) məbləğində olduğu müəyyən olunmuşdur. Sonuncu rəylə əvvəlki ekspertiza rəyləri arasında fərq olduğundan iddiaçının vəsatətinə əsasən iş üzrə təkrar ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 09/403 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh MMC-nin xx xxxxxxxx 2017-ci il tarixədək (maliyyə arayışının tarixinə) banka olan borcu 515779,23 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 366.036,19 manat, faiz borcu üzrə 149.743,04 manat. Rəydə eyni zamanda qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Birinci instansiya məhkəməsi işdəki sübutları və ekspert rəylərini nəzərə alaraq cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin tam icra edilmədiyini və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 09/403 saylı ekspert rəyində qeyd edilmiş məbləğdə kredit borcu olduğunu müəyyən edərək, MM-nin 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 203.3.1, 205.1, 205.2, 269.1, 269.4, 269.7—cü maddələrinə istinad edərək iddianın quxarıda qeyd edilmiş məbləğlərdə qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin kredit borcunun məbləğinin müəyyənləşdirilməsi üçün 4 dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirildiyindən, iddiaçı sonuncu ekspert rəyinin əsassız olması ilə bağlı hər hansı əsaslı dəlil irəli sürmədiyindən işə apelyasiya qaydasında baxılarkən iş üzrə təkrar ekspertiza keçirilməsi zəruri hesab edilmir. Cavabdeh apelyasiya şikayətində kredit borcunun ödənildiyini və bu barədə məhkəməyə sübut olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya göndərdiyi xx.xx.2018-ci il tarixli məktuba təqdim edildiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehin apelyasiya şikayətinə etiraz edərək cavabdehin kredit borcunun hal-hazıradək ödənilmədiyini, hesaba ödənişlə bağlı hər hansı vəsait daxil olmadığını göstərmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli məktubunun məzmununda qeyd edilmişdir ki, 2009-2012-ci illərdə bankın əsas səhmdarı olmuş A.Məmmədov tərəfindən bankın cari və depozit hesablarında olan 80.780.000 manat məbləğində vəsait ona aidiyyəti olan şəxslərə kredit verilmiş və bankın zəruri xərclərinə sərf edilmiş, bu vəsaitin qanunsuz istifadəsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi məqsədi ilə müəyyən edilmiş ziyan məbləğində əmlaklar A.Məmmədov tərəfindən bankın 1 saylı filialının depozit, eləcə də cari hesab sahiblərinə verilmiş, həmin şəxslərin banka qarşı tələbləri tələbin güzəştli müqavilələrinə əsasən A.Məmmədova ötürülməklə iş üzrə həmin səhmdarla bağlı ziyan tam şəkildə ödənilmişdir. Məktuba əlavə edilmiş A.Məmmədovun vasitəsi ilə bankdan kredit almış fiziki və hüquqi şəxslərin siyahısında Cavabdeh MMC-nin də adı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən tutulmuş kredit borcunun ödənilməsi barədə məhkəməyə hər hansı mötəbər sübut (mədaxil qəbzləri, ödəniş tapşırıqları) təqdim edilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 971.3-cü maddəsinə əsasən, nağdsız hesablaşmalar banklar, müvafiq hesabların açıldığı başqa kredit təşkilatları (bundan sonra-banklar) və poçt rabitəsinin milli operatoru vasitəsi ilə aparılır, bu şərtlə ki, hesablaşmaların istifadə edilən forması ilə ayrı qayda şərtləşdirilməsin. Həmin Məcəllənin 972.1-ci maddəsinə əsasən, nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir. Həmin Məcəllənin 972.2-cü maddəsinə əsasən, müqavilə üzrə tərəflərin bu Məcəllənin 972.1-ci maddəsində göstərilmiş hesablaşma formalarından hər hansı birini seçmək və müqavilədə müəyyənləşdirmək hüququ vardır. Maddələrin tələblərindən göründüyü kimi, nağdsız hesablaşmaların aparılması zamanı qanunla müəyyən edilmiş formalara riayət edilməsi zəruridir. Nağdsız hesablaşmalar ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalarla, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində aparıla bilər ki, bu əməliyyatların həyata keçirilməsi müvafiq qaydada tərtib edilmiş rəsmi sədlərlə öz təsdiqini tapmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Milli X5 xx xxxxx 2002- ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən № 2825 qeydə alınmış “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6-cı bəndində nağd pulu mədaxil etmək üçün kredit təşkilatlarında yaradılan kassalardan istifadə edilməklə müvafiq sənədlərin tərtib edilməsi qaydaları müəyyən edilmişdir. Qeyd edilən normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu cavabdehin kredit borcunun ödənildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Kredit borcunun bankın hesabına nağd və ya nağdsız qaydada ödənilməsinə dair yalnız qanunla müəyyən edilmiş qaydada tərtib edilməli olan sənədlərə sübut kimi istinad edilə bilər. Hazırkı halda cavabdeh tərəfindən kredit borcunun ödənişi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(82)-19/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçının və cavabdehin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(82)-19/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-563/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-563/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver