Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-564/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı X1 cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3252 manat pulun abonent hesabından silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-677/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 152232 abonent kodu adından cavabdehə məişət (təsərrüfat)-içməli su təchizatı sisteminə qoşulma ilə əlaqədar və ya məişət (təsərrüfat)-içməli su təchizatı sistemi üzrə balans mənsubiyyəti sərhəddindən demontaj edilmiş suölçən cihazın (cihazların) dövri yoxlamadan keçirilməsi, eyni zamanda yoxlama nəticəsindən və təşəbbüsündən asılı olaraq təmir edilməsi xahiş edilmişdir.
2. xx.xx.2023-cü il tarixli “27 Smart-kart tipli su sayğacının dəyişdirilməsi” aktından görünür ki, ünvan 1 ünvanda olan su sayğacı istismara yararsız olduğundan yenisi ilə əvəzlənmiş və plomblanaraq istismara verilmişdir. Sökülən su sayğacının Cavabdeh və dövlət plombu yerində olmuş, sayğac laboratoriya sınağına göndərilməsi üçün abonentə təhvil verilmişdir.
3. xx.xx.2023-cü il tarixli 99602/0265229 saylı Rəydən görünür ki, sayğacın dövlət və STKM-ə məxsus Cavabdeh loqolu plombları var, sayğacın kipliyə davamlığı pozulmuş, elektron platası işləmir, qapaqaltı platform hissəsi çatlaqdır, quru hesablama mexanizm hissəsinə su yığılmışdır, nisbi xətanın təyini üçün yararlı deyil, sayğac təmirə və istismara yararsızdır.
4. Abonent haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023cü ilin iyul ayına 3252 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3252 manat pulun abonent hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə bağlamışdır. Cavabdeh ASC-nin X3 İdarəsinin əməkdaşları 17 iyun 2023-cü il tarixdə iddiaçıya məxsus qeyri yaşayış sahəsinə baxış keçirmiş və RƏY № 99602/0265229 nömrəli laborator aktı tərtib etmişlər. Sözügedən rəydə də açıq aşkar qeyd edilmişdir ki, iddiaçıya məxsus sayğacın Cavabdeh loqolu plombu və dövlət plombları yerində olmuşdur. Bütün bunlara baxmayaraq müvafiq reyestrdən keçmədən aparılmış yoxlamanın nəticəsi olaraq iddiaçıya əsassız olaraq 3252 manat borc hesablanmışdır. Lakin abonent haqqında məlumat vərəqindən də görünür ki, iddiaçıya məxsus müəssisə hər ay sudan istifadə nəticəsində yaranmış borcu zamanında ödəmişdir. Həmçinin ərazinin nəzarətçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş, əlavə qüsur olmadığı bildirilmişdir. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt və sudan sayğacdan kənar istifadə halı olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-677/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir.
8. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə sayğacın yoxlanılması və nəticədən asılı olaraq təmir edilməsi xahiş edilmiş, müraciət əsasında cavabdeh tərəfindən sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Laboratoriya yoxlaması zamanı sayğacın istismara yararsız olması müəyyən edilmiş və sayğacın işləmədiyi dövrə iddiaçıya 3252 manat borc hesablanmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıda yoxlama keçirilməmiş, sayğac işləmədiyinə görə iddiaçının müraciəti əsasında sayğac dəyişdirilmiş və sayğacın işləmədiyi dövr üzrə iddiaçının istifadə etdiyi suya görə borc hesablanmışdır.
10. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, yuxarıda istinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
11. Məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıda yoxlamanın keçirilməsi, eyni zamanda sayğacın oxunması zamanı sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma halları müəyyən edilmədiyindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və bununla bağlı digər qanunvericilik aktları hazırki mübahisəyə münasibətdə tətbiq oluna bilməz.
12. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ona hesüablanmış borc məbləğinin sudan istifadə etdiyi əvvəlki dövlər üzrə hesablanmış borc məbləğlərindən artıq olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə tədqiqatı zamanı iddiaçıya hesablanmış borc məbləğinin əvvəlki dövrlər üzrə hesablanmış borc məbləğlərindən çox olması deyil, az olması müəyyən olunmuşdur ki, bu halda da məhkəmə hesab etmişdir ki, göstərilən əsas üzrə də iddia təmin oluna bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-677/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, abonent haqqında məlumat vərəqindən də görünür ki, iddiaçıya məxsus müəssisə hər ay sudan istifadə nəticəsində yaranmış borcu zamanında ödəmişdir. Həmçinin ərazinin nəzarətçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş, əlavə qüsur olmadığı bildrilmişdir. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt və sudan sayğacdan kənar istifadə halı olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Həmçinin imperativ norma olaraq qəbul edilən qanunvericiliyin tələbindən göründüyü kimi keçirilmiş yoxlamanın nəticələri əsassız və qanunsuzdur. Bütün bunlara görə məhkəmənin iddia tələbini təmin etməməsi maddi hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. Bütün bunlardan əlavə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının və Ali Məhkəmninin alternativ işlər üzrə president yaradan ümumiləşmiş mövqeyi birmənalı olmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə sayğacın yoxlanılması və nəticədən asılı olaraq təmir edilməsi xahiş edilmiş, müraciət əsasında cavabdeh tərəfindən sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Lakin qeyd etmək istərdik ki, məhkəmənin istinad etdiyi sənəd tarixi və giriş nömrəsi şübhəli olaraq dəyişdirilmiş şablon ərizə formasında xahişin guya fiziki şəxs Əliyev Əliağa adında olan şəxs tərəfindən müraciət edilməsi aydın görünür. Məhkəmə işin bu halını araşdırmadan yəni həmin şəxsin kim olmasını bilmədən həmin ərizəni əsassız olaraq mötəbər sübut kimi qəbul etmişdir. Umumiyyətlə bu şablon hazır ərizənin olması iddiaçının müraciətini təsdiq edən hal deyil. Bütün bunlardan əlavə məhkəmənin gəldiyi düzgün olmayan nəticələrədən biri də sayğaca hesabatın verilməsi və dəyişdirilməsindən sonra sərfiyyatın artması ilə bağlıdır ki, abonent haqqında saldoda sudan istifadə sərfiyyatında heç bir artım yoxdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. “Su təchizatı və tullantı suları haqqında” Qanun: 49-cu maddəsinin 4-cü bəndinə əsasən səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 67-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanı: 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları": 7.6-cı bənd-verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. 7.9-cu bənd-suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.1.1-ci maddə- maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-677/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
19. İşin hallarından görünür ki, fərdi sahibkar X2 məxsus yuyucu kimi fəaliyyət göstərən obyektin su sayğacı Cavabdeh ASC-nin X3 İdarəsinin əməkdaşları tərəfindən 17 iyun 2023-cü il tarixdə çıxarılaraq laboratoriyaya göndərilmiş, xx.xx.2023-cü il tarixli laboratoriya rəyinə əsasən sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşin mübahisəsiz halıdır ki, sayğac yoxlamaya göndərilərkən dövlət plombları yerində olmuş, sayğaca hər hansı müdaxilə olmamışdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin su təchizatı sisteminə baxış keçirilərkən bu yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdehin nümayəndəsi hər hansı yoxlama həyata keçirilmədiyini, sayğacın dəyişdirilməsi üçün iddiaçının müraciəti olduğunu göstərsə də, xx.xx.2023-cü il tarixədək iddiaçının özünün və ya nümayəndəsinin bu barədə cavabdehə müraciət etdiyinə dair iş mateiallarında hər hansı sübut mövcud deyil. Cavabdeh tərəfindən məhkəməyə sayğacın təmir edilməsi barədə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ərizə isə yoxlamadan sonra tərtib edilmiş, həmin ərizəni imzalamış Ağayev Əliağa adlı şəxsin iddiaçının nümayəndəsi olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
21. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, silinməsi tələb edilən borc 3 dəfəyə hesablanmışdır. Cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə yüklənmiş sənədddən görünür ki, iddiaçıya 2021-ci ildə birbaşa birləşdirmə olan 157 gün üçün (xx.xx.2021-xx.xx.2021) orta günlük sərfiyyat 2,70 manat olmaqla 425 m3, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək birbaşa birləşdirilən gün sayı 234 gün, günlük sərfiyyat 2,70 m3 götürülərək 633 m3, alınan və istifadə edilən su arasındakı fərq 569 m3 olmaqla, 1626m3 (569+425+633) əlavə sərfiyyat hesablanmışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qeyd edilən qaydada əlavə sərfiyyat hesablanması qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 2021-ci ildə 157 gün üçün 425 m3 əlavə sərfiyyat hesablansa da həmin dövrdə sayğacın çıxarılması və birbaşa qoşulma olmasını təsdiq edən sənədlər cavabdeh tərəfindən sübut olaraq təqdim edilməmişdir. Bundan əlavə , alınan və istifadə edilən su arasındakı fərqin 569 m3 olması da məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilməmişdir. "Sudan istifadə Qaydaları"nın 7.9-cu bəndində suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək, yəni suölçən cihazın faktiki olmadığı dövr üçün istifadə olunan suyun həcminin bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilməsi nəzərdə tutulmuşdur. Qaydalarda sayğacın düzgün işləmədiyi dövr üçün istehlakçıya əlavə sərfiyyat hesablanması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 3252 manat borc əsassız olduğundan silinməsi cavabdehə həvalə edilməlidir.
23. İşə baxmış birinci instansiya məhkəməsi silinməsi tələb edilən borcun qanunun tələblərinə uyğun hesablanması barədə nəticəyə gəlsə də, bu borcun “Su təchizatı və tullantı suları haqqında” Qanunun və . "Sudan istifadə Qaydaları"nın hansı normaları əsasında hesablandığını göstərə bilməmiş, maddi hüquq normalarının tələblərini nəzərə almadığından mübahisəni düzgün həll etməmişdir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 677/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı X1 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-677/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 3252 manat borc X1 abonent hesabından silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.