Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-565/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s.” tələblərə dair Açar söz: kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3489/2022 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla, 160000 (yüz altmış min) manat məbləğində kredit götürmüşdür.
2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, 800876-589839/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876- 589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
3. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş 16 oktyabr 2018-ci il tarixli, 800876- 589839/1 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876- 589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə dövlət qeydiyyatına alınmışdır.
4. 15 iyul 2021-ci il tarixli, 001/007/3580/2021 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh3 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödəmişdir.
5. Cavabdeh-ipoteka qoyan Cavabdeh3 həyat yoldaşı X1 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.mdən ibarət qeyri-yaşayış binasının ipoteka qoyanın həyat yoldaşı kimi əmlakın ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmiş və gələckdə ipotekaya qoyulmuş əmlaka tutma yönəldiyi halda və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 107011,17 manat, faiz borcu 26802,30 manat olmaqla, cəmi 133813,47 manat məbləğində borcu vardır.
6. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 75-720/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixə likvid dəyəri 260000 (iki yüz altmış min) manat, bazar dəyəri 320000 (üç yüz iyirmi min) manat müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5228 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, borcalan Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu belə kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə əsas kredit borcu 107003,42 manat, faiz borcu 22351,78 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 107003,42 manat, faiz borcu 23513,95 manat.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinə dəqiqləşmə verilərək Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 107011,17 manat (bir yüz yeddi min on bir manat on yeddi qəpik) əsas borc, 26802,30 manat (iyirmi altı min səkkiz yüz iki manat otuz qəpik) əsas borca hеsablanmış faiz borcu olmaqla, cəmi 133813,47 manat (bir yüz otuz üç min səkkiz yüz on üç manat qırx yeddi qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 130 (bir yüz otuz) manat pulun və 424,21 manat (dörd yüz iyirmi dörd manat iyirmi bir qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh3 Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış kredit xətti müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə əsas vəsaitlərin alınması məqsədilə illik 17 faiz dərəcəsi ilə 60 ay müddətinə 160000 (bir yüz altmış min) manat məbləğində krеdit xətti açılmış və həmin məbləğ Cavabdeh1 MMC tərəfindən hissə-hissə olaraq götürülmüşdür. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyriyaşayış binası 16 oktyabr 2018-ci il tariхli, 800876-589839/1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеkaya qoyulmuşdur. Еyni zamanda bank və Cavabdeh2 arasında 21 oktyabr 2019-cu il tariхli, 800876-589839/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/3580/2021 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh3 sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3489/2022 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 107003,42 manat (yüz yeddi min üç manat qırx iki qəpik) əsas borc, 23513,95 manat (iyirmi üç min beş yüz on üç manat doxsan beş qəpik) faiz borcu, 413,40 manat (dörd yüz on üç manat qırx qəpik) rüsum, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 120 (yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 131060,77 manat (yüz otuz bir min altmış manat yetmiş yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma Cavabdeh3 məxsus, ipoteka predmeti olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0,0878 ha torpaq sahəsi və onun üzərində yerləşən 625,8 kvadrat metrdən ibarət qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılması, ipoteka predmeti olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0,0878 ha torpaq sahəsi və onun üzərində yerləşən 625,8 kvadrat metrdən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 260000 (iki yüz altmış min) manat müəyyən edilməsi, ipoteka predmeti olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0,0878 ha torpaq sahəsi və onun üzərində yerləşən 625,8 kvadrat metrdən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılmaqla, əmlak boşaldılması qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla, 160.000 (yüz altmış min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 MMC arasında 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876- 589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 21 oktyabr 2019-cu il tarixli, 800876-589839/1 nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddia tələbinin bir hissəsini Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 107011,17 manat (bir yüz yeddi min on bir manat on yeddi qəpik) əsas borc, 26802,30 manat (iyirmi altı min səkkiz yüz iki manat otuz qəpik) əsas borca hеsablanmış faiz borcu olmaqla, cəmi 133813,47 manat (bir yüz otuz üç min səkkiz yüz on üç manat qırx yeddi qəpik) məbləğində borcun tutulması təşkil edir.
12. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
13. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəydən görünür ki, ipoteka predmeti olan, Cavabdeh3 məxsus olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 260.000 manat təşkil edir.
14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin bir hissəsini də ipoteka predmetinin boşaldılması təşkil edir. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmeti açıq hərracda satıldıqda ipoteka predmeti boşaldılmalı və alıcıya təhvil verilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3489/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələblərinin tam şəkildə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmədə işə baxılan zaman Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş və işə baxan məhkəmə tərəfindən qanun normalarının tələbləri ciddi şəkildə pozulmuşdur.Halbuki, məhkəmə son nəticəyə gəlməzdən əvvəl iş üzrə dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsizaraşdırıb qiymət vermək əvəzinə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etməklə huquq mənafeimizi kobud şəkildə pozmuşdur. Ümumiyyətlə iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin mahiyyəti ilə tanış olarkən məlum olur ki, məhkəmədə işə formal mülahizələr əsasında baxılmış, iş hərtərəfli, obyektiv və ədalətli şəkildə araşdırılmadan tez-tələsik şəkildə yalnız iddiaçının maraqlarına üstünlük verilməklə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Həmçinin, məhkəmə qanunla üzərinə düşən vəzifəni icraedib mübahisəli işə qanuna müvafiq qaydada baxmaq əvəzinə, tam yalnış yolu seçməklə hüquqlarımızı pozmuş və beləcə iş üzrə qeyri-qanuni qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmənin formal mülahizələrə əsaslanaraq qəbul etdiyi qətnaməsində göstərdiyi nəticə işin faktiki hallarına və qanun normalarına uyğun gəlmir. Bu hallara yuxarı məhkəmə tərəfindən qiymət verilməklə iş üzrə qəbul edilmiş qanunsuz qətnamə ləğv edilməlidir. Məhkəmənin əsas vəzifələrindən biri də, hər bir şəxsin Konstitusiyadan və qanunlardan irəli gələn hüquq və mənafelərini məhkəmədə təsdiq olunmasını təmin etməkdir. Bu baxımdan mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Belə ki, hazırki mübahisəli işə baxan məhkəmə öz qətnaməsində yalnız bir neçə cümlə ilə formal mülahizələrini qeyd etməklə kifayətlənmiş, lakin bütün tərəfləri işə cəlb etmədən, onların izahatlarını dinləmədən, mühüm əhəmiyyətli faklarla hüquqi qiymət vermədən əsassız qərar qəbul etmişdir. Həmçinin, məhkəmə hazırki işdə zənn və ehtimallara əsaslanmaqla səhv nəticəyə gəlmiş və öz mövqeyini hər hansı mötəbər dəlil-sübutla əsaslandıra bilməmişdir. Bu səbəbdən, məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmadan və hüquq normalarına əhəmiyyət vermədən yalnız özünün formal mülahizələri və ehtimalı əsasında qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olamadan baxılmasını, apellyasiya şikayətində cavabdehin yalnız normaları sadalamaqla kifayətləndiyini, əsaslı dəlillər olmadığını göstərərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddə- borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 269-cu və 270.1-ci maddələr- girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1- ci, 11.2-ci maddələri- ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 41.1-ci maddə- ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 39.3-ci maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3.1-ci maddə- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 10-1.3-cü maddə- kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 135.8-ci maddə-kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Apellyasiya baxışının predmetini iddianın təmin edildiyi hissə təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3489/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Cavabdeh1 MMC (əsas borclu) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın hansı əsaslarla rədd edilməli olduğunu göstərməmiş, maddi və prosessual hüquq normalarını sadalayaraq həmin normaların pozulduğunu qeyd etsə də, məhkəmə tərəfindən bu pozuntunun nədə ifadə edildiyini qeyd etməmişdir. Cavabdehlər tərəfindən məhkəmə tərəfindən tutulmuş 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi 107003,42 manat əsas borc, 23513,95 manat faiz borcunun ödənilməsi barədə sübutlar olmadığından iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
22. Apellyasiya şikayətində yeganə dəlil kimi, məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulduğu qeyd edilmişdir. Bu dəlillə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 MMC-nin hüquqi ünvanına məhkəmə bildirişləri göndərilsə də, həmin ünvanda fəaliyyət göstərmədiyi üçün tapılmamış, geri qaytarılmışdır. Hüquqi şəxsin elektron kabineti iddia verlərkən işə əlavə edilmiş və kabinetə bildirişlər yerləşdirilmiş, o cümlədən iş materiallarında olan mobil nömrəyə SMS xəbərdarlıq göndərilmişdir. Belə olan halda məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması ilə bağlı prosessual pozuntuya yol verilmədiyi üçün apellyasiya şikayəti əsassız hesab edilir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3489/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3489/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.