Məhkəmə qərarları › İş №2-2(103)-565/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-565/2024

15.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-565/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2- 2(113)-856/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehlər LPO Cavabdeh2 ASC, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 5624 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi 6224 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh3 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 5624 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı olmuş Cavabdeh2 ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh3 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının,buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin, hesabata əsasən damcılı suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturaların mövcudluğu müəyyən edilməmişdir. Eləcə də, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. (alqı-satqı müqaviləsi ərizəyə əlavə edilir). Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 5624 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş cavabdeh ləğv prosesində olan Muğanbank ASC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh3 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən Agentliyə vurulmuş 5624 manat məbləğində zərərin müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş ləğv prosesində olan "xxxx" ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan da tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-856/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-856/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-2(113)-856/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinə cavabdeh LPO Cavabdeh2 ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanamsı Fonduna aid olan hissədə mahiyyəti üzrə baxılması davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, tələb kreditor tələbi deyildir, bu tələb borc müqaviləsindən irəli gəlmir, tələb müqavilənin etibarsızlığının məhkəmə tərəfindən təsdiqi, dəymiş zərərin (vurulmuş ziyanın) digər cavabdehlərlə birgə müştərək qaydada LPO Cavabdeh2 ASC-nin ləğvedicisindən də tutulmasından ibarətdir. Nəzərə alınmalıdır ki, tələb edilən məbləğ hazırda LPO Cavabdeh2 ASC-nin vəsaiti hesabına verilmiş kredit vəsaiti deyil, məhz iddiaçı qurumun- AKİA-nın vəsaiti hesabına verilmiş güzəşt məbləği olan vəsait olmuşdur. Tələb iflas prosedurunda olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələb olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh2 ASC arasında bağlanmış Agentliyin vəsaitindən istifadəyə dair 01 nömrəli 10 fevral 2021-ci il tarixli müqavilədən də, xüsusilə müqavilənin 4.2.7-ci yarımbəndindən də görünür ki, müvəkkil kredit təşkilatı (keçmiş Cavabdeh2 ASC) Qayda və bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliklər 01 nömrəli 10 fevral 2021-ci il tarixli müqavilədə də istinad edilən “Qayda”-dan, yəni Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”ndan da irəli gəlir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-856/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-2(113)-856/2024 nömrəli qərardadı ləğv edilməli, iş növbəti prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. İşin mübahisəsiz halıdır ki, cavabdehlərdən Cavabdeh2 ASC ləğv prosesindədir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Məhkəmə etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir (“Banklar haqqında” Qanunun 77.7-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin LPO Cavabdeh2 ASC-yə qarşı tələb hüququ Cavabdeh2 ASC müflis elan olunduqdan sonra yarandığından qərardad ləğv edilərək tələbə mahiyyəti üzrə baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Təcrübədə ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülür. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. Hazırkı halda iddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və bu tələbin təmin edilməsi ilə əlaqədar olaraq ödənilmiş 5624 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutulmasını xahiş etmişdir. Yəni iddiaçının 5624 manat məbləğində pul vəsaitini cavabdehlərdən geri tələb etmək hüququ yalnız 10 avqust 2021ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsinin etibarsız əqd olması məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan yaranır. Belə olan halda Cavabdeh2 ASC müflis elan edildiyi vaxt (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/202 nömrəli qərarına əsasən) iddiaçının belə bir kreditor tələbi olmadığından həmin tələbin qeydə alınması üçün bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvediciyə müraciət edə bilməzdi. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə ləğv prosesində olan banka qarşı irəli sürülmüş onun hüquq qabiliyyətindən irəli gələn tələblərə (müqavilənin etibarsız hesab edilməsi və s) mülki icraat qaydasında baxılmalı olduğundan həmin tələblərin təmin edilməsinin hüquqi nəticəsi olaraq yaranmış pul tələblərinə də eyni icraat çərçivəsində hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-2(113)-856/2024 nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-2(113)-856/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları xitam verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar