Məhkəmə qərarları › İş №2-2(103)-566/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-566/2022

16.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-566/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-5403/2021 saylı, 06.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh QSC-nin adından verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh QSC-nə qarşı cavabdehin 27.07.2021-ci il tarixə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10092,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 22500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-5403/2021 saylı, 06.12.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh QSC tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin adından verilmiş apellyasiya şikayəti X2 tərəfindən elektron imza ilə imzalanmış, iş materiallarına həmin şəxsin vəkil orderi əlavə edilsə də, cavabdeh tərəfindən vəkilə verilmiş etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Apellyasiya şikayətinə şikayəti imzalamış vəkil X1 cavabdehin adından apellyasiya şikayətini imzalamaq səlahiyyəti verildiyi barədə etibarnamə əlavə edilmədiyindən apellyasiya şikayətinin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı müəyyən olunur. Mülki Prosessual Məcəllənin 363.1.1.-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apelyasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-5403/2021 saylı, 06.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh QSC-nin adından verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-5403/2021 saylı, 06.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh QSC-nin adından verilmiş apellyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar