Məhkəmə qərarları › İş №2-2(103)-566/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-566/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-566/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2766/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 8262.66 AZN əsas borc, 718.77 AZN faiz borcu, 277.29 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 83.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9342.67 AZN borcun və113.43 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2766/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Kənan Hüseynov) ərizə və ona əlavə olunmuş sənədlər, iddia ərizəsi Cavabdeh3 çatdırılması, həmçinin sonuncu ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni elektron qaydada həyata keçirilmədiyindən geri qaytarılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2766/2024 saylı qərardadının ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən əsasla iddia ərizəsinin geri qaytarılması hüquqi cəhətdən düzgün deyildir. Çünki iş üzrə geri qaytarma əsası kimi cavabdehlərdən Cavabdeh3 elektron kabinetinə iddia ərizəsi və xəbərdarlığın göndərilməməsinin göstərilməsi faktiki və hüquqi cəhətdən düzgün deyildir. Belə ki, vətəndaşların elektron kabinetinin mövcud olub-olmamasını məhkəmələrin istifadə etdiyi “AZEMİS” Sistemi vasitəsi ilə görmək mümkün olduğu halda, vətəndaşların istifadə etdiyi “Elektron Məhkəmə İnformasiya Sistemin”-də sistem istifadəçiləri tərəfindən bunun görülməsi görməsi mümkün deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2766/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2766/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası qeyd edilən normalara əsasən birinci instansiya məhkəməsi ilə razılaşır ki, cavabeh Cavabdeh3 nə iddia ərizəsi, nə də xəbərdarlıq (pretenziya) məktubu elektron kabinet vasitəsi ilə göndərilmədiyindən qanunla müəyyən edilmiş qaydada çatdırılmış hesab edilmir. Belə ki, MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Elektron Məhkəmə İnformasiya sistemində Cavabdeh3 xx.xx.2021-ci il tarixdən elektron kabineti mövcuddur. MPM-nin 10- 1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulduğundan iddiaçı tərəfindən iddia ərizəsinin və pretenziyanın elektron kabineti olan cavabdehə kağız daşıyıcıda göndərilməsi qanunla nəzərdə tutulmuş qaydada çatdırılma hesab edilmir. Mübahisələndirilən qərardad Mülki Prosessual Məcəllənin normalarına uyğun qəbul edildiyindən ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2766/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2766/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar