Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-568/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Nümayəndə1 sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Nümayəndə1 sığorta şirkəti açıq səhmdar cəmiyyətinin cavabdeh Nümayəndə2 qarşı cavabdehdən sığorta haqqı üzrə borcun, dəbbə pulunun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-95/2020 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 sığorta şirkəti cavabdeh fərdi sahibkar Nümayəndə2 (VÖEN **********) qarşı cavabdehdən 3414 manat sığorta haqqı üzrə borcun, 641 manat məbləğində dəbbə pulunun, eyni zamanda ödənilmiş 30,4 manat dövlət rüsumunun, cəmi 4085,4 manat həcmində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. Lakin cavabdeh Səyahət sığortası üzrə 74 ədəd müqavilə bağlamış, lakin onların 3414 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmişdir. Halbuki, agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 941.5-ci maddəsinə əsasən “Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir... Sığorta vasitəçisi sığorta haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” Buna müvafiq olaraq, sığorta haqlarının Sığortaçıya ötürülməsini gecikdirdiyinə görə xx.xx.2019-cu il tarixinə ödəməli olduğu dəbbə pulu 641 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-95/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Nümayəndə2 2048,4 manat sığorta haqqı üzrə borc, 100 manat məbləğində dəbbə pulu, cəmi 2148,4 manat pulun tutularaq Nümayəndə1 sığorta şirkəti açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddianın 1707 manat pulun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda maddi vəziyyəti ağır olduğundan ödəniş etmək imkanı yoxdur. İddiaçı onun hüququnu pozmuş və o ziyana uğramışdır. Əvvəllər bu şirkətlə 50 % komissiya ilə işləmişdir. Buna görə də işgüzar adət kimi, hazırda da ona 50 % güzəşt olunmalıdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 367.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı Nümayəndə1 sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-95/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə qəbul edilən qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qanuni və əsaslıdır. İş materiallarından görünür ki. tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli 131 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. Müqavilənin 6.1-ci bəndinə əsasən sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növləri və bağladığı hər bir sığorta müqaviləsi üzrə sığortaçının hesabına daxil olmuş sığorta haqlarından əldə edəcəyi komisyon muzdun (komissiyanın) ölkədən xaricə səfər edən şəxslərin tibbi xərclərinin sığortası (səyahət sığortası) üzrə standart dərəcəsi 40 faiz müəyyən edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 26382 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Nümayəndə1 sığorta şirkəti açıq səhmdar cəmiyyəti ilə Nümayəndə2 arasında xx xxxxxx 2017-ci il tarixli 131 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsi və Nümayəndə2 borcu üzrə ödənilməmiş sığorta haqqının və dəbbə pulunun qrafikinə və digər sənədlərə əsasən Nümayəndə2 Nümayəndə1 sığorta şirkəti açıq səhmdar cəmiyyətinə olan ümumilikdə borcu 3414 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Məhkəmə tədqiqatı zamanı ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 131 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsinə əsasən cavabdeh ölkədən xaricə səfər edən şəxslərin tibbi xərclərinin sığortası (səyahət sığortası) üzrə 74 ədəd müqavilə bağlamış, lakin onların 3414 manat məbləğindəki dəyərini cavabdehə ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinin tələblərinə əsasən 3414 manat məbləğin 40 faizi, yəni 1365,6 manat məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilməli olan komisyon muzd məbləği olduğundan məhkəmə düzgün olaraq 3414 manatdan cavabdehə məxsus komisyon muzdu çıxmış, qalan 2048,4 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində ona iddiaçı tərəfindən ödənilməli olan komisyon muzd məbləğinin məhkəmə tərəfindən işgüzar adətə əsasən 50 % qəbul edilməsini xahiş edir. Mülki Məcəllənin 10.1-ci maddəsinə sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-2.7-ci maddəsinə əsasən sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği nəzərdə tutulur. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği işgüzar adətlə deyil, sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi ilə müəyyən edildiyindən və hazırda tərəflər arasında bağlanmış müqavilədə 40 faiz nəzərdə tutulduğundan həmin muzdun cavabdehin xeyrinə 50 % məbləğində müəyyən edilməsi üçün qanuni əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e- 2-2(113)-95/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Nümayəndə2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-95/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-568/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-568/2020
11.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver