Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-568/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2021 nömrəli iş üzrə 02 mart 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X3 və Bərpası Müəssisəsinə aid və Quba rayonu Xucbala kənd ərazisində yerləşən Alpan meşəliyində 7 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya həmin ərazidə bağ salma ilə bağlı iddiaçı tərəfindən xərclənən pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, 13.02.2017-ci il tarixdə cavabdehin Meşələrin İnkişafı Departamentinə müraciət edərək X3 və Bərpası Müəssisəsinin ərazisindən 5-10 ha torpaq sahəsinin fındıq və qoz bağı salmaq məqsədilə istifadəyə verilməsi xahiş edilmişdir. Bununla əlaqədar olaraq cavabdeh X3 və Bərpası Müəssisəsinə məktubla müraciət edərək, məsələnin yerində araşdırılması, istənilən sahənin ümumi vəziyyətinin və sair məsələlərin araşdırılıb sənədlərin təqdim edilməsi tapşırılmışdır. X3 və Bərpası Müəssisəsi yerində araşdırmalar aparmış və Alpan meşəliyində 6 ha sahədə müxtəlif meyvə cinslərindən bağın salınmasına razılıq vermişdir. İddiaçı digər sakinlərlə öz növbəsində 29.03.2017-ci il tarixdə tərtib olunmuş aktda qeyd olunan işləri görmüşdür. Bundan sonra iddiaçı yenidən cavabdehin Meşələrin İnkişafı Departamentinə müraciət edərək, həmin əraziyə dair rəsmi icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. Cavabdeh 15.05.2018-ci il tarixli məktubda əraziyə baxış keçirildiyini, Alpan meşəbəyliyində 2017-ci il yaz və payız mövsümlərində 6 ha sahədə müxtəlif meyvə cinslərindən bağ salmağı təsdiqləmişdir. Lakin cavabdeh “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.12.2016cı il tarixli 1138 nömrəli Fərmanına istinad edərək, meşə fondu ərazisindən torpaq sahəsinin ayrılmasını qeyri-mümkün hesab etmişdir. Halbuki, yuxarıda qeyd olunan Fərman meşə fondu ərazisindən torpaq sahəsinin ayrılmasının qeyri-mümkün hesab edilməsi üçün əsas ola bilməz. Cavabdehin 24.07.2018-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, cavabdehin Meşələrin İnkişafı Departamentinin tabeli qurumlarında aparılan struktur islahatları ilə əlaqədar müqavilənin bağlanması məsələsinə bu işlər başa çatdıqdan sonra baxılacaqdır. Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, əvvəlcə, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, 29.01.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərində qoyulması hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı belə bir qərardadın varlığından qətnaməni aldıqdan sonra xəbər tutmuşdur. Həmin 29.01.2021-ci il tarixli qərardad “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmədiyi üçün, qərardadı ala və şikayət verə bilməmişdir. Daha sonra, 2017-ci ildən hazırkı dövrə qədər meşə fonduna aid olan 7 ha topraq sahəsi kol-kosdan, köhnə ağac kötüklərindən və daşlardan təmizlənmiş, dərin şumlanaraq bağ əkini üçün tam hazırlanmışdır. Hazırlanmış torpaq sahəsinin bağsalma texnologiyasının bütün elementlərinə tam əməl etməklə 1 ha badam bağı, 1 hektar gilas bağı salınmışdır. 2017-ci ildən hal-hazırdakı dövrə qədər istər X3 və Bərpası Müəssisəsi, istər cavabdehin Meşələrin İnkişafı Departamenti, istərsə də cavabdeh iddiaçı tərəfindən qeyd edilən ərazidə müvafiq qaydada bağ sahəsinin salındığını bildikləri halda aparılmış fəaliyyətin qanunsuz fəaliyyət olduğuna, torpaq sahəsinin meşə fondu toprağı hesab edilməsi səbəbindən bir dəfə də olsun hər hansı etiraz bildirməmiş, dəfələrcə iddiaçı tərəfindən edilən müraciətlərə qeyd edilən qurumlar tərəfindən verilən rəsmi cavablarda bu müraciətlərə gələcəkdə yenidən baxıla biləcəyi və ya struktur islahatları başa çatdıqdan sonra bu məsələyə baxıla biləcəyi bildirilmişdir. Əgər aparılan fəaliyyət qanunsuz olsaydı müvafiq torpaq sahəsinin ayrılmasına dair məsələlər, həmçinin torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına dair məsələlərin müzakirə edilə biləcəyinə dair cavablar iddiaçıya verilməzdi. Bu isə onu deməyə əsas verir ki, qeyd edilən torpaq sahəsi üzrə icarə müqaviləsini bağlamaq səlahiyyəti olan orqanlar bu günə qədər iddiaçının həmin sahədə sahibkarlıq fəaliyyətini aparmasına şifahi qaydada razılıq vermişlər və hazırda da iddiaçının həmin torpaq sahəsindən çıxarılması ilə bağlı tələbləri yoxdur. Sadəcə məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçı qeyd edilən torpaq sahəsinə qoymuş olduğu sərmayənin hüquqi müqəddəratının qeyri-müəyyənliyini aradan qaldırmaq üçün icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bunun nəticəsində də cavabdehin üzərinə iddiaçı ilə qeyd edilən torpaq sahəsinə icarə müqaviləsinin bağlanmasına dair öhdəlik qoyulmasına dair iddia tələbinin təmin edilməməsi halında, iddiaçının 2017-ci ildən qeyd edilən torpaq sahəsinə çəkmiş olduğu zərərləri tələb edə bilməsi əsaslıdır. Yəni, icarə müqaviləsinin bağlanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi təmin olmursa, o zaman həmin əraziyə qoyulmuş olan sərmayənin hüquqi müqəddəratı qeyrimüəyyən olaraq qalır ki, bunun özü də iddiaçını zərərə məruz qalmasından başqa bir şey deyil. Belə ki, əgər qeyd edilən torpaq sahəsi meşə fondu torpağı olması səbəbindən iddiaçı ilə həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması mümkün deyilsə, iddiaçıya 2017-ci ildə həmin torpaq sahəsinin bağçılıq təsərrüfatının alınması üçün təhvil verilməsi qanunsuz idi. Ancaq cavabdeh orqan bunu görməzlikdən gələrək qeyd edilən torpaq sahəsinin cavabdehə ayrılması üçün edilən müraciətə müsbət cavab vermiş, daha sonra isə qeyd edilən torpaq sahəsi ilə bağlı icarə müqaviləsini imzalamaqdan heç bir səbəb olmadan boyun qaçırmışdır. Bu isə iddiaçının qeyd edilən torpaq sahəsi ilə bağlı çəkdiyi xərclərin, ümumilikdə zərərin məhkəmə qaydasında tələb edilməsi üçün hüquqi əsaslar yaratmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Bakı Apellyasiya Məhkəməsi KK-nın hazırkı iş üzrə 10.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Alpan meşəliyində 7 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya həmin ərazidə bağ salma ilə bağlı iddiaçı tərəfindən xərclənən pulun cavabdehdən tutulması tələblərinə dair iş üzrə icraata, “həmin ərazidə bağ salma ilə bağlı iddiaçı tərəfindən xərclənən pulun cavabdehdən tutulması” tələbi hissədə xitam verilmişdir. İddiaçının Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi hissədə qismən əsaslıdır. Qətnamədən görünür ki, iddia - 1. torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və 2. həmin ərazidə bağsalma ilə bağlı iddiaçı tərəfindən xərclənən pulun cavabdehdən tutulması kimi iki tələbdən ibarət olsa da, birinci instansiya məhkəməsi öz aktında ilk tələbə hüquqi qiymət verməmişdir. Həmin məhkəmə qətnamədə göstərmişdir ki, “Bakı Kommersiya Məhkəməsinin 29.01.2021-ci il tarixli 2-2(113)-424/2021 saylı qərardadı ilə iddia tələbinin “X3 və Bərpası Müəssisəsinə aid və Quba rayonu, Xucbala kənd ərazisində yerləşən Alpan meşəliyində 7,0 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi üzrə icraata xitam verilmişdir. ... torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verildiyindən hazırda məhkəmə mübahisəsinin predmeti maddi ziyanın ödənilməsidir.” Əslində isə Bakı Kommersiya Məhkəməsinin işdə olan 29.01.2021-ci il tarixli qərardadı ilə “öhdəliyin qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatəti təmin edilməmişdir, işdə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə icraata xitam verilməsi barədə qərardad isə ümumiyyətlə mövcud deyil. MPM-in: 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iki iddia tələbindən yalnız biri üzrə qətnamə qəbul etməsi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan, 02.03.2021-ci il tarixli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaya mahiyyəti üzrə hüquqi qiymət verildikdə isə müəyyən olunur ki, həm iddia, həm də qalan hissədə apellyasiya şikayəti əsassızdır. Belə ki, şikayətdə də əks olunduğu kimi, “... məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçı qeyd edilən torpaq sahəsinə qoymuş olduğu sərmayənin hüquqi müqəddəratının qeyri-müəyyənliyini aradan qaldırmaq üçün icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bunun nəticəsində də cavabdehin üzərinə iddiaçı ilə qeyd edilən torpaq sahəsinə icarə müqaviləsinin bağlanmasına dair öhdəlik qoyulmasına dair iddia tələbinin təmin edilməməsi halında, iddiaçının 2017-ci ildən qeyd edilən torpaq sahəsinə çəkmiş olduğu zərərləri tələb edə bilməsi əsaslıdır. Yəni, icarə müqaviləsinin bağlanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi təmin olmursa, o zaman həmin əraziyə qoyulmuş olan sərmayənin hüquqi müqəddəratı qeyrimüəyyən olaraq qalır ki, bunun özü də iddiaçını zərərə məruz qalmasından başqa bir şey deyil.” Göründüyü kimi, iddiaçı özü də cavabdehlə aralarında meşəlik torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı mübahisənin olmadığını qəbul edir və iddianı qaldırmaqdan da əsas məqsədinin “... torpaq sahəsinə çəkmiş olduğu zərərləri tələb edə bilməsi ...” yaxud “... qeyd edilən torpaq sahəsinə qoymuş olduğu sərmayənin hüquqi müqəddəratının qeyri-müəyyənliyini aradan qaldırmaq”dan ibarət olduğunu açıq ifadə edir. İddiaçının tələbin qanuni əsası kimi ərizədə AR Meşə Məcəlləsinin 14-cü maddəsinə istinadı da əsassızdır. Belə ki, həmin normada “... meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə ... icarəyə verilə bilər” müddəası əks olunmuşdur ki, iddiaçının mübahisəli meşəlik sahədə fəaliyyəti meşələrin bərpasına yox, meyvə təsərrüfatına yönəlmişdir. Digər tərəfdən, AR Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələri ilə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir. Həmin Məcəllənin 390.1 və 390.3-cü maddələrinə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin qeyd olunan müddəalarının təhlili göstərir ki, mülki hüquq subyektləri müqavilə bağlamaqda azaddırlar və onların müqavilə bağlamağa məcbur edilməsinə yol verilmir. Lakin qanunverici bu qaydadan iki istisna hal müəyyən etmişdir. Birinci istisnanı müqavilə bağlamağa məcbur etmə vəzifəsinin Mülki Məcəllədə, ikinci istisnanı isə tərəflərin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulması təşkil edir ki, hazırkı işdə də qeyd olunan hallardan heç biri mövcud deyil. Belə ki, iş üzrə cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutlmamışdır, cavabdehin iddiaçı qarşısında eyni öhdəliyi götürməsi isə iş materialları ilə təsdiqini tapmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia əsassız olduğundan rədd edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir (MPM-in 384.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı X3 və Bərpası Müəssisəsinə aid və Quba rayonu Xucbala kənd ərazisində yerləşən Alpan meşəliyində 7 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-568/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-568/2021
10.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver