Məhkəmə qərarları › İş №2-2(103)-568/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-568/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-568/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2656/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 2439.41 manat krеdit bоrcu, 387.05 manat faiz bоrcu və 903.90 manat cərimə borcu olmaqla, cəmi 3730.36 manat, 001R********** saylı krеdit razılaşması üzrə 2116.2 manat krеdit bоrcu, 287.77 manat faiz bоrcu və 612.58 manat cərimə borcu olmaqla, cəmi 3016.55 manat, 001R********** saylı krеdit razılaşması üzrə 52844.16 manat krеdit bоrcu, 9032.53 manat faiz bоrcu və 16400.82 manat cərimə borcu olmaqla, cəmi 78277.51 manat, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 85024 manat 42 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən 89 saylı mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 oradan çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2656/2021 saylı, 27.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2435,35 manat, faiz borcu üzrə 379,51 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 2914,86 manat; 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2099,62 manat, faiz borcu üzrə 287,77 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2487,39 manat; 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 52844.16 manat, faiz borcu üzrə 8733,97 manat, cərimə borcu üzrə 1000 manat olmaqla, cəmi 62578,13 manat məbləğində pul, ümumilikdə 67980,38 manat məbləğində pul və ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 90 manat tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə Cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, Köndələn-10 küçəsi, ev 1B, 89 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 130000 manat müəyyən edilməklə açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2435,35 manat, faiz borcu üzrə 379,51 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 2914,86 manat; 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 2099,62 manat, faiz borcu üzrə 287,77 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2487,39 manat; 001R********** saylı krеdit razılaşması üzrə əsas borc üzrə 52844.16 manat, faiz borcu üzrə 8733,97 manat, cərimə borcu üzrə 1000 manat olmaqla, cəmi 62578,13 manat məbləğində pul, ümumilikdə 67980,38 manat məbləğində pul və ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 90 manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh4 qaytarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, 2036-cı məhəllə, Köndələn-10 küçəsi, ev 1B, 89 nömrəli mənzildən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən kağız daşıyıcıda verilmiş apellyasiya şikayəti 13.12.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş, Məhkəmənin 14.12.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 elektron sistem vasitəsi ilə 05.01.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş, məhkəmənin 07.01.2022-ci il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır. Cavabdeh2 30.03.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti poçt vasitəsi ilə göndərildiyi üçün məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra elektron imza ilə imzalamaqla apellyasiya şikayəti elektron qaydada imzalanmış, buna görə də müddət üzrlü səbəbdən ötürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2656/2022 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2656/2021 saylı, 27.10.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2108/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilərək apellyasiya şikayətinin aidiyyəti üzrə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət verən şəxs ağır ürək əməliyyatı keçirməsi və xəstəxanda yatması səbəbindən bir dəfə də olsun məhkəmə iclaslarında iştirak etməmiş və vəkillə və ya nümayəndə ilə təmsil olunmamışdır. Materiallara əlavə olunmuş sənədlərdən və xəstəliklə bağlı epikriz və tibbi arayışdan görünür ki, əvvəllər açıq ürək əməliyyatı keçirmiş Cavabdeh2 24.09.2021-ci il tarixdə miokard infarkt və mədə toxikardiyası diaqnozu ilə ağır vəziyyətdə Mərkəzi Klinikaya daxil olmuş, həmin diaqnozlarla xəstəxanaya yatırılmış və ürəyinə İCD cihazın stimulyator implantasiya edilmişdir. Cavabdeh2 02.10.2021-ci il tarixdən xəstəxana şəraitində stasionar müalicə aldıqdan sonra müalicənin ambulator şəraitdə davam etdirilməsi üçün evə buraxılmışdır. 22.10.2021-ci il tarixdə təkrarən ağırlaşdırılan hallarla xəstəxanaya yatırılmış, 30.10.2021ci il tarixədək xəstəxana şəraitində müalicə olunaraq müalicəni ambulator şəraitdə davam etdirilməsi üçün evə buraxılmışdır. Hazırda ev şəraitində ambulator müalicəsini davam etdirir. Göstərilənlərdən aydın olur ki, şəxsin məhkəmədə iştirak etmiş, ədalətli məhkəmə müdafiəsi istifadə və hüquqların müdafiəsinə dair maddi hüquq normalar nəzərə alınmamışdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin hüquqları pozulmuş və bərpa edilməlidir. Qeyd olunanlardan görünür ki, Cavabdeh2 şikayət vermə müddətini üzrlü olaraq ötürmüşdür. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2656/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2656/2021 saylı, 27.10.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 28.10.2021-ci il tarixdə təqdim edilmiş, qətnamədən apellyasiya şikayəti isə elektron qaydada 30.03.2022-ci il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət onun tərəfindən ötürülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları göstərilməlidir. Üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Cavabdeh ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində apellyasiya şikayətinin vaxtında verildiyini, lakin elektron qaydada deyil, kağız daşıyıcıda verildiyini, sonradan həmin qüsurun aradan qaldıraraq yenidən apellyasiya şikayətinin verildiyini göstərmiş, heç bir üzrlü səbəb qeyd etməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 göstərdiyi apellyasiya şikayətinin verilməsi zamanı yol verilmiş qüsurun aradan qaldırılması nəticəsində prosessual müddətin ötürülməsi barədə dəlili vəsatətin təmin edilməsi üçün yetərli əsas hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmənin qərardadından verdiyi şikayətdə müddətin ötürülməsinin üzrlü səbəblərini qeyd etməsi birinci instansiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığını şübhə altına almağa və qəardadın ləğv olunmasına əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi ərizəyə baxarkən üzrlü səbəblər qeyd olunmamış, şikayətdə qeyd olunan əsaslar məhkəmənin diqqətinə çatdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2656/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13.04.2022-ci il tarixli, e-2-2(113)-2656/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar