Məhkəmə qərarları › İş №2-2(103)-568/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-568/2025

16.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-568/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı əmlakların ipotekadan azad edilməsi tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X2 (X6 və X7 hüquqi varislər) cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi üzrə (Açar sözlər: zaminlik müqaviləsi, pretenziya qaydası) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, LPO QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı LPO QSC “Bank Standard” KB-yə qarşı “əmlakların ipotekadan azad edilməsi tələbinə dair” işə və birləşdirilmiş iş üzrə X2 (hüquqi varislər qismində X6 və X7 olmaqla) LPO QSC “Bank Standard KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli qətnaməsindən LPO QSC “Bank Standard” KB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. QSC “Bank Standard” KB ilə X8 arasında bağlanmış 28 aprel 2008-ci il tarixli “birgə əməkdaşlıq haqqında” 001 saylı müqaviləyə əsasən, bank sahibkarın müştəriləri üçün kredit verir, sahibkar isə öz müştərilərinin bankdan almış olduğu kredit məbləğinin bu müqavilə ilə müəyyən edilmiş hissəsinə görə öhdəlik daşımağı öz üzərinə götürür.

2. Həmçinin müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, bank sahibkarın müştərilərinə kreditlər ayırmağı, sahibkar isə həmin kreditlərin ödənilməsinə 7 600 000 (yeddi milyon altı yüz min) manat həcmində təminat verməyi öhdələrinə götürmüşlər.

3. Qeyd olunan əməkdaşlıq müqaviləsi üzrə sahibkarın bank qarşısında öhdəliyini təmin etmək məqsədilə 28 aprel 2008-ci il tarixdə bank və İddiaçı arasında ipoteka müqaviləsi bağlanmış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində 0,12940 hektar torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisindəki ümumi sahəsi 82,4 m2 ümumi sahəsi 75,1 m2 və ümumi sahəsi 49,3 m2 olan qeyri-yaşayış sahələri bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. 12 sentyabr 2007-ci il tarixli ******* nömrəli, ******* nömrəli və ******* nömrəli çıxarışlara görə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82,4 m2, ümumi sahəsi 75,1 m2 və ümumi sahəsi 49,3 m2 olan qeyri-yaşayış sahələri İddiaçı məxsusdur.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4572/2017 saylı işi üzrə 10 avqust 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı QSC “Bank Standard” KB-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, QSC “Bank Standard” KB-nin cavabdehlər X4 və İddiaçı qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə ilkin, İddiaçı QSC “Bank Standard” Kommersiya Bankına qarşı birgə əməkdaşlıq haqqında müqavilənin təminat haqqında müddəalarına və ipotekaya xitam verilməsi, habelə X2 QSC “Bank Standard” Kommersiya Bankına qarşı birgə əməkdaşlıq haqqında müqaviləyə xitam verilməsi haqqında qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması qərara alınmışdır.

6. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...bank ilə S.Kamilov arasında bağlanmış 28 aprel 2008-ci il tarixli birgə əməkdaşlıq müqaviləsi məzmununa görə zaminlik müqaviləsi olmaqla müştərinin kredit öhdəliklərinə münasibətdə aksessor öhdəlik statusunda olmuşdur. Qeyd edilən müqavilənin şərtlərinə görə S.Kamilov onun müştərilərinə verilən kredit sonuncular tərəfindən qaytarılmadığı təqdirdə kreditin qaytarılmasını öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq S.Kamilovun müştəriləri tərəfindən hansı məbləğdə və hansı müddətdə kredit götürülməsi və qeyd edilən kredit məbləğlərinin borclular tərəfindən qaytarılmasına dair iş materiallarına sübutlar əlavə edilməmişdir. Eyni zamanda iş materiallarında 28 aprel 2008-ci il tarixli birgə əməkdaşlıq müqavilələri üzrə iddiaçıdan borc götürmüş şəxslərə qarşı pul tələbinə dair iddia qaldırmaq imkanının itirilməsinə dair hər hansı bir sübut yoxdur. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, iddiaçı 28 aprel 2008-ci il tarixli müqavilənin və MPM-in 4.3-cü maddəsinin tələblərinə zidd olaraq həmin müqavilə üzrə borc götürmüş şəxslərin götürdükləri borcu qaytarmaqdan imtina etdikləri barədə, eyni zamanda borcu qaytarmaqdan imtina etdikləri halda həmin şəxslərə qarşı iddia verilməsinə dair sübut təqdim etmədən borcun qaytarılmasına dair S.Kamilova qarşı iddia vermişdir. İş üzrə verilmiş qalan tələblər, o cümlədən qarşılıqlı iddia tələbləri də ilkin iddianın borc tələbinə dair hissəsi ilə bağlı olduğundan həmin hissələrdə də ərizələr baxılmamış saxlanılmalıdır.”.

Birinci instansiya məhkəməsində icraatlar və qəbul olunmuş məhkəmə aktlar

a) İş üzrə ilkin mülki məhkəmə icraatı

7. İddiaçı (iddiaçı) LPO QSC “Bank Standard” KB-ya (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisindəki ümumi sahəsi 82.4 kv.m olan qeyri-yaşayış sahəsi, ümumi sahəsi 75.1 kv.m olan qeyri-yaşayış sahəsi və 49.3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standart” KB ilə 28 aprel 2008-ci il tarixdə aralarında bağlanmış 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqaviləyə əsasən X8 öz müştərilərinin Bankdan almış olduqları kredit məbləğinə görə 7 600 000 (yeddi milyon altı yüz min) manat məbləğində pul vəsaitinin ödənilməsinə təminat vermişdir. Əməkdaşlıq müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə QSC “Bank Standart” KB ilə İddiaçı arasında 28 aprel 2008-ci il tarixdə 001 saylı İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 72 nömrəli binanın zirzəmisindəki üç qeyri-yaşayış sahəsi: 1) ümumi sahəsi 82.4 m2; 2) ümumi sahəsi 75,1 m2; 3) 49,3 m2 sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqaviləsinə xitam verilməsi ilə bağlı X8 tərəfindən 2015-ci il tarixdə banka bildiriş göndərilmişdir. Əməkdaşlıq müqaviləsi üzrə X2 bank qarşısında hər hansı müstəqil öhdəliyi mövcud deyildir. Həmin müqavilə artıq neçə ildir ki, öz qüvvəsini itirmişdir. Əməkdaşlıq müqaviləsinin xitamı nəticəsində İpoteka müqaviləsinə də avtomatik olaraq xitam verilmiş hesab edilməlidir, çünki ipoteka ümumiyyətlə müstəqil öhdəlik olmamaqla əlavə (aksessor) xarakter daşıyır. Lakin ipoteka müqaviləsinə bu günədək xitam verilməmiş və qeyri-yaşayış sahələri yüklü qalmışlar. Bank ilə İddiaçı arasında bağlanmış 28 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 72 nömrəli binanın zirzəmisindəki qeyri-yaşayış sahələrinin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun (Ləğv prosesində olan QSC "Bank Standard" KB-nın) 13 oktyabr 2022-ci il tarixli məktubu ilə ipoteka müqaviləsinə xitam verilməsi və ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi barədə iddiaçı tərəfin təklifi məqsədəuyğun hesab edilməmiş və bunu əsaslandırılmamışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və iflas proseduruna başladılmışdır. Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin ləğvedicisi təyin edilmişdir. 28 aprel 2008-ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında” müqaviləsi və 28 aprel 2008-ci il tarixli ipoteka müqaviləsi xitam verilmiş hesab edilməlidir. Belə ki, QSC “Bank Standart” KB ilə X8 arasında 28 aprel 2008-ci il tarixdə bağlanılmış “Birgə əməkdaşlıq haqqında” müqavilənin şərtlərinə uyğun olaraq sahibkar öz müştərilərinin Bankdan alınmış kreditlərinə görə 7 600 000 (yeddi milyon altı yüz min) manat həddində pul vəsaitinin ödənilməsinə təminat verir. Müqavilə tərəflər arasında həm ümumi əməkdaşlıq əsaslarını müəyyən edir (məsələn bank tərəfindən sahibkarın müştərilərinə kreditlərin verilməsi), həm də həmin müştərilərin Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulunu əhatə edir. Bank tərəfindən həmin müqavilə icra olunmamış və kreditləşmə həyata keçirilməmişdir. 28 aprel 2008-ci il tarixdə bağlanılmış 001 saylı ipoteka müqaviləsi zaminlik öhdəliyinin təmin edilməsi üçün bağlandığı halda da, Müqavilənin zaminliklə bağlı müddəalarının xitamı nəticəsində İpoteka Müqaviləsinə də avtomatik olaraq xitam verilir, çünki ipoteka ümumiyyətlə müstəqil öhdəlik olmamaqla əlavə (akesssor) xarakter daşıyır. Göstərilənlərə əsasən, 28 aprel 2008-ci il tarixli QSC “Bank Standart” KB ilə X8 arasında 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqaviləsi xitam edilmiş hesab edilməli, həmçinin QSC “Bank Standart” KB ilə İddiaçı arasında 28 aprel 2008-ci il tarixdə 001 saylı İpoteka müqaviləsinə xitam verilməli və ipotekaya dair dövlət qeydiyyatı ləğv edilməlidir.

9. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi təqdim edərək, onunla QSC “Bank Standard” KB arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında” müqavilənin xitam edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 aprel 2008-ci il tarixdə iddiaçı ilə QSC “Bank Standard” KB arasında 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçının müştərilərinin bankdan almış olduqları kredit məbləğinə görə 7 600 000 manat məbləğində pul vəsaitinin ödənilməsinə təminat verilmişdir. İddiaçı həmin müqaviləyə xitam verilməsi barədə bildirişi 2015-ci ildə banka göndərmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi üzrə iddiaçının bank qarşısında hər hansı öhdəliyi yoxdur və müqavilə artıq neçə ildir ki, öz qüvvəsini itirmişdir. Bununla bağlı 2015-ci ildə məhkəmə mübahisələri olmuş və bankın tələbləri təmin edilməmişdir. Müqavilədə zaminliyin verilmə müddəti göstərilməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqaviləyə mülki qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada xitam verilir. Müqavilənin zaminliklə bağlı müddəalarına artıq xitam verilmişdir, yəni iddiaçının bank qarşısında heç bir öhdəliyi yoxdur. Bununla bağlı bank tərəfindən iddiaçıya qarşı hər hansı iddia tələbləri irəli sürülməmişdir. Ona görə də iddiaçı ilə bank arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə xitam edilmiş hesab edilməlidir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbi İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi” tələbindən ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 m2, 75.1 m2 və 49.3 m2 olan qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X8 ilə QSC “Bank Standard” KB arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında” müqaviləyə xitam verilmiş hesab edilməsi qət edilmiş, iddia qalan hissədə (Əmanətlərin Sığortalanması Fonduna münasibətdə) təmin olunmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipotekadan azad edilməsi” və X2 X6 və X7 prosessual varislər, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinə dair birləşdirilmiş mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

b) Bakı Kommersiya Məhkəməsində icraat

16. Birinci instansiya məhkəməsinin 26 fevral 2025-ci il tarixli qətnaməsi ilə X2 (X6 və X7 hüquqi varislər) iddiasının qismən təmin edilməsi, X8 ilə QSC “Bank Standard” KB arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında müqavilə" ləğv edilmiş hesab olunması, həmin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı iddiası təmin olunması, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 hektar torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 m2, 75.1 m2 və 49.3 m2 olan qeyri-yaşayış sahələri ipotekadan azad edilməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin və birləşdirilmiş iş üzrə iddia qismən təmin olunmalıdır. - Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə iddiaçı ilə bank arasında bağlanmış və hazırda xitam edilmiş hesab edilməsi tələb edilən birgə əməkdaşlıq haqqında müqavilə zaminlik müqaviləsi kimi qiymətləndirilmiş, həmin müqavilənin müştərinin kredit öhdəliklərinə münasibətdə aksessor öhdəlik statusunda olması müəyyən edilmişdir. Belə ki, bu müqavilə bankın Kamilov Seyran qarşısında hər hansı öhdəliyi götürməməsi şərti ilə, Kamilov Seyranın isə məhz gələcəkdə müştərilərinin bank qarşısında yaranacaq öhdəliklərinin təmin edilməsi üçün bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin 3.2-ci bəndinə əsasən bankın müştərilərə verdiyi kredit onların arasında bağlanan kredit müqavilələri ilə tənzimlənir. Bu isə o deməkdir ki, əməkdaşlıq müqaviləsi məhz həmin kredit müqavilələrinə münasibətdə aksessor öhdəlikdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə görə, sözügedən kreditlər üzrə müştərilərə bankda ssuda hesabları açılır. Müqavilənin imzalandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının təsdiq etdiyi “Banklarda ssuda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 2.6-cı bəndinə görə, bankın müştərilərə verdiyi kreditlərin uçotu ssuda hesabında aparılmalıdır. Bu da onu təsdiq edir ki, kredit müqavilələri üzrə əsas öhdəliyi yaradan tərəf məhz müştərilər olmaqla, burada Kamilov Seyranın öhdəliyi aksessor xarakterlidir. Əməkdaşlıq müqaviləsinin 1.1-ci bəndində bankın Kamilov Seyranın müştərilərinə kredit verəcəyi nəzərdə tutulması bankla K.Seyran arasında kredit öhdəliyinin yaranması kimi qəbul edilə bilməz. Çünki burada öhdəliyin digər elementi – kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ ehtiva edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, əməkdaşlıq müqaviləsinin 2.1.1-ci bəndində bankın müştərilərə bankdaxili reqlamentlə müəyyən edilmiş hallarda və qaydada kredit verməsi, 3.3-cü bəndində isə K.Seyran ilə bank arasında kredit verilmiş şəxsin sahibkarın müştərisi olması ilə bağlı fikir ayrılığı yarandıqda bankın mövqeyinin əsas götürülməsi və düzgün hesab edilməsi qeyd edilmişdir. Göründüyü kimi, kreditin kimə, hansı hallarda və hansı qayda ilə verilməsi bankın mülahizəsinə əsaslanmış, K.Seyranın isə hər hansı müştərisinə kredit verilməsini tələb etmək hüququ əməkdaşlıq haqqında müqavilədə nəzərdə tutulmamışdır. - Beləliklə, iddiaçı ilə bank arasında bağlanmış müqavilənin gələcəkdə yaranması ehtimal edilən borc öhdəliyi üzrə zaminlik müqaviləsi olması işin mübahisəsiz halını təşkil edir. - İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehlər tərəfindən Kamilov Seyranın müştərilərinə kreditlər verilməsini sübut edən sənədlər (müqavilələr, kassa məxaric orderləri və s.) məhkəməyə təqdim edilməmiş (sənədlərin çoxluğu səbəbilə...), yəni cavabdeh tərəfin iddiaya etirazını əsaslandırdığı dəlillər məhkəmədə müvafiq qaydada sübuta yetirilməmişdir. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubu və ona əlavə edilmiş cədvəl isə həmin şəxslərin məhz Kamilov Seyranla bank arasında bağlanmış müqavilə üzrə bankdan kredit götürmələri, yaranmış borcu qaytarmamaları və s. kimi halların aydınlaşdırılması üçün zəruri məlumatları özündə əks etdirmir. Məhkəmə tərəfindən əldə edilmiş 2(103)-2519/2017 saylı mülki işin materiallarında olan müqavilələr də məhkəmə tərəfindən araşdırılmış və məhkəmə belə hesab etmişdir ki, həmin müqavilələr də Kamilov Seyranın bank qarşısında öhdəliyinin yaranmasını təsdiq edən sənədlər deyildir. Deməli, həmin iş üzrə cavabdeh tərəf 28 aprel 2008-ci il tarixli müqavilə üzrə Kamilov Seyranın bank qarşısında konkret öhdəliyinin yarandığını müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə olan halda işin hallarının araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, Kamilov Seyranın bank qarşısında heç bir öhdəliyi yaranmamışdır. - Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kamilov Seyranın mübahisələndirilən müqavilə üzrə bank qarşısında heç bir öhdəliyi yaranmadığından, iddia cavabdeh banka münasibətdə təmin edilməli, iddiaçı X8 ilə QSC “Bank Standard” KB arasında bağlanmış 28 aprel 2008ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında” müqaviləyə ləğv edilmiş hesab edilməlidir. - Lakin mübahisələndirilən müqavilənin tərəfi olmadığından məhkəmə hesab edir ki, iddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməməlidir. Çünki Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh hesab olunmur və buna görə də iddianın ona münasibətdə təmin edilməsi məqsədəmüvafiq deyildir. - Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağıdakıları qeyd edir. - Məhkəmə hesab edir ki, 28 aprel 2008-ci il tarixli “birgə əməkdaşlıq haqqında” müqavilə məhkəmə tərəfindən ləğv edilmiş hesab olunduğundan, həmin müqavilənin təminatı kimi olan ipotekaya da xitam verilməli, iddiaçıya məxsus əmlaklar ipotekadan azad edilməlidir.

18. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, “İpoteka haqqında” Qanunun 48.1-ci, 48.1.2-ci maddələrinə istinad etmişdir.

19. Qətnamədən LPO QSC “Bank Standard” KB nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və X2 (hüquqi varislər X6 və X7) iddiasının baxılmamış saxlanılmasını, İddiaçı iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, məhkəmənin zaminliklə bağlı maddi hüquq normalarını pozmasını, həmçinin preyudisia və iddianın baxılmamış saxlanılması ilə bağlı normalarını pozduğunu bildirmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, izahat

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

22. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

23. Digər cavabdeh işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

30. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

45. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması səbəbindən qətnamənin ləğv edilməli olduğu barədə apellyatorun dəlilini də kollegiya əsassız hesab edir; belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həmin əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilər.

46. Tərəflər arasında yaranan mübahisə üzrə artıq uzun müddətdir məhkəmə prosesinin davam etdiyini nəzərə alan kollegiyanın qənaətinə görə, sözügedən qaydaya əməl olunmamasına görə, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, həddindən artıq formal yanaşma olardı.

47. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:

48. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Bu mənada kollegiyanın qənaətinə görə, əməkdaşlıq müqaviləsi üzrə sahibkar (S. Kamilov) bankdan heç nə əldə etməmiş və onun bank qarşısında hər hansı müstəqil öhdəliyi mövcud olmamışdır. Başqa sözlə, bankla X8 arasında bağlanmış “Birgə əməkdaşlıq haqqında müqavilə” əslində zaminlik müqaviləsidir; bu müqavilədə bankın sahibkar qarşısında hər hansı öhdəliyi təsbit edilmədiyi halda, sahibkarın bank qarşısındakı öhdəliyi həm forma, həm də məzmun baxımdan tam olaraq zaminliyin hüquqi konstruksiyasına uyğun olmuşdur. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, “zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin (borclunun) kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər”. Bankın istinad etdiyi əməkdaşlıq müqaviləsi də məhz gələcəkdə yaranacaq öhdəliklərin təmin edilməsi üçün bağlanmış, bu müqavilə üzrə sahibkar zamin, bank kreditor, müştərilər isə borclular qismində çıxış etmişlər. Çünkü əməkdaşlıq müqaviləsinin 1.1-1.2-ci bəndlərinə əsasən bank kreditləri müştərilərə verir, sahibkar isə həmin kreditlərin ödənilməsinə təminat verir. Əməkdaşlıq müqaviləsinin 3.2-ci bəndinə əsasən bankın müştərilərə verdiyi kredit onların arasında bağlanılan kredit müqavilələri ilə tənzimlənir. Bu isə o deməkdir ki, əməkdaşlıq müqaviləsi zaminlik olaraq məhz həmin kredit müqavilələrinə (əsas öhdəliyə) münasibətdə aksessor öhdəlikdir. Əməkdaşlıq müqaviləsinin 2.1.2-ci bəndinə görə, sözügedən kreditlər üzrə müştərilərə bankda ssuda hesabı açılır; Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə, bankın müştərilərə verdiyi kreditlərin uçotu ssuda hesabında aparılmalıdır. Bu da onu təsdiq edir ki, əsas öhdəliyi yaradan kredit müqavilələri üzrə tərəf məhz müştərilər olmaqla sahibkarın (S.Kamilovun) öhdəliyi aksessor xarakterlidir. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.

50. Kollegiya onu da qeyd edir ki, əməkdaşlıq müqaviləsinin 1.1-ci bəndində bankın sahibkarın müştərilərinə kredit verəcəyi nəzərdə tutulmuş olsa da bu, bankla sahibkar arasında kredit öhdəliyinin yaranması kimi qəbul edilə bilməz. Çünki burada öhdəliyin digər elementi - kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ – ehtiva edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, əməkdaşlıq müqaviləsinin 2.1.1-ci bəndinə əsasən bank müştərilərə bankdaxili reqlamentlə müəyyən edilmiş hallarda və qaydada kredit verir; bu müqavilənin 3.3-cü bəndinə görə isə, sahibkar ilə bank arasında kredit verilmiş şəxsin sahibkarın müştərisi olması ilə bağlı fikir ayrılığı yarandıqda, bankın mövqeyi əsas götürülür və düzgün hesab edilir.

51. Göründüyü kimi, kreditin kimə, hansı hallarda və hansı qayda ilə verilməsi bütövlükdə bankın mülahizəsinə əsaslanmış, sahibkarın isə hər hansı müştərisinə kredit verilməsini tələb etmək hüququ əməkdaşlıq haqqında müqavilədə nəzərdə tutulmamışdır. Başqa sözlə, əməkdaşlıq müqaviləsində bankın müştərilərə kredit verməsi haqda müddəalar Mülki Məcəllənin 402.6-cı maddəsinə uyğun olaraq niyyət razılaşması xarakterli olmuşdur.

52. Bu mənada kollegiya, cavabdeh bank ilk növbədə əsas öhdəliyin, yəni müştərilərlə bank arasında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəliklərin müştərilər tərəfindən icra edilib-edilmədiyi aydınlaşdırılmalıdır; çünkü Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, zamin və borclu kreditor qarşısında o halda birgə məsuliyyət (əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa) daşıyırlar ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməsin və ya lazımınca icra etməsin. İş materiallarından görünür ki, iddiaçı bank bunu müəyyən etməyə imkan verən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

53. Bunun davamı olaraq kollegiya onu da qeyd edir ki, 28 aprel 2008-ci il tarixli “birgə əməkdaşlıq haqqında” müqaviləsi məhkəmə tərəfindən ləğv edilmiş hesab olunduğundan, həmin müqavilənin təminatı kimi olan ipotekaya da xitam verilməli, iddiaçıya məxsus əmlaklar ipotekadan azad edilməlidir.

54. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh LPO QSC “Bank Standart” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2-2(113)-1204/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar