Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-569/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-596/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə və Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı ******* (beş milyon) manat divident ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən binada mənzillərin və qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması, həmin əmlaklar üzərində hər-hansı özgəninkiləşdirmə, alqı-satqı, ilkin, təminat qeydi, payçı, lizinq, icarə, bağışlama, ipoteka və sərəncam verilməsi ilə bağlı bütün digər əqdlərin bağlanması, qeydiyyatının Cavabdeh MMC-yə, Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli e-2-2(113)-596/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasında 3-cü şəxslərə satılmamış və Cavabdeh MMC-yə məxsus olan yaşayış və qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni ******* (beş milyon) manat məbləğində dividentin cavabdeh tərəfindən ödənilməsindən ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü və ya vaxtında ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş yaşayış və qeyri-yaşayış sahələrinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Bununla yanaşı kollegiya hesab edir ki, digər hissələrdə ərizə təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması ilə ərizədə göstərilən digər iddianın təmin tədbirləri (əmlaklar üzərində hərhansı özgəninkiləşdirmə, alqı-satqı, ilkin, təminat qeydi, payçı, lizinq, icarə, bağışlama, ipoteka və sərəncam verilməsi ilə bağlı bütün digər əqdlərin bağlanması, qeydiyyatının Cavabdeh MMC-yə, Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər şəxslərə qadağan edilməsi) əhatə olunur. Ona görə də, həmin hissələrdə ərizənin təmin edilməsinə zərurət yoxdur. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə qismən təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-596/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasında üçüncü şəxslərə satılmamış və Cavabdeh MMC-yə məxsus olan yaşayış və qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulsun. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-569/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-569/2021
24.05.2021 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver