Məhkəmə qərarları › İş №2-2(103)-570/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-570/2021

19.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-570/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1844/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin dövlət büdcəsinə olan 13449,67 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1844/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1844/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Maddənin tələbindən göründüyü kimi, elektron üsulla göndərilən sənədlər 3 iş günü keçdikdən sonra vergi ödəyicisinə çatdırılmış hesab olunur. Həmçinin vergi ödəyicisi ilə vergi orqanı arasında bağlanmış və iş materiallarına əlavə edilmiş 13 may 2019-cu il tarixli “Elektron sənəd mübadiləsi haqqında” Müqavilənin 4.1.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. İş materiallarına pretenziya sənədi kimi əlavə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan göründüyü kimi, 04.03.2021-ci il tarixli **********837100 nömrəli iddia ərizəsi 05.03.2021-ci il tarixdə elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmişdir. Sözügedən iddia ərizəsi məhkəməyə 11.03.2021-ci il tarixdə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1844/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması 19.05.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1844/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılma əsası kimi MPM-nin 150.0.4-cü, 152.1.4-cü maddələrə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, iddia ərizəsinə ərizənin məhkəməyə, 05.03.2021-ci il tarixdə isə vergi ödəyicisinə elektron qaydada göndərilməsi barədə sübut iş materiallarına əlavə edilmişdir. Həmin tarixdə göndərilən sənədin məhkəmə tərəfindən pretenziya məktubu kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat adlı sənəddən görünür ki, cavabdehə və Bakı Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş sənədin qeydiyyat nömrəsi və tarixi eyni olmuşdur. Məhkəməyə 12.03.2021-ci il tarixdə daxil olmuş sənəd isə pretenziya məktubu deyil, iddia ərizəsi olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, iş üzrə tələb olunan borcla bağlı xəbərdarlıq məktubu cavabdehə 10.07.2019-cu il tarixdə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması üçün istinad etdiyi əsas düzgün olmadığından mübahisələndirilən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1844/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1844/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar