Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-573/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılzadə Fərid Sabir oğlunun katibliyi, Cavabdeh açıq səhmdar cəmiyyətinin vəkili Vəkil iştirakı ilə İddiaçı əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1459/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.774.499,08 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 22.664.000 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın e-2-2(103)-250/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, şikayət iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən elektron qaydada apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilməsi üçün onun “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət cavabdehə münasibətdə buraxılmamış hesab edilmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın e-2-2(103)-480/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iş baxışdan çıxarılmış, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi ilə əlaqədar iş materialları həmin məhkəməyə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın e-2-2(103)-573/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(81)-1459/2019 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçının şikayəti təmin edilməmiş, apellyasiya mümkün hesab edilməmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehin vergi borcunun miqdarı düzgün hesablanmayıb. Vergi borcunun hesablanması üçün olmuş xx.xx.2019-cu il tarixli **********154913 nömrəli Səyyar vergi yoxlaması aktı qanunsuz və əsassızdır. Həmin aktın nəticəsi olaraq iddiaçı tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu tarixli **********181577 nömrəli qərarının ləğv edilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır və bu iş hal-hazırda icraatdadır. Belə ki, bu səyyar vergi yoxlaması aktı cavabdehə (VÖEN **********) məxsus Bakı şəhəri Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən əmlakın və ərazinin qiymətləndirilməsi barədə “Azərekspertiza” birliyi tərəfindən verilən xx.xx.2019-cu il tarixli əsassız rəyə əsasən tərtib edilib. Çünki, Bakı şəhəri Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən 052873,1 kv.m. torpaq sahəsi Dövlət X4 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş Mülkiyyət hüququ haqqında şəhadətnaməyə (003092 qeydiyyat nömrəli) əsasən X2 xüsusi mülkiyyətindədir. Bundan başqa, xx.xx.2006-cı il tarixdə X1 Bürosu tərəfindən verilmiş Texniki Pasportdan da görünür ki, cavabdehin istifadəsində yalnız 2418.1 kv.m. sahə mövcuddur (1511.9 kv.m. əsas və 906.2 köməkçi sahə). Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən, ümumi sahəsi 2418,1 kv.m. olan üçmərtəbəli inzibati binanın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, Vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli **********9 nömrəli bildirişdən müəyyən edilir ki, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 1.774.499,08 manat borcunun olması bildirilərək, göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçının Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli **********2 nömrəli qərarı ilə cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli **********2 nömrəli protokola görə, Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli **********2 nömrəli qərara əsasən iddiaçının dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 22.664.000 manat dəyərində əmlakı - Bakı şəhəri Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən inzibati bina siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2019-cu il tarixli aktla cavabdehə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehin nümayəndəsi Mövtəlimova Sücayət Əbülfəz qızına təhvil verilmişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xx.xx.2019-cu il tarixli **********669800 nömrəli xəbərdarlığa əasasən, cavabdeh əmlakının siyahıya alındığı vaxtdan 30 gün müdətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddiaçının **********3 nömrəli sərəncamı ilə cavabdehin bankdakı hesabına 1.723.912,61 manat məbləğdə alınmalı sərəncam qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.8-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, 23.1.15-1-ci maddəsinə əsasən isə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur; 65.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onun dəlillərini əsassız sayır. İlk olaraq, cavabdehin vergi borcunun miqdarının düzgün hesablanmaması hazırkı məhkəmə araşdırmasının predmetinə daxil deyil. Bundan sonra, vergi borcunun hesablandığı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu tarixli **********181577 nömrəli qərarının ləğv edilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsində iddia qaldırılması hazırkı borcun iddiaçı tərəfindən tələb edilməsinə hüquqi maneə təşkil etmir. Belə ki, Vergi Məcəlləsinin 63-cü maddəsinə görə, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır (63.2). Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, bu Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında müəyyən edilən hallar istisna olunmaqla, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır (63.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiya Məhkəməsi həmin Qərarında, həmçinin, qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Beləliklə də, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş vergiləri tam həcmdə və vaxtında ödəmək vəzifəsini yerinə yetirməyən cavabdehin vergi borcunun onun əmlakına yönəldilməsi tələbinə dair iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-384.0.1). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1459/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-573/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-573/2020
30.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver