Məhkəmə qərarları › İş №2-2(103)-573/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-573/2021

20.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-573/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1369/2021 saylı 11.03.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18/11/2020 tarixə qeyd olunan borc məbləǧindən dövlət büdcəsinə ödənilməmiş 1244.27 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774.13 və İşsizlikdən sıǧorta fonduna ödənilməmiş 386.5 manat məbləǧində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6828.3 manat məbləǧində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması zamanı cavabdehin nümayəndəsi aidiyyətin dəyişdirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə aidiyyəti üzrə işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İPM-in 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinəəsasən “... mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.” 3.1-ci bəndinə əsasən “..xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir; 4-cü bəndinə əsasən “İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bakı Kommersiya Məhkəməsiinin 16.04.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, subyektiv tərkibinə görə tərəflərdən biri (iddiaçı) vergi orqanı, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsi olmaqla, mübahisə sonuncunun sahibkarlıq fəaliyyəti nəticəsində vergi öhdəliklərindən irəli gələn vəzifələrinin icrası ilə bağlıdır. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatının məlumatları dövlət reyestrinə daxil edilir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 14.1.8-ci maddəsinə əsasən isə dövlət reyestrində aparılan yazıda hüquq şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu yer haqqında məlumat əks etdirilir. İş materiallarına əlavə olunmuş kommersiya qürumlarının dövlət reyestri çıxarışından görünür ki, cavabdehin rəsmi qeydiyyata alındığı hüquqi ünvanı –Bakı şəhəridir. Belə olan halda, prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından mübahisəyə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsi isə nəzərdə tutur ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin şikayətinin işin kommersiya məhkəməsinə deyil, inzibati məhkəməyə aid olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1369/2021 saylı 11.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində ərazi aidiyyti barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 402, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1369/2021 saylı 11.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar