Məhkəmə qərarları › İş №2-2(103)-574/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-574/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-574/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkil X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-539/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 542 nömrəli müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanındakı əmlak kompleksinin yerləşdiyi 27477,1 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz.

4. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 32400 manat; aylıq icarə haqqı 2700 manat.

5. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir.

6. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42450 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********), Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən dövlət mülkiyyətində olan 27477,1 m2 torpaq sahəsi "xxxx" ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur.

9. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli, 542 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 50550 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixindək 9 ay üzrə 30540 manat icarə haqqı ödənilmişdir. İcarə müqaviləsinin qüvvədə olduğu 2 il üzrə ödənilməli olan icarə haqqının cəmi məbləği 64800 manat təşkil edir, həmin məbləğdən də ödənilmiş 30540 manat məbləğ çıxıldıqda ödənilməmiş icarə haqqının məbləği 34260 manat təşkil edir. Lakin iddiaçı hazırkı iddia ilə "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixdən sonrakı dövrlər üzrə də icarə haqqı məbləğinin ödənilməsini tələb edir ki, bu da qanunsuzdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 3665 kvadratmetrlik əmlak kompleksi Cavabdeh ASC-nin mülkiyyətindədir. Qeyd edilən əmlak kompleksi sözügedən 27477,1 m2 torpaq sahəsinin hüdudları daxilində yerləşir. Müəssisə tərəfindən İcarə haqqında Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin predmeti olan torpaq sahəsinin müqaviləyə xitam verilərək özəlləşdirilməsi üçün xx.xx.2023-cü il tarixində Cavabdeh ASC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məktub ünvanlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavab məktubunda qeyd edilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərinin ******* manat təşkil etməsini bildirməklə, faktiki olaraq özəlləşdirmədən imtina etmişdir. Belə ki, iddiaçı tərəfindən faktiki olaraq üzərinə düşən vəzifə icra edilmədən, əsassız olaraq qeyd olunan torpaq sahəsinin özəlləşdirilmə dəyərinin ******* manat olması, yəni 1 sotunun 8000 manat olması qənaətinə gəlinərək, torpağın bazar dəyəri ilə uzlaşmayan qiymət təklif edilmişdir. Cavabdeh tərəfindən özəlləşdirmə barədə müəssisəyə ünvanlanmış təklif Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə dövlət əmlakının dəyəri özəlləşdirilmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə məcburi qiymətləndirmə aparılmalıdır. Bu halda qanunun 6-ci maddəsinə əsasən qiymətəndirici təşkilatla müqavilə bağlanılmalıdır. Qiymətləndirci təşkilat tərəfindən qiymətləndirmə obyektinə dair hesabat tərtib edilməlidir. Məktubda bazar dəyərinə istinad edilməklə qiymət müəyyən edildiyi bildirilmişdir. Mövcud mübahisə predmeti olan torpaq sahəsi Qaradağ rayonu ərazisində Qaradağ rayonu, Salyan şossesi, 29-cu km ünvanında əsas magistral yoldan sağ istiqamətində daş karxanalarına gedən yolun üzərində olmaqla, təxminən 3-4 km məsafədə yerləşir. Həmin torpaq sahəsinin asfalt yolu, qaz və su xətti mövcud deyildir, işıq xətti isə sənaye təyinatlı deyildir. Ətraf ərazidə mülkiyyət sənədi olmayaq torpaq sahəsinin 1 sotu 1000-1200 manat ətrafinda satılır. İcarə predmeti olan 27477,1 m2 torpaq sahəsinin cəmi 3665 kvadratmetrlik hissəsində (36.6 sot) müəssisəyə məxsus əmlak kompleksi yerləşir. Qalan 23812,1 m2 sahə (238.1 sot) hissə boş torpaq sahəsindən ibarətdir və müəssisə tərəfindən istifadə olunmur. Müəyyən edilmiş məbləğin çox yüksək olması səbəbindən Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən 27477,1 m2 torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Hazırda həmin iddia üzrə məhkəmə araşdırması davam edir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-539/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işin mahiyyəti üzrə təyin olunmuş xx.xx.2024-cü il tarixli məhkəmə prosesində müəssisənin vəkili və səlahiyyətli nümayəndəsinin səhhətində yaranmış problem ilə bağlı olaraq iştirak edə biləməyəcəyi barədə məhkəməyə elektron kabinet vasitəsi ilə rəsmi ərizə təqdim edilməsinə baxmayaraq, məhkəmə ərizəni nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qətanamə qəbul etmişdir. Bununla da, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələbləri pozularaq cavabdehin iştirakı olmadan məhkəmə aktı qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkil X5 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir.

17. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Həmin Məcəllənin 706.4-cü mddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.

24. Bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

25. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

26. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə obyektinin cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır.

27. İşin mübahisəli halı isə icarə haqlarının ödənilməsi ilə bağlıdır və qeyd olunduğu kimi bu halı sübutetmək vəzifəsi cavabdehə aiddir.

28. Cavabdehə məxsus şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, iddiaçı tərəfindən tələb olunan müddət üzrə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixdək ödənilməli olan cəmi icarə haqqının məbləği 81090 manat, cavabdeh tərəfindən ödənilən cəmi məbləği isə 30540 manat təşkil edir.

29. Beləliklə, müəyyən edilir ki, ödənilməli olan cəmi icarə haqqı 50550 manat təşkil edir (81090 – 30540 = 50550).

30. Eyni zamanda cavabdeh icarə münasibətlərinin hansı tarixə qədər davam etməsini mübahisələndirir.

31. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər.

32. Müqavilə şərtlərindən göründüyü kimi, müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə müqaviləyə xitam verib-verməmək iddiaçının vəzifəsi kimi yox, hüququ kimi təsbit edilmişdir.

33. İddiaçı tərəfindən müqaviləyə xitam verilməmiş, cavabdeh də torpaq sahəsindən faktiki istifadə etməyi davam etmiş və hazırda da istifadə edir.

34. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.

35. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqı üzrə ödənilməyən 50550 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Odur ki, cavabdehin nümayəndəsi səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə düzgün olaraq Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı tərəflər arasında yaranmış mübahisə isə hazırki mübahisənin predmetinə aid deyil. Yuxarıda qeyd edildiyi kimi iddiaçı icarə müqaviləsinin 4.2-ci bəndində müəyyən edilən hüququndan istifadə etməmiş və müqaviləyə xitam verməmiş, cavabdeh də hazıra kimi torpaq sahəsindən faktiki istifadə edir. Belə olan halda isə cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə yaransa da, hazıra kimi tərəflər arasında icarə münasibətləri davam edir.

37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-539/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar