Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-574/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-54/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 60 (altmış) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir.
2. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən kreditdən istifadəyə görə borcalan banka illik 7% olmaqla faiz ödəməlidir. Borcalan kredit qalığı tam ödənilənədək qalmış borca görə illik 28% olmaqla faiz ödəməlidir. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,2% miqdarından borc verənə dəbbə pulu ödəməlidir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər İsgəndərov Şahin İbrahim oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 188636,94 (bir yüz səksən səkkiz min altı yüz otuz altı manat doxsan dörd qəpik) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 55263,23 (əlli beş min iki yüz altmış üç manat iyirmi üç qəpik) manat faiz borcu, 17129,55 (on yeddi min yüz iyirmi doqquz manat əlli beş qəpik) manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 16925,2 manat (on altı min doqquz yüz iyirmi beş manat iyirmi qəpik) olmaqla, ümumilikdə 277954,92 (iki yüz yetmiş yeddi min doqquz yüz əlli dörd manat doxsan iki qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 168,36 manat dövlət rüsumu və 400 manat mediasiya xərclərinin Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134,6 kv.m olan bağ evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldildikdən və satıldıqdan sonra həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. . İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC (Bank) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədi ilə illik 7% olmaqla, 60 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134,6 kv.m olan bağ evi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixində Seriya RX №0120598 saylı, reyestr nömrəsi **********00-11301 qeydiyyat nömrəsi **********) xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə LPO İddiaçı ASC-yə ümumilikdə 277954,92 (iki yüz yetmiş yeddi min doqquz yüz əlli dörd manat doxsan iki qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş göndərilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmiş və qeydə alınmışdır.
5. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh İsgəndərov Şahin İbrahim oğlunun kredit və ipoteka müqavilələri üzrə öhdəliyi olmadığı üçün onun adının cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş və vəsatət təmin edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-54/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 178135,30 manat (yüz yetmiş səkkiz min yüz otuz beş manat otuz qəpik) əsas borc, 55263,23 manat (əlli beş min iki yüz altmış üç manat iyirmi üç qəpik) faiz borcu, 9000 (doqquz min) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15982,69 manat (on beş min doqquz yüz səksən iki manat altmış doqquz) olmaqla, cəmi 258381,22 manat (iki yüz əlli səkkiz min üç yüz səksən bir manat iyirmi iki qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu, ödənilmiş mediasiya və dövlət rüsumunun əvəzi olaraq 527,96 manat (beş yüz iyirmi yeddi manat doxsan altı qəpik) olmaqla, ümumilikdə 258954,18 manat (iki yüz əlli səkkiz min doqquz yüz əlli dörd manat on səkkiz qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.6 kv.m olan bağ evinin ilkin satış qiymətinin 310000 (üç yüz on min) manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldildikdən və satıldıqdan sonra həmin əmlak boşaldılması və yeni mülkiyyətçiyə təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 46,50 hissəsi Cavabdeh2, 3,50 manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 278,90 manat hissəsi Cavabdeh2, 21,10 manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə, qanunvericilik normalarını, müqavilə şərtlərini, ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu hissəsində qismən və faiz borcunun tutulması hissəsində isə tam təmin edilməli, cavabdehlər Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 178135,30 manat (yüz yetmiş səkkiz min yüz otuz beş manat otuz qəpik) əsas borc, 55263,23 manat (əlli beş min iki yüz altmış üç manat iyirmi üç qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyinə əsasən əsas borcun məbləği 178135,3 manat təşkil edir. Cərimə ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsinin 10.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,2% miqdarından borc verənə dəbbə pulu ödəməlidir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2 tutulacaq cərimə məbləği azaldılaraq 9000 (doqquz min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16925,2 (on altı min doqquz yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə qanunvericilik normalarını əsas götürərək hesab etmişdir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi üzrə 15982,69 manat (on beş min doqquz yüz səksən iki manat altmış doqquz) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2397 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarix) müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış məbləğin 15982,69 manat təşkil etdiyi qeyd edilmişdir.
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-54/2025 nömrəli qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissələrdə də təmin edilməməsi barədə qətnamə xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, dəbbə pulunun əsas təyinatı kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edilməsidir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən dəbbə pulu hissəsində müəyyən edilən cəriməni tam olaraq ləğv etmək imkanı olduğu halda qismən ləğv etmişdir. İşin hallarından göründüyü kimi Cavabdeh2 tərəfindən maliyyə imkanlarının olmaması səbəbindən öhdəliyini yerinə yetirməmişdir, bunun təminatı olaraq isə əmlak ipoteka ilə yüklü edilmişdir. İddiaçı isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək hüquqdan sui istifadə edərək nəticədə cavabdehin əlavə faiz və cərimələrlə borclanmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizənin təmin edilməməsi əsaslandırılmamışdır. Təkrar ekspertiza keçirilməsinə dair vəsatət əsaslandırılmamışdır. İddia müddətinin ötürülüb ötürülməməsi araşdırılmamışdır. İş materiallarından da müəyyən olunur ki, müqavilə üzrə tələb hüququ itirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçı tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
11. Etiraz belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Eyni Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh apellyasiya şikayətinin dəlillilərində Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmadığından məhkəmə tərəfindən dəbbə pulu hissəsində müəyyən edilən cəriməni tam olaraq ləğv etmək imkanı olduğu halda qismən ləğv etmədiyini qeyd etmişdir. Əvvəla onu qeyd etmək lazımdır ki, cavabdehin apellyasiya şikayətindəki mövqeyi əsaslı və aydın deyildir. Cavabdeh qanunvericilikdə dəbbə pulunun məbləğini müəyyən edən müddəaların olmadığını bildirsə də, Mülki Məcəllənin 462.1-ci maddəsinin göstərişlərini nəzərə almadan belə bir nəticəyə gəlmişdir. Belə ki, həmin maddə dispozitiv mahiyyət daşıyaraq dəbbə pulunun məbləğinin müqavilə ilə də müəyyənləşdiriləcəyi qeyd edilir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, borclunun öz üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi təqdirdə, ödənilməmiş kredit məbləğinin hər gecikdirilən gün üçün ümumi məbləğin 0.2% məbləğində dəbbə pulu nəzərdə tutulmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi öz mülahizəsinə əsasən dəbbə pulunu mütənasibsiz hesab edərək 17129,55 manat məbləğdən 9000 manat məbləğinə azaltmışdır. Cavabdehin dəbbə pulunun (cərimənin) tam ləğv edilməsinə dair apellyasiya şikayəti məhz yuxarıda qeyd edilən səbələrə görə əsassızdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etirazı müdafiə edərək, etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, apellyator apellyasiya şikayətində iddia tələbinin təmin olunan hissədə ləğv olunmasını xahiş etsədə, şikayətin dəlilərinə əsasən yalnız dəbbə pulunun məbləğinin mübahisələndirildiyi müəyyən olunur.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.
26. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 60 (altmış) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan –Cavabdeh3, borc alan – Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kv.m olan bağ evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2397 saylı ekspert rəyindən müəyyən olunur ki, banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri; hesabdan çıxarış məlumatları; xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin sonuna 178135,3 manat əsas borc, 62529,51 manat faiz borcu olmaqla, ümumilikdə 240664,81 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarix) 178135,3 manat əsas borc, 62529,51 manat faiz borcu, illik 5%-lə hesablanmış 15982,69 manat faiz borcu olmaqla, ümumilikdə 256647,5 manat təşkil edir.
28. Appelyatorun dəbbə ilə bağlı dəlilinə münasibətdə isə kollegiya vurğulayır ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
29. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
30. Göründüyü kimi, birinci instasniya məhkəməsi tərəfindən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınaraq Cavabdeh2 tutulacaq cərimə məbləği azaldılaraq 9000 (doqquz min) manat məbləğində müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmək istəyir ki, xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi xx.xx.2020-ci il tarixədək qüvvədədir. AR MM-nin 372.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunduğundan kredit müqaviləsi üzrə iddia müddət xx.xx.2023-cü il tarixdə bitir. İş materiallarına əsasən, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia müddəti çərçivəsində yəni, xx.xx.2023-cü il tarixdə ( iddia müddətinin bitməsinə 3 gün qalmış) hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
32. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
33. Kollegiya təkrar ekspertiza keçirilməməsinin əsaslandırılmaması dəlilini əsassız hesab edərək qeyd edir ki, apellyasiya icraatı zamanı təkrar ekspertiza keçirilməsinə dair vəsatət verilməmiş, həmçinin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcu deyil yalnız dəbbə pulunun məbləği mübahisələndirilmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-54/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.