Məhkəmə qərarları › İş №2-2(103)-575/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-575/2020

27.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-575/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1951/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “X6” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X6” MMC cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” ASC-nin müflis elan olunduğu ana müvafiq AZ78AMRA******************** saylı Avro hesabında olan 1563,45 Avro, AZ06AMRA******************** saylı AZN hesabında olan 6191,15 AZN, AZ98AMRA******************** saylı ABŞ dolları hesabında olan 23553,36 ABŞ dolları məbləğində pul vəsaitlərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)- 1951/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı “X6” MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 şikayətə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla X3 “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə isə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin iddia icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsində təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Hazırki işdə də iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı artıq xx xxx 2020-ci il tarixdə “xxxxxxxxx” ASC-nin ləğvedicisi təyin edilmiş X2 müraciət edərək kreditor kimi qeydə alınmışdır. Şikayətdə iddia tələbinin həmçinin X1rşı irəli sürülməsi ilə bağlı dəlillərə istinad olunmasına dair kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh X3 deyil, ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X6” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1951/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar