Məhkəmə qərarları › İş №2-2(103)-575/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-575/2021

24.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-575/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi (qanuni təmsilçi) X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2030/2020 saylı, 09.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə avadanlıqların alqısatqısından yaranmış 248,671.92 manat, 19.11.2014-cü il tarixdən 05.02.2016-cı il tarixədək olan dövr ərzində təmir işlərinə dair aktlar üzrə yaranmış 195,059.06 manat, cəmi 444,059.06 manat ödənilməmiş əsas borcların, bu borclara pretenziya verilən tarixədək hesablanmış cəmi 31,664.33 manat dəbbə pulunun, 12,854.22 manat uçot dərəcəsinə hesablanmış faizlər, cəmi 488249,53 manat və əsas borcun ödənilməməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq hesablanmış 61,058 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli e-2-2(113)-2030/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 25 yanvar 2021-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2-2(103)-341/2021 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamış və şikayəti və ona əlavə sənədlər geri qaytarılmışdır. 18 mart 2021-ci il tarixdə İddiaçı MMC-nin direktoru X3 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmənin 27 noyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti təqdim etmiş və apelyasiya şikayətinə həmin şikayətin verilməsi müddətinin bərpa olunması barədə ərizə əlavə edərək ötürülmüş müddətin bərpa edilməsini və şikayətin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kommersiya işi üzrə məhkəmə prosesində verilmiş etibarnamə əsasında nümayəndə-vəkil iştirak etmişdir. Məhkəmə tərəfindən qətnamə onlara ümumiyyətlə çatdırılmamış, yalnız nümayəndə tərəfindən alınmış və onun tərəfindən iş üzrə apelyasiya şikayəti verilmişdir. Lakin zaman keçdikdən sonra məlum olmuşdur ki, apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi barədə iddiaçı 05 mart 2021-ci il tarixdə məlumat olmuş və həmin gündə nümayəndə vasitəsilə ona Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi təqdim edilmişdir. Eyni zamanda bildirir ki, 2020-ci ilin noyabr-dekabr aylarında Respublikada sərt karantin rejimi davam etmiş, sərt karantin rejiminə riayət etdiyi üçün işlərin aparılması nümayəndəyə həvalə edilmişdir. Nümayəndə məhkəmə qətnaməsini alsa da, ailə üzvləri COVİD-19 virusuna yoluxduğundan, bir müddət izolyasiya olunduğu üçün onlara təqdim etməmiş və qeyd etdiyi kimi, iddiaçıya ümumiyyətlə məhkəmə tərəfindən qətnamə təqdim edilməmişdir. Ona görə də məhkəmə qətnaməsini yalnız nümayəndə vasitəsilə 05 mart 2021-ci il tarixdə ala bilmişdir. Bundan sonra apelyasiya şikayəti hazırlanaraq qanunla müəyyən olunmuş müddətə məhkəməyə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2030/2020 saylı, 09.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli e-2-2(113)-2030/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə proseslərində verilmiş etibarnamə əsasında nümayəndə iştirak etmişdir. İş üzrə tərəf olsalar da, onlara heç bir məhkəmə bildirişi təqdim olunmamışdır. Ərizədə qeyd olunduğu kimi nümayəndənin ailə üzvləri COVİD-19 xəstəliyinə yoluxduqlarından, o özü bir müddət izolyasiya olunmuşdur. Buna görə də bir müddət qətnamənin surətini nümayəndədən ala bilməmişlər. Qətnamənin surətini yalnız 05 mart 2021-ci l tarixdə nümayəndə vasitəsilə əldə edə bilmişdir və bundan sonra tərəflərindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə onun ərizədə gətirdiyi əsasların heç birini qəbul etməmişdir. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, ərizəyə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmənin qeyd etdiyi bu hal həqiqətə uyğun deyil. Məhkəmə iclasının vaxtı barədə ümumiyyətlə ona məlumat verilməmiş və bununla bağlı məhkəmə bildirişi iddiaçıya təqdim olunmamışdır. Bundan başqa məhkəmə qərardadında qeyd etmişdir ki, nümayəndə və vəkil tərəfindən müddət ötürüldükdən sonra apelyasiya şikayəti təqdim edilmişdir. Belə olan halda istər-istəməz sual yaranır ki, əgər nümayəndə müddət ötürüldükdən sonra apellyasiya şikayəti təqdim etmiş olsa idi, nəyə görə 1-ci instansiya məhkəməsi onun apelyasiya şikayətini qaytarmamış, yalnız apelyasiya məhkəməsi nümayəndənin apelyasiya şikayətini qeyrimümkün hesab etdikdən sonra belə bir nəticəyə gəlmişdir. Ona görə də hesab edir ki, müddətin bərpası barədə ərizənin təmin olunmaması tam əsassızdır Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2030/2020 saylı, 22.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 2030/2020 saylı, 09.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, MMC-nin direktoru Elxan Səlimov tərəfindən Vəkil1 verilmiş 18 iyun 2020-ci il tarixli etibarnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətlər, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Vəkil1 iddiaçının adından apelyasiya şikayəti vermək hüququ olduğundan iddiaçının qətnamədən apelyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı qətnamənin nümayəndəyə rəsmi təqdim edildiyi tarixdən başlamışdır. Elektron məhkəmə informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, məhkəmənin 27 noyabr 2021-ci il tarixli qətnaməsi 02 dekabr 2020-ci il tarixdə elektron qaydada imzalanmaqla elektron məhkəmə-informasiya sisteminə daxil edilmiş, elə həmin tarixdə də işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının nümayəndəsi və vəkili tərəfindən yaradılmış elektron kabinetdə yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi 02 dekabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilməklə iddiaçıya rəsmi təqdim edildiyindən iddiaçının həmin qətnamədən apelyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 05.01.2021-ci il tarixdə bitmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apelyasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsilə 25.01.2021-ci il tarixdə, yəni müddət ötürüldükdən sonra təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçı ərizəsində müddətin üzürlü hesab edilməsinin səbəbi kimi 2020-ci ilin noyabr-dekabr aylarında respublikada sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsini və yaxın qohumlarının həmin ərəfədə Covid-19 virusuna yoluxmasını göstərmişdir. Məhkəmə hesab edir ki, ərizədə qeyd edilmiş hallardan heç biri müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Vəkil və nümayəndə Vəkil1 müvəqqəti olaraq birlikdə yaşadığı yaxın qohumlarında Covid-19 virusu aşkar edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Həmin sənədlər şikayətə apelyasiya qaydasında baxılarkən təqdim edilmiş və müəyyən edilmişdir ki, nümayəndənin bacısı qızı K.Əfəndiyevada 19.12.2020-ci il tarixdə, bacısının həyat yoldaşı E.Əfəndiyevdə 26.12.2020-ci il tarixdə KT müayinəsi nəticəsində Covid-19 virusuna yoluxmanın əlamətlərindən biri olan “buzlu şüşə” aşkar edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, kommersiya mübahisələri üzrə prosessual qanunvericiliyin tələblərinə əsasən apelyasiya şikayətinin elektron kabinet vasitəsi ilə göndərilməsi mümkün olduğundan bir aylıq müddətin sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə düşməsi və nümayəndənin yaxın qohumlarının virusa yoluxması ilə əlaqədar karantində olması müddətin buraxılma səbəbinin üzürlü hesab etməyə əsas vermir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçının nümayəndəsi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilənədək və ya qohumlarından virus aşkar edilənədək apelyasiya şikayəti vermək imkanı olduğu halda bu imkandan istifadə etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2030/2020 saylı, 09.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2030/2020 saylı, 09.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar