Məhkəmə qərarları › İş №2-2(103)-576/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-576/2023

31.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-576/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3676/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: "xxxx" ASC Cavabdeh LPO ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 61.880 ABŞ dolları və 111.206,77 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3676/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, eyni zamanda müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3676/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3676/2022 saylı qərardadından "xxxx" ASC tərəfindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Cavabdeh həmin qərardadla razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası haqqında ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbindən də göründüyü kimi işdə iştirak edən şəxs tərəfindən buraxılmış müddət üzrlü hesab olunduğu halda bərpa olunmalıdır. Yəni verilmiş ərizədə buraxılmış müddətin hansı üzrlü səbəblərdən buraxılması, bu halları təsdiq edən sənədlərin ərizəyə əlavə olunmasını özündə ehtiva edir. İddiaçı tərəfindən verilmiş ərizədə qeyd olunmuşdur ki, 2-2(113)-3676/2022 saylı işdən iddiaçının nümayəndəsi Nümayəndə1 mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə məhkəmə iclası barədə bildiriş aldıqdan sonra məlumatı olmuş və xx.xx.2023-cü il tarixdə vəkil müraciəti ilə işə qoşularaq iş üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərardadla elektron məhkəmə sistemi vasitəsi ilə tanış olmuşdur. Yəni ki, 2-2(113)-3676/2022 saylı iş üzrə qəbul olunmuş xx.xx.2022-ci tarixli qərardadı xx.xx.2023-cü il tarixdə rəsmi olaraq almış və dərhal həmin tarixdə şikayət müddətini buraxmadan qərardaddan şikayət vermişdir. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş ərizəyə müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut əlavə olunmamışdır. Ərizədə qeyd olunanlar isə tamamilə formal xarakter daşıyır və iddiaçının şəxsi mülahizələridir. Belə ki, 2 saylı İnzibati-İqtsadi Məhkəməsinin xx.xx.2015- ci il tarixli, 2-2(82)-2481/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə edilmiş müraciətə baxılarkən Bakı Kommersiya Məhkəməsində 3 dəfə ayrı-ayrı vaxtlarda proses keçirilmişdir. Məhkəmə prosesində iddiaçının iştirakının təmin olunması məqsədilə 2 dəfə məhkəmə iclası təxirə salınmış və məhkəmə iclasının yeri və vaxtı barədə məlumat həm poçt vasitəsilə, həm iddiaçının elektron kabinetinə, həm də SMS bildiriş vasitəsilə iddiaçıya məlumat verilmişdir. Nəzərə alınsa ki, iddiaçı hüquqi şəxsdir və onun internet vergi idarəsindən qeydiyyatdan keçdiyi elektron kabinetinə də məhkəmə iclası barədə məlumatlar daxil olur. Bundan başqa iddiaçı ərizəsində məhkəmə iclası barədə SMS bildirişin onun mobil telefon nömrəsinə göndərildiyini və bundan sonra məhkəmənin qərardadından məlumatı olduğunu qeyd etmişdir. Lakin 2022-ci ilin iyun və avqust aylarında keçirilmiş məhkəmə iclasları barədə də tərəfə SMS bildiriş göndərilmişdir. Necə ola bilər ki, sonuncu məhkəmə iclasından məlumatı olmuş, lakin 2022-ci ildə keçirilən məhkəmə iclaslarından məlumatı olmamışdır. Məhkəmə nə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının telefon nömrəsinə SMS bildiriş göndərilməsi məsələsini araşdırmış, nə də qərardadında bununla bağlı heç bir əsas qeyd etməmişdir. Qeyd olunanlara əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)- 3676/2022 saylı qərardadı qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3676/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3676/2022 nömrəli qərardadı ləğv edilməli, iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddət buraxılmamış hesab edilməlidir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3676/2022 saylı qərardadı iddiaçıya elektron kabineti olmadığı üçün kağız daşıyıcıda poçt vasitəsi ilə göndərilmiş, “ünvan tam deyil” qeydi ilə poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdır. İşdən görünür ki, iddiaçının vəkili Nümayəndə2 iş materialları ilə xx.xx.2023-cü il tarixdə tanış olmuş, qərardad barədə məlumat əldə etdiyi həmin gün də şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, iddiaçıya məhkəmə qərardadı rəsmi təqdim edilmədiyindən 10 günlük prosessual müddətin axımı yalnız vəkil və nümayəndənin iş materialları tanış olduğu gün başlamış, nümayəndə qərardad barədə məlumat əldə etdikdən sonra dərhal şikayət verdiyi üçün müddət ötürülməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsinə hüquqi qiymət verərkən müddətin ötürülmədiyini müəyyən edərək ərizəni təmin etməməli, müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul etməli idi. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən hüquqi şəxslərin X1 Sistemində (“AVİS”) mövcud olan kabinetlərinə məhkəmə aktının yerləşdirilməsi qanuna əsasən rəsmi təqdim etmə hesab edilmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “AVİS”də olan kabinetinə qərardadın yerləşdirildiyi işdən görünmədiyindən qərardad barədə iddiaçının xx.xx.2023-cü il tarixdən əvvəl məlumatı olduğu təsdiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3676/2022 nömrəli qərardadı ləğv edilməli, iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh LPO ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3676/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddət buraxılmamış hesab edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar