Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-577/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3451/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən xx.xx.2019-cu il tarixli, 3M-185 nömrəli icarə müqaviləsi üzrə 3294,46 manat əsas borc, 4000 manat dəbbə pulu, 10000 manat əldən çıxmış fayda, cəmi 17294,46 manat məbləğində pul alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh QSC-dən tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3451/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh QSC-dən xx.xx.2019-cu il tarixli, 3M- 185 nömrəli icarə müqaviləsi üzrə 3294,46 (üç min iki yüz doxsan dörd manat 46 qəpik) manat əsas borc, 330 manat məbləğində dəbbə pulu, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3654,46 (üç min altı yüz əlli dörd manat, qırx altı qəpik) manatın tutularaq, "xxxx" QSC-nin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən iddiaçı maliyyə itkisinə məruz qalmışdır. Belə ki, həmin məbləğlər bu müddət ərzində maliyyə dövriyyəsində hərəkətdə olacağı təqdirdə, adi mülki dövriyyə şəraitində iddiaçı böyük həcmdə gəlirlər əldə edə bilərdi. Lakin, cavabdehin hərəkətsizliyi buna imkan verməmiş və ilkin olaraq əldən çıxmış fayda iddiaçı tərəfindən 10000 manat hesablanmışdır. Məhkəmə isə həmin hissədə iddia təmin etməmiş, lakin iddianın həmin hissədə təmin edilməməsini əsaslandırmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqı vaxtında ödənilmədiyindən 4000 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə isə 330 manat dəbbə pulu tutulması barədə nəticəyə gəlmişdir. Lakin qətnamədə hansı əsasla bu məbləğin tutulması barədə hər hansı bir əsaslandırma müəyyən olunmur. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" QSC (“icarəyəverən”) ilə Cavabdeh QSC (İcarəçi) arasında xx.xx.2019-cu il tarixdə 3M-185 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında – Bakı Dəmir Yolu Vağzalı binasının 15 və 16-cı mərtəbələrində yerləşən, hər bir mərtəbəsi 344 kv.m, ümumilikdə 688 kv.m olan icarə obyektini icarəçi Cavabdeh QSC-yə icarəyə vermişdir. Daha sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli, 3M-202 nömrəli saziş imzalanaraq icarə müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin sazişə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Sazişin 1.1-ci bəndinə əsasən icarəçi xx.xx.2020-ci il tarixədək icarəyəverənə 30117 manat pul ödəməli idi. Bu məbləğə həm icarə müqaviləsindən əvvəlki qalıq borclar, həm də müqavilə dövrü üzrə icarə haqları daxildir. Sazişin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən icarəçi xx.xx.2019cu il tarixdə icarə obyektinin 16-cı mərtəbəsini, xx.xx.2020-ci il tarixdə isə 15-ci mərtəbəsini boşaldaraq icarəyəverənə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə müqavilənin müddəti bitdiyi üçün icarə müqaviləsinə xitam verilmiş və icarəçi icarə obyektlərini boşaldaraq icarəyəverənə təhvil vermişdir. İddiaçı bildirir ki, cavabdeh icarə müqaviləsi öz öhdəliklərini tam yerinə yetirməmiş və onun ödənilməmiş əsas borcu 3294,46 manat, cərimə 4000 manat, əldən çıxmış fayda 10000 manat, cəmi borcu 17294,46 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbləri rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Çünki iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Cərimə borcunun tutulması tələblərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni icarə müqaviləsi üzrə cəmi ödənilməli olan icarə haqqının məbləğini və əsas borcun məbləğini, icarə müqaviləsinin müddətinin bitdiyi tarixi və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi müqayisə edərək, habelə bu növ iddia tələbləri üzrə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 330 manat məbləğindən daha artıq məbləğdə dəbbə pulunun tutulması üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3451/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-577/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-577/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver