Məhkəmə qərarları › İş №2-2(103)-578/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-578/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-578/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 21 may 2024-cü il tarixdə ERS-021-2024-0050 nömrəli icarə müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən, icarəyə verən texniki göstəriciləri müqaviləyə edilmiş əlavədə müfəssəl qeyd olunan, icarəyə verilən zaman özünün qanuni istifadəsində olan və icarəyə verilməsinə hüququ olan avadanlığı icarə müqaviləsində göstərilən müddət və şərtlərlə icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin avadanlıqları müqavilədə göstərilən tarixdən etibarən icarəyə verəndən icarəyə götürmək barədə öhdəlik götürmüşlər.

3. Müqavilənin 1-ci bəndinə əsasən, müqavilə 31 dekabr 2024-cü il tarixinə qədər qüvvədədir.

4. Müqavilənin 2-ci bəndinə görə, icarəçi icarəyə götürdüyü avadanlığa görə hər bir təqvim ayı üçün icarə haqqını ödəməyi öz öhdəsinə götürür və tərəflər razılığa gəlirlər ki, icarə haqqı, icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində qüvvədə olacaq. İcarəyə verən tərəfindən icarə və digər haqlar artırılarsa, bu zaman yeni icarə haqqı tərəflərin qarşılıqlı yazılı razılığı əsasında müvafiq qaydada artırıla bilər; 2.2-ci bəndinə əsasən, icarəçı icarə haqqını aylıq əsasla elektron qaimə faktura təqdim edildiyi tarixdən 15 təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına köçürür. İcarəyə verən icarə haqqının müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə köçürülməməsinə görə icarəçidən hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,5 faizi həcmində dəbbə pulu tələb edə bilər.

5. Müqavilənin 4.1-ci bəndinə görə, icarəyə verənin icarəçidən müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını vaxtında ödəməyi tələb etmək, icarəçidən avadanlıqlardan müqavilədə göstərilən məqsədlər üçün istifadə etməsini tələb etmək hüququ, müqavilə imzalanaraq qüvvəyə minmə tarixindən texnikaları maneəsiz olaraq tam işlək vəziyyətdə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş təhvil-təslim aktına əsasən icarəçinin istifadəsinə vermək vəzifəsi vardır; 4.2-ci bəndinə görə, müqavilənin şərtlərinə uyğun olaraq, təhvil-təslim aktını aldıqdan sonra 7 iş günü ərzində icarə haqqını ödəmək vəzifəsi vardır. İcarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacaqdır. Texnikaların yanacaqla təchiz edilməsi icarəçinin üzərinə düşür.

6. Müqavilənin 8.1-ci bəndinə əsasən, müqaviləyə xitam verilməsi haqqında tərəflər bir-birinə 10 gün qabaqcadan yazılı şəkildə xəbərdarlıq etməlidirlər; 12-ci bəndinə əsasən, icarəyə verən icarəçi qarşısında zəmanət verir ki, icarə müddəti ərzində avadanlıqlarla bağlı bu və ya digər iddia irəli sürmək hüququna malik olan hər hansı digər şəxs tərəfindən hər hansı narahatçılıq törədilmədən müqavilədə nəzərdə tutulmuş şərtlərə müvafiq işləri yerinə yetirəcəkdir.

7. Müqaviləyə 1 nömrəli Əlavəyə görə, tariflər bir növbəli iş rejimi üçün nəzərdə tutulub, standart nəzərdə tutulmuş saatdan artıq işlədilən əlavə saatlar aylıq tarifə əsasən hesablanıb, hesab fakturaya əlavə olunacaq.

8. Müqaviləyə 21 may 2024-cü il tarixli 2 nömrəli Əlavəyə görə, tərəflər müqaviləni 31 dekabr 2024-cü il tarixinədək bağlayırlar. Əgər müqavilə bitdikdən 10 təqvim günü ərzində tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin xitam verilməsinə dair bildiriş göndərilməzsə, müqavilə daha 1 il uzadılmış olur.

9. Müqaviləyə 21 may 2024-cü il tarixli 3 nömrəli Əlavəyə görə, icarəyə verən tərəfindən icarəçiyə 1 ədəd aylıq icarə haqqı 5800 manat olan “X5 Lift JLG 1200SJP” (AZ-90-H-419), 1 ədəd günlük icarə haqqı 250 manat olan “X4 Lift JLG 740AJ” (AZ-90- H-628), 1 ədəd günlük icarə haqqı 230 manat olan “X4 Lift Genie Z60/34” (AZ-90-T-637) icarəyə verilmişdir.

10. 05 iyul 2024-cü il tarixli 3862 nömrəli akta əsasən, icarəyə verən tərəfindən icarəçiyə icarə haqqı (ƏDV daxil) 14 732,3 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2024-cü ilin iyun ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. 05 avqust 2024-cü il tarixli 3889 nömrəli akta görə, icarəyə verən tərəfindən icarəçiyə icarə haqqı (ƏDV daxil) 15 342,53 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2024-cü ilin iyul ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. 13 sentyabr 2024-cü il tarixli 3941 nömrəli akta görə, icarəyə verən tərəfindən icarəçiyə icarə haqqı (ƏDV daxil) 12 981,69 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2024-cü ilin avqust ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt icarəyə verən tərəfindən imzalanmışdır.

13. İcarəyə verən tərəfindən tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, ERS-021-2024-0050 nömrəli daşınar əmlakın icarə müqaviləsi üzrə təqdim olunmuş qaimələr əsasında 29 iyul 2024-cü il tarixli MT2407 seriyalı, 11904378 nömrəli, 12 avqust 2024-cü il tarixli MT2408 seriyalı, 10698561 nömrəli, 16 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı, 10991605 nömrəli qaimələr üzrə icarəçinin 36 488,57 manat əsas, 6567,95 manat ƏDV olmaqla, cəmi 43 056,52 manat borcu vardır.

14. 29 iyul 2024-cü il tarixli MT2407 seriyalı, 11904378 nömrəli elektron qaimədə icarəyə verən tərəfindən icarəçiyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 14 732,2953 manat (ƏDV - 2247,30 manat) təşkil etdiyi qeyd olunur.

15. 12 avqust 2024-cü il tarixli MT2408 seriyalı, 10698561 nömrəli elektron qaimədə icarəyə verən tərəfindən icarəçiyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 15 342,5311 manat (ƏDV - 2340,39 manat) təşkil etdiyi qeyd olunur.

16. 16 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı, 10991605 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 12 981,69 manat (ƏDV - 1980,2576 manat) təşkil etdiyi qeyd olunur.

17. İddiaçı MMC əlavə dəyər vergisinin ödəyicisidir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanmış 21 may 2024-cü il tarixli ERS021-2024-050 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə 36 488,57 manat (otuz altı min dörd yüz səksən səkkiz manat əlli yeddi qəpik) əsas borc, 6567,95 manat (altı min beş yüz altmış yeddi manat doxsan beş qəpik) ƏDV borcu olmaqla, cəmi 43 056,52 manat (qırx üç min əlli altı manat əlli üç qəpik) qalıq borcun və 219,92 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə 2024-cü ilin may, iyun, iyul və avqust ayları üzrə ümumi dəyəri ƏDV daxil 48 402,76 manat (qırx səkkiz min dörd yüz iki manat yetmiş altı qəpik) təşkil etməklə, özünə məxsus “X5 Lift” və “X4 Lift” texnikalarla xidmət göstərmiş, cavabdeh texnikadan icarə əsasında istifadə qarşılığında bir dəfə - 24 sentyabr 2024-cü il tarixdə sadəcə 5346,24 manat (beş min üç yüz qırx altı manat iyirmi dörd qəpik) miqdarında ƏDV daxil ödəniş etmişdir. Lakin cavabdehin onun texnikasından icarə əsasında istifadə etməsinə görə 36 488,57 manat əsas, 6567,95 manat ƏDV borcu olmaqla, cəmi 43 056,52 (qırx üç min əlli altı manat əlli iki qəpik) manat borcu qalmaqda davam edir. Bu barədə ən son maliyyə məlumatları əsasında tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışı son qalıq borcu təsdiq edir. Cavabdehə texnikanın həqiqətən də icarəyə verildiyi və onların dəyəri ilə bağlı 05 iyul 2024-cü il, 05 avqust 2024-cü il tarixli aktlar tərtib edilmiş, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Əlavə olaraq 13 sentyabr 2024-cü il tarixli sonuncu akt tərtib edilib qarşı tərəfə göndərilsə də, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, qarşı tərəf aktı imzalamaqdan boyun qaçırmışdır. Sözügedən aktlara əsasən, göstərilmiş xidmətlərin ümumi dəyərinin 43 056,52 manat (otuz beş min dörd yüz iyirmi bir manat yeddi qəpik) olması öz təsdiqini tapmışdır. Cavabdehə göndərilmiş MT2407 seriyalı 11904378 nömrəli, 29 iyul 2024-cü il tarixli MT2408 seriyalı, 10698561 nömrəli, 12 avqust 2024-cü il tarixli və 16 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı, 11904378 nömrəli e-qaimələr DVX-nin sistemi tərəfindən təsdiq edilmişdir. Həmin təsdiqlənmələrdən sonra iki akt üzrə qarşı tərəf imza və möhürlə öz razılığını bildirmiş, lakin sistemin sonuncu təsdiq etdiyi qaiməyə dair tərtib edilmiş aktı isə indiyədək imzalayıb geri göndərməmiş, nə də bu barədə hər hansı etirazının olubolmamasını bildirmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimə üzrə göstərilən rəqəmlər mübahisə edilmir, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş etməmişdir. Sonuncu elektron qaimə 16 sentyabr 2024-cü il tarixdə cavabdehə göndərilsə də, cavabdeh müqavilənin bu şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmiş və indiyədək də etdirməkdə davam edir. Tərəflər arasında imzalanmış müqavilənin 2.2-ci bəndinə əsasən, “İcarəçi icarə haqqını aylıq əsasla elektron qaimə faktura təqdim edildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına köçürür”. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Bundan başqa, iddiaçı tərəfindən müqavilə şərtinə uyğun olaraq, mübahisənin danışıqlar yolu ilə yekunlaşması istiqamətində cəhd göstərilsə də, bu cəhdlər nəticəsiz qalmışdır.

20. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim etmiş, cavabdehdən tərəflər arasında bağlanmış 21 may 2024-cü il tarixli ERS-021-2024-050 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə 36 488,57 manat (otuz altı min dörd yüz səksən səkkiz manat əlli yeddi qəpik) əsas borc, 6567,95 manat (altı min beş yüz altmış yeddi manat doxsan beş qəpik) ƏDV borcu olmaqla, cəmi 43 056,52 manat (qırx üç min əlli altı manat əlli üç qəpik) qalıq borcun, vəkil xidmətləri üçün ödənilmiş 250 manatın və 219,92 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz verilmiş, etiraz belə əsaslandırılmışdır ki, “tərəflər arasında bağlanmış 21 may 2024-cü il tarixli ERS-21-2024-0050 saylı “Daşınar Əmlakın İcarə müqaviləsi”nin 1-ci, 4.1-ci (c) bəndi, 6cı və 8.1-ci bəndlərinin tələbləri iddiaçı tərəfindən qəsdən pozulmuş və cavabdehə heç bir məlumat və ya bildiriş verilmədən müqavilə üzrə icarəyə verilmiş texnikalar xidmət ərazisindən çıxarılmışdır. Nəticədə isə həmin texnikalarla müqavilə əsasında digər hüquqi şəxs ərazisində işlərin icrası dayanmış, iddiaçının müqavilə üzrə öhdəliklərini pozması və icarəyə verilmiş texnikaları xidmət ərazisindən çıxarması səbəbindən digər hüquqi şəxsin xeyrinə icra edilən işlərin vaxtında təhvil verilməsi mümkün olmamış və nəticədə cavabdehə 50 000 (əlli min) manat ziyan dəymişdir. Bu səbəbdən də, hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 13 sentyabr 2024-cü il tarixli 3941 nömrəli akt cavabdeh tərəfindən təsdiq edilməmişdir. Belə ki, həmin tarixdə iddiaçı tərəfindən icarəyə verilmiş texnikalar xidmət ərazisindən çıxarıldığından həmin ay ərzində həmin texnikalardan cavabdeh tərəfindən istifadə edilməsi ümumiyyətlə mümkün olmamışdır və bu səbəbdən də 13 sentyabr 2024-cü il tarixli 3941 nömrəli akt (12 981,69 manat) haqlı olaraq, cavabdeh tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuşdur və nəticədə cavabdehə ziyan vurulmuşdur. Bu səbəbdən də, iddiaçının hazırkı iş üzrə iddia tələbi tamamilə qanunsuz və əsassızdır, buna görə də təmin edilməməlidir”.

22. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

23. Birinci instansiya məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir və borcun mövcudluğu aktlar, elektron qaimələr, təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. Həmin qaimələr üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

25. Həmçinin məhkəmə, iddiaçının hərəkətləri nəticəsinə cavabdehə ziyan dəyməsi barədə onun dəlilini əsassız hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, 13 sentyabr 2024-cü il tarixli akt avqust ayının icarə haqqı ilə bağlı tərtib olunmuşdur, bundan başqa, avqust ayının icarə haqqı ilə bağlı cavabdehə elektron qaimə göndərilmiş və qaimə geri qaytarılmamış, bununla bağlı iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Bundan başqa, texnikaların iddiaçıya təhvil verilməsi və götürülməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması və bunun nəticəsində cavabdehə ziyanın dəyməsi ilə hallar varsa, bununla bağlı cavabdeh məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

26. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385-ci, 386-cı, 442-ci, 448-ci, 700.1-ci, 700.2-ci maddələrinə istinad etmişdir.

27. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, iddiaçının cavabdehə zərər vurması faktının nəzərə alınmadığını, əsassız nəticəyə gəlindiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

29. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

38. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

39. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

40. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

41. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

42. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

43. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

44. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

45. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

46. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

56. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

57. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

58. İşin faktiki hallarından görünür ki, iddiaçı, cavabdehlə bağladığı icarə müqaviləsinə istinadla cavabdeh tərəfindən ödənilməyən icarə haqqını, habelə hüquqi yardım xərcini tələb edir; cavabdeh isə iddiaçının icarə predmetlərini götürdüyünü, bunun nəticəsinə ona ziyan dəydiyini və borcunun qalmadığını irəli sürür.

59. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı, icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini sübut etməlidir; cavabdeh isə iddiaçıya borcunun qalmadığını, eyni zamanda iddiaçının icarə predmetini ondan götürməsini və bunun nəticəsində ona zərər dəyməsini sübut etmək vəzifəsi daşıyır.

60. İş materiallarında olan elektron qaimələr və təhvil-təslim aktları iddiaçının cavabdehə icarə predmetini təhvil verdiyini və buna görə də icarə haqqını almaq hüququnun yaranmasını təsdiq edir. Cavabdeh sözügedən elektron-qaimələri və təhviltəslim aktlarını mübahisələndirməmişdir.

61. Lakin cavabdeh hesab edir ki, iddiaçının icarə predmetini ərazidən çıxarması nəticəsində ona zərər dəymişdir və bu zərərlə icarə haqqı borcu əvəzləşdirilməlidir.

62. İlk növbədə kollegiya onu qeyd edir ki, öhdəliyin əvəzləşdirilməsi qarşılıqlı xarakter daşıyır (§ 38,39) və yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda birtərəfli qaydada baş verir. Bu baxımdan, cavabdehin birtərəfli qaydada buna istinad etməsi, xüsusilə, bununla bağlı hər hansı tələb irəli sürmədən, yalnız iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu fakta əsaslanması vicdanlılıq prinsipinə ziddir.

63. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən icarə predmetinin ərazidə çıxarılmasına istinad etsə də, bununla bağlı mötəbər və əsaslı sübutlar təqdim etməmiş, ümumiyyətlə, icarə predmetlərinin nə zaman, necə və hansı şəraitdə ərazidən çıxarılması barədə məlumat verməmişdir. Digər tərəfdən, cavabdeh icarə predmetinin çıxarılması nəticəsində ona dəymiş zərəri nəyə əsasən hesablaması barədə dəlil təqdim etməmiş və beləliklə də, ona 50 000 manat məbləğində zərər dəyməsini sübuta yetirə bilməmişdir.

64. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 47, 48).

65. Beləliklə, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən ödənilməmiş icarə haqqını və həmin borc məbləği üzrə əlavə dəyər vergisini tələb etməkdə haqlı olmuşdur.

66. Kollegiya iddiaçının, “vəkil xidmətləri üçün ödənilmiş 250 manatın və 219,92 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi” tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab edir; belə ki, iddiaçının həmin xərcləri çəkdiyi təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.

67. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.

68. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-650/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən, Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar