Məhkəmə qərarları › İş №2-2(103)-579/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-579/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-579/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-179/2023 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 48 (qırx səkkiz) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə mis məmulatlarının istehsalını artırmaq üçün "xxxx" MMC-yə ******* (iki milyon dörd yüz iki min dörd yüz bir) manat məbləğində kredit verilmişdir.

2. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 1782/15 kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 48 (qırx səkkiz) ay müddətinə illik 4 (dörd) faiz dərəcəsi ilə "xxxx" MMC-yə ******* (bir milyon yeddi yüz iyirmi min səkkiz yüz otuz dörd) manat məbləğində kredit verilmişdir.

3. Kredit müqavilələrinin təminatı kimi cavabdeh X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsi, X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahələrinin ipoteka qoyulmasına dair ipoteka müqaviləsi bağlanmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli, 2(005)- 333/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, X4 və X2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi təmin edilərək, "xxxx" MMC-dən 1781/15 saylı kredit müqaviləsi üzrə 155341,50 manat əsas borcun, 49644,07 manat faiz borcunun, 1748,53 manat dəbbə pulu olmaqla, cəmi 206734,09 manat borcun, 1782/15 müqaviləyə görə 1520409,92 manat əsas, 84296,19 manat faiz borcu olmaqla, cəmi 160706,11 manat, borcun, ümumilikdə iki müqaviləyə görə 1675751,42 manat əsas, 133940,26 manat faiz, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1811440,2 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğin iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 157500 manat, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 60690 manat, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 256500 manat və cavabdeh X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 91512 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçının borcunun ödənilməsi, satışdan götürülən və ya əldə olunan məbləğ tutulan məbləğdən artıq oilduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 551/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə hər 2 kredit müqaviləsi üzrə tutulmalı olan fazi borcunun və xx.xx.2015-ci il tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1781/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna nesablanmış faiz borcunun 18981,94 manat (on səkkiz min doqquz yüz səksən bir manat doxsan dörd qəpik) məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun 1483786,92 manat (bir milyon dörd yüz səksən üç min yedi yüz səksən altı manat doxsan iki qəpik) məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun 80170,61 manat (səksən min yüz yetmiş manat altmış bir qəpik) məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının predmeti olan qalan hissəsində, yəni 1781/15 saylı kredit müqaviləsinə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 155341 (yüz əlli beş min üç yüz qırx bir manat beş qəpik) manat, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1748,52 manat (min yeddi yüz qırx səkkiz manat əlli iki qəpik) məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-187/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 551/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15378,83 (on beş min üç yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 25572,30 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz qəpik) manat, cəmi 40951,13 (qırx min doqquz yüz əlli bir manat on üç qəpik) manat borcun, xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50173,58 (əlli min yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 244204,80 (iki yüz qırx dörd min iki yüz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 294378,38 (iki yüz doxsan dörd min üç yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə 335329,51 (üç yüz otuz beş min üç yüz iyirmi doqquz manat əlli bir qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 625,33 (altı yüz iyirmi beş manat otuz üç qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, kredit müqavilələrinin müddəti bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra bitdiyindən və borc bugünə kimi ödənilmədiyindən xx.xx.2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15378,83 (on beş min üç yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 25572,30 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz qəpik) manat, cəmi 40951,13 manat (qırx min doqquz yüz əlli bir manat on üç qəpik) borc, xx.xx.2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50173,58 (əlli min yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 244204,80 (iki yüz qırx dörd min iki yüz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 294378,38 (iki yüz doxsan dörd min üç yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) manat, ümumilikdə 335329,51 (üç yüz otuz beş min üç yüz iyirmi doqquz manat əlli bir qəpik) manat təşkil edir. Cavabdehin bank qarşısında 08 iyun 2022-ci il tarixinə ümumilikdə 2108398,19 (iki milyon bir yüz səkkiz min üç yüz doxsan səkkiz manat on doqquz qəpik) manat icra edilməmiş borcu mövcuddur.

10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər hesablanmış hər iki müqavilə üzrə faiz məbləğinin iddia müddəti bitmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsinin müddəti bitmişdir. 23 fevral 2019-cu il tarixdə müddət bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Ona görə də xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixnə qeyd edilmiş faizlər tutula bilməz. Bundan başqa, məhkəmə qətnaməsi ilə cavabdehlərdən pulun tutularaq tələbin ipoteka predmeti olan torpaq sahələrinə yönəldilməsi qət edilmişdir. İpoteka predmetinə tutmanın yönəldiməsinə cavabdeh olaraq tərəflərindən heç bir maneə yaratmamışlar.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-179/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

12. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Bank tərəfindən müəyyənləşdirilmiş qaydada cavabdehə qarşı iddia irəli sürülmüşdür. Bu da iddia müddətinin axımının kəsilməsinə səbəb olur və iddia müddətinin tətbiq edilməsi üçün əsas olmadığını göstərir. Yekun məhkəmə aktı xx.xx.2022-ci il tarixində qəbul edilib və iddia müddəti həmin tarixdən hesablanmalıdır. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müddəti Bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra bitmiş və borc bugünə kimi ödənilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

17. Həmin Məcəllənin 377.2-ci maddəsində təsbit olunmuşdur ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

18. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.

19. Həmin Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

20. Həmin Məcəllənin 380.1-ci madəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

21. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

22. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

25. “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

26. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

27. Həmin Qanunun 32.4.2-ci maddəsinə görə mediasiya prosesinə bu Qanunun 32.1.9cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

30. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741 və 445.7-ci maddələri təşkil edir.

31. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur.

32. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/628 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 157341,50 manat, faiz borcu üzrə 58776,23 manat olmaqla, 216117,73 manat məbləğində müəyyən olunur. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 12% dərəcəsi ilə hesablanan faiz borcu 15576,81 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% ilə hesablanmış faiz borcu 25895,79 manat təşkil edir. "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 1520409,92 manat, faiz borcu üzrə 120487,44 manat olmaqla, 1640897,36 manat məbləğində müəyyən olunur. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 4% dərəcəsi ilə hesablanan faiz borcu 50173,53 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək illik 5% ilə hesablanmış faiz borcu 244770,56 manat təşkil edir.

33. Ona görə də, iddiaçı Mülki Məcəllənin 741 və 445.7-ci maddələrinə əsasən faiz borclarının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

34. Bununla yanaşı kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.

35. Belə ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 1781/15 saylı və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur.

36. xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə, xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixdə olmuşdur.

37. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 23 iyun 2022-ci il tarixli olsa da, həmin məktubun Cavabdeh MMC-yə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266129 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, məktubun göndərilmə tarixi xx.xx.2022-ci il qeyd edilmişdir.

38. Göründüyü kimi iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixdə, yəni müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdən hesablanmaqla 3 il 4 ay 20 gün və 3 il 15 gün keçdikdən sonra verilmişdir.

39. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə borcun tutulması barədə iddia rədd edilməlidir.

40. İddia müddətinin axımının kəsilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi xx.xx.2015-ci il tarixli 1781/15 saylı və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. Mülki Məcəllənin 377.2-ci maddəsində isə təsbit olunmuşdur ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Buna görə də, iddiaçı birinci dəfə iddia qaldırarkən iddia müddətinin axımı hələ başlamamışdır. Hər iki kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlanmış, xx.xx.2019-cu il tarixdə ödəniş olduğu üçün 1782/15 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı kəsilmiş və həmin tarxdən yenidən hesablanmaya başlanmışdır. Həmin müddətlərdən hesablandıqda isə iddia müddəti ötürülmüşdür. Kollegiya izah edir ki, iddianın irəli sürülməsi müddətin axımının dayandırılmasına deyil, kəsilməsinə (yəni sıfırlanaraq yenidən hesablanmasına) səbəb olur. Ona görə də, birinci işə baxılarkən müəyyənləşdirilmiş qaydada iddia qaldırması ilə iddia müddətinin axımının kəsilməsi və yalnız yekun məhkəmə aktı xx.xx.2022-ci il tarixində qəbul edildikdən sonra iddia müddətinin həmin tarixdən hesablanmalı olmasına dair dəlilləri tamamilə əsassızdır.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-179/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov

Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar