Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-581/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs olmaqla) qarşı “torpaq icarəsi müqavilələrinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-567/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 17 N-li “Özünəməxsus ərazidə yaşayış, kotec tipli və şadlıq evlərinin layihələşdirilməsi və tikintisinə icazə verilməsi” haqqında Sərəncamına əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli, 01-04/27 saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-ci il tarixli, 11 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-ci il tarixli, 000109 saylı şəhadətnaməsi və fərdi yaşayış evlərinin müvafiq qaydada qeydiyyat vəsiqələri nəzərə alınaraq, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllədə "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1.839 kv.m olan (özəlləşdirilmiş torpaq sahəsi 1006,2 kv.m) ərazidə yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmişdir.
2. Həmin Sərəncamın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki “İnterservis” müdriyyəti torpaq icarə müqaviləsini bağlanmasını təmin etsin və sifarişçi Bakı şəhəri Torpaq Şöbəsindən 832,8 kv.m torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalıdır.
3. İddiaçı MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında xx.xx.2004-cü il tarixli, 0326 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.
4. Həmin müqaviləyə əsasən icarəyəverən icarə əsasında sahəsi 832,8 kv.m olan torpaq sahəsini yaşayış evinin tikintisi üçün 49 il müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür.
5. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “qarşılıqlı razılaşma əsasında sərəncamın addan-ada keçirilməsi haqqında” xx.xx.2010-cu il tarixli, 99 saylı sərəncamına əsasən Bakı ŞİH başçısının xx.xx.2004-cü il tarixli, 95 saylı sərəncamı ilə Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsindəki 694-cü məhəllədə “M.J.Group (uk) Marvel Lifescines Limited” şirkətinə yaşayış evinin tikintisinin laihələndirilməsi üçün ayrılmış 0.1 ha torpaq sahəsi və tərtib olunmuş 11449 saylı inşaat pasportu "xxxx" MMC-nin adına keçirilmiş və xx.xx.2004-cü il tarixli, 95 saylı sərəncam ləğv edilmişdir.
6. İddiaçı MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında xx.xx.2011-cü il tarixli, 0942 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.
7. Həmin müqaviləyə əsasən icarəyəverən icarə əsasında sahəsi 682 kv.m. olan torpaq sahəsini yaşayış evinin tikintisi üçün 49 il müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür.
8. "xxxx" Mənzil Tikinti Kooperativinin Nizamnaməsinin 1.5-ci bəndinə əsasən "xxxx" MTK Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə 0102-A2-463 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış, 25 may 2004-cü il tarixdə Bərdə bölgə şöbəsi tərəfindən 1004-Y2-478 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınmış "xxxx" MMCnin təşkilatı hüquqi formasının dəyişməsi nəticəsində onun bazasında yaradılmış və onun hüquqi varisidir. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı "xxxx" MTK iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsindəki 832,8 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında 0326 №-li, 02 iyun 2004-cü il tarixli torpaq icarə müqaviləsinə, habelə Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyev küçəsinin kəsişməsindəki 694-cü məhəllədə yerəşən 682 kv.metr torpaq sahəsinin icarəyə verilməsi haqqında 0942 №-li 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, qeyd edilən torpaq sahələrində iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə hündürmərtəbəli yaşayış binaları inşa edilmişdir. Həmin torpaq sahəsi hündürmərtəbəli bina tikmək üçün "xxxx" MMC-nın daimi istifadəsinə verilmişdir. Artıq istifadəyə verilmiş həmin torpaq sahələrinin əlavə olaraq həm də icarəyə verilməsi və bu barədə icarə müqavilələrinin bağlanması qanunvericiliyin tələblərinə ziddir. Torpaq sahələri cavabdeh tərəfindən iddiaçının istifadəsinə hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə verilmişdir. İddiaçı həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmək üçün təhvil almış, orada hündürmərtəbəli yaşayış binası inşa etmişdir. Həmin torpaq icarə müqavilələrinə xitam verilməlidir. İddiaçı "xxxx" MTK, “Qağayı MMC” ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 0326 №-li, 02 iyun 2004-cü il tarixli və 0942 №-li, 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqavilələri əsasında icarəyə götürdüyü torpaq sahələrindən könüllü imtina etməsi və bu səbəbdən həmin müqavilələrə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti sözügedən pretenziya məktubunu xx.xx.2023-cü il tarixdə almış, lakin həmin pretenziya məktubuna hər hansı münasibət bildirməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış 02 iyun 2004cü il tarixli və 0942 №-li, 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqavilələrinə əsasən "xxxx" MTK-nın icarə hüquqlarına xx.xx.2023-cü il tarixdən, yəni “Qağayı MMC-nin (hazırda "xxxx" MTK) icarəyə götürdüyü torpaqdan könüllü imtina etməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı pretenziya məktubunun sonuncu tərəfindən alındığı tarixdən xitam verilmiş hesab olunmalıdır.
11. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, uzunmüddətli torpaq icarə müqavilələrin ləğv olunması və yaxud xitam verilməsi Mülki Məcəllənin tələblərinə uyğun həyata keçirilir və sözügedən müqavilə 15 ildən yuxarı olduğu üçün uzunmüddətli müqavilə hesab edilir. Mülki Məcəllədə isə torpaq sahəsinin icarəçisinin belə bir hüququ nəzərdə tutulmamış, eyni zamanda 30 ildən çox müddətə bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün ən azı 30 il müddətin keçməsi şərti müəyyən edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-567/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
13. İddiaçı "xxxx" MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi yaşayış binasının inşası məqsədi ilə icarəyə götürülmüş, yaşayış binası inşa edilərək mənzillər və qeyri-yaşayış sahələri özgəninkiləşdirilmiş, bununla da icarə müqaviləsinə göstərilmiş məqsədə çatılmışdır. "xxxx" MTK artıq fəaliyyətini dayandırmışdır, torpaqdan istifadə etmir, torpaqdan birtərəfli qaydada imtina etmişdir. Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" MTK arasında bağlanmış torpaq icarə müqavilələrinin qüvvədə saxlanılmasına zərurət qalmamışdır. Müqavilə əsasında "xxxx" MTK-nın icarəsinə verilmiş torpaq sahəsindən MTK könüllü imtina edir. Odur ki, müqaviləyə vaxtından əvvəl xitam verilməlidir. Əks halda, istifadə olunmayan və bəhər götürülməyən torpağa görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən MTK-dan icarə haqqı tələb etməsi hüquqdan sui-istifadəyə gətirib çıxaracaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil Hüseyn qızı apellyasiya şikayətini müdafiə etdi.
17. Cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: https://e-qanun.az/framework/54440torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə.
19. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinə əsasən qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.
20. Həmin Məcəllənin 75-ci maddəsinin 6-cı hissəsinə əsasən torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
23. Belə ki, iddia tələbi torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsi ilə bağlıdır.
24. Həmin iddia tələbi isə Torpaq Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır.
25. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyun 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.
26. Hazırki işin hallarından müəyyən edilir ki, "xxxx" MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında xx.xx.2004-cü il tarixli, 0326 saylı və xx.xx.2011-cü il tarixli, 0942 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr bağlanılmış və icarə müddətləri 49 il müəyyən edilmişdir.
27. 2013-cü ildə "xxxx" MMC-nin təşkilatı hüquqi formasının dəyişməsi nəticəsində "xxxx" MTK yaradılmışdır.
28. İddiaçı könüllü olaraq torpaq sahəsindən imtina etdiyinə və bu barədə ərizənin cavabdehə göndərdiyinə əsaslanaraq hazırki iddianı irəli sürmüş və öz iddiasının hüquqi əsası kimi Torpaq Məcəlləsinin müddəalarına istinad etmişdir.
29. Belə ki, həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsasları göstərilmiş və həmin əsaslardan biri kimi torpaq sahəsindən könüllü imtina müəyyən edilmişdir.
30. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.
31. Göründüyü kimi Torpaq Məcəlləsinin qeyd olunan müddəalarında icarəçinin torpaq sahəsindən imtina hüququ nəzərdə tutulmuş və bu hüququn realizə edilməsi hər hansı müddətlə məhdudlaşdırılmamışdır.
32. Hazırki işin halları da ondan ibarətdir ki, icarə müqavilələri üzrə torpaq sahələri məhz yaşayış binalarının tikintisi məqsədi üçün verilmiş, həmin məqsədə çatılmış və yaşayış binası tikilib istismara qəbul aktı tərtib edilmiş, habelə sakinlərin istifadə və sahibliyinə verilmişdir.
33. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından görünür ki, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16-18-16 mərtəbəli (124 mənzildən ibarət) 3 girişli binası mövcüd vəziyyətdə istismara qəbul edilmişdir.
34. Eyni zamanda, "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli, 38 saylı arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16- 18-16 mərtəbəli 124 mənzldən ibarət 3 girişli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. Bütün mənzillər satılıb. Bina istismara qəbul edilib və sakinlərə təhvil verilmişdir.
35. Həmçinin, iddiaçı tərəfindən həmin yaşayış binasında olan 93 ədəd mənzilə dair müxtəlif şəxslərin adlarına olan daşınmaz şmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir.
36. Göründüyü kimi iddiaçı artıq icarə müqavilələrində nəzərdə tutulmuş torpaq sahəsindən icarə müqavilələri ilə müəyyən edilmiş həddə istifadə etmək hüququnu həyata keçirmiş, eləcə də icarəyə götürülmüş torpaq sahəsindən təyinatı üzrə istifadə etmək vəzifəsini yerinə yetirmişdir.
37. Hazırda həmin torpaq sahələrinin icarə müqavilələrində göstərilən məqsədlər üçün iddiaçının icarəsində qalmasını zəruri edən hər hansı hal mövcud deyildir.
38. Kollegiya qeyd edir ki, çoxmənzilli yaşayış binasının inşa edilməsi məqsədi ilə torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilələr digər məqsədlər üçün torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilələrdən fərqlənir. Çünki digər icarə müqavilələrindən fərqli olaraq, çoxmənzilli yaşayış binası inşa edildikdən və binadakı sahələr müxtəlif şəxslərə satdıqdan (özgəninkiləşdirildikdən) sonra, üzərində yaşayış binası inşa edilmiş (icarəyə götürülmüş) torpaq sahəsi tikintini aparan fiziki və ya hüquqi şəxsin deyil, yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin istifadəsinə keçir və belə olan halda müqavilə tərəfləri arasında icarə münasibətləri bitmiş olur.
39. Eyni zamanda, MTK tərəfindən çoxmənzilli yaşayış binası inşa edildikdən və həmin binadakı yaşayış və qeyri-yaşayış sahələri müxtəlif şəxslərə satıldıqdan sonra yaşayış binasının istismara qəbul edilib-edilməməsi, satılmış sahələrə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi və Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən MTK-nın ləğv edilib-edilməməsi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilib-çevirilməməsi hazırki mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır.
40. Çünki bu halların baş verilib-verilmməsindən asılı olmayaraq, icarəçi artıq torpaq sahəsindən müqavilədə nəzərdə tutulmuş məqsədə və təyinata uyğun istifadə etmir.
41. Ona görə də, icarəyə götürən Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməkdə haqlıdır.
42. İddiaçı da xx.xx.2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə pretenziya məktubu ilə müraciət edərək, 0326 №-li, 02 iyun 2004-cü il tarixli və 0942 №-li, 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqavilələrinə əsasən icarə predmeti olan torpaq sahəsindən könüllü imtina etdiyini və icarə müqavilələrinə xitam verilməsini xahiş etmişdir. Həmin pretenziya məktubu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 13 iyul 2023-cü il tarixdə qəbul edilmişdir.
43. Beləliklə, kollegiya hesab edir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq iddia təmin edilməli və Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında bağlanmış 0326 №-li, 02 iyun 2004-cü il və 0942 №-li, 26 oktyabr 2011-ci il tarixli torpaq sahələrinin icarəyə verilməsi haqqında müqavilələrə xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilməlidir.
44. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-567/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 0326 №-li, 02 iyun 2004-cü il və 0942 №-li, 26 oktyabr 2011-ci il tarixli torpaq sahələrinin icarəyə verilməsi haqqında müqavilələr xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov