Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-582/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-555/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10319,57 manat əsas, 1100,80 manat faiz, 899,06 manat cərimə, hesablanmış 1407,12 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31,20 manat dövlət rüsumunun, ümumilikdə 13726,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-555/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 10319,57 manat əsas borc, 1100,80 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31,20 manat dövlət rüsumu, ümumilikdə 11651,57 (on bir min altı yüz əlli bir manat əlli yeddi qəpik) tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli **********014710000 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 26 ay müddətinə illik 6 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi tam yerinə yetirməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdehin bank hesabından çıxarışına əsasən xx.xx.2015-ci il tarixdə onun hesabına 15000 manat bank tərəfindən kredit verilib və cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edib. Bundan başqa X2 kredit məlumatlarının sorğulanması saytından əldə olunmuş məlumata əsasən cavabdehə verilmiş 15000 manat məbləğində krediti üzrə restrukturizasiya olunmalı və dövlət büdcəsinə hesabına kompensasiya olunmalı əsas kredit borclarına dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, Cavabdeh2 ASC-dən 15000 manat məbləğində kredit götürməmiş və iddiaçının istinad etdiyi kredit müqaviləsini bağlamamışdır. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədindən də görünür ki, xx.xx.2015-ci il tarixində 5000 manat məbləğində pul götürülmüş və 2015-2018-ci illər ərzində ödənişlər edilməklə geri qaytarılmışdır. İddiaçının tələbinin əsası kimi istinad edilən sübutlar siyahısında tərəflər arasında müqavilə öhdəliklərinin şərtlərini müəyyən edən 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi yoxdur. Eyni zamanda iddiaçı cavabdehin iddia tələbində qeyd edilmiş pul vəsaitini götürməsini təsdiq edən sənədlər, kassa məxaric orderini təqdim etməmişdir. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd edir ki, iddiaçının istinad etdiyi 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6% ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Beləliklə də aydın olur ki, 18 sentyabr 2018-ci il tarixi sözügedən kredit müqaviləsi üzrə son ödəniş tarixidir. Ona görə belə qənaətə gəlmək olar ki, həmin kredit müqaviləsi üzrə pul tələbinə dair iddia müddətinin son tarixi 18 sentyabr 2021-ci il tarixi müəyyən edilməlidir. Lakin iddiaçı iddia ərizəsini 22 noyabr 2021-ci il tarixində imzalamaqla məhkəməyə təqdim etmiş, mülki qanunvericiliklə bu kateqoriya tələblər üzrə iddia müddətini ötürmüşdür. İddiaçı məhkəməyə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixinə 50 manat ödənişin edildiyini təsdiq edən qəbz də təqdim etmişdir. Lakin qəbzə baxış zamanı müəyyən edilir ki, ödənişi həyata keçirən şəxsin müəyyənedici məlumatlarında cavabdeh qeyd olunsa da, qəbz başqa şəxs tərəfindən imzalanmışdır. Bununla da aydın olur ki, xx.xx.2019-cu il tarixli ödəniş cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bu da cavabdehin iradə ifadəsini əks etdirmədiyindən iddia müddətinin axımı kəsilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi 18 sentyabr 2015-ci il tarixli **********014710000 nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 15000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderini, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh də bildirir ki, onunla belə bir kredit müqaviləsi bağlanmamış və həmin müqavilədə göstərilən 15000 manat məbləğində kredit verilməmişdir. Göründüyü kimi bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, kredit müqaviləsinin bağlandığına istinad etdiyi üçün həmin müqaviləni, o cümlədən 15000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 18 sentyabr 2015-ci il tarixli **********014710000 nömrəli kredit müqaviləsinə istinad edilməmişdir. Cavabdeh də bildirir ki, həmin kassa mədaxil orderləri digər kredit müqaviləsi üzrə ödənişlərə aiddir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, həmin sənədlər tərəflər arasında kredit müqaviləsinin bağlanması və 15.000 manat kreditin cavabdehə verilməsini təsdiq edən dolayı sübutlar kimi qəbul edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə uyğun 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinin bağlanılması və cavabdehə həmin kredit müqaviləsi üzrə 15000 manat məbləğində borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz. Eyni zamanda iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372, 375 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi kredit müqaviləsinin bağlanmasının etirafı kimi qəbul edilə bilməz. Çünki cavabdehin iddiaya qarşı verdiyi etirazda kredit müqaviləsinin bağlanması və pulun verilməsi halları aydın şəkildə mübahisələndirilmiş, habelə həmin halları təsdiq edən sənədlərin təqdim edilməsi barədə vəsatət verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizədə isə tərəflər arasında kredit müqaviləsinin bağlanması deyil, iddia ərizəsində kredit müqaviləsinin bağlanmasının qeyd edildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və iddianın əsasını təşkil edən kredit müqaviləsinin bağlanmasını təsdiq edən nə birbaşa, nə də dolayı sübutların təqdim edilmədiyinə baxmayaraq, iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-555/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin Cavabdeh1 qarşı cavabdehdən 10319,57 manat əsas, 1100,80 manat faiz, 899,06 manat cərimə, hesablanmış 1407,12 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31,20 manat dövlət rüsumunun, ümumilikdə 13726,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-582/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-582/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver