Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-583/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh MMC-yə qarşı icarə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-265/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 22 iyul 2019cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 36.875,00 manat məbləğində borcun, 1.610,70 manat məbləğində cərimənin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğdə xidmət haqqının, ümumilikdə 39.015,70 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında 22 iyul 2019-cu il tarixli **- TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 ay müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını icarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1 nömrəli Cədvəlində öz əksini tapmış texnikaları, yəni Ford Cargo 3535D özüboşaldan tipli AZ ** JR *** dövlət qeydiyyat nişanlı və Ford Cargo 3535D özüboşaldan tipli AZ ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini aylıq olaraq ƏDV daxil 8.260 manata icarəyə vermiş, icarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə etmişdir. Bundan başqa, müqavilə üzrə yaranmış borc ödənilmədiyindən və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən cavabdehə 29 iyun 2020-ci il tarixdə 029 saylı məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsi tələb olunmuşdur. Lakin bundan sonra da, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş sentyabr 2019-cu il üçün görülmüş işlərin təhvil-təslim və üzləşmə aktlarından aktından görünür ki, cavabdehin iddiaçıya qeyd olunan müqavilə üzrə ümumilikdə ƏDV daxil olmaqla 36.875 manat icarə haqqı borcu vardır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən İcarəçi bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. İcarəçi öz öhdəliklərinin icrasını gecikdirdiyi təqdirdə hər kecidirlən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Hazrkı müqavilə üzrə ödənilməli olan icarə haqqının gecikdirilmiş məbləği 36.875 manat, gecikdirilmiş günlərin sayı isə 25 fevral 2020-ci il tarixindən hesablanmaqla (üzləşmə aktının tarixi) 195 beş gün təşkil edir. Cərimənin hesablanması: 8.260 manat (aylıq icarə haqqı məbləği) x 0,1% = 8,26 manat (hər gecikdirilən gün üçün hesablanan cərimə) 8,26 manat (hər gecikdirilən gün üçün hesablanan cərimə) x 195 gün = 1.610,70 manat. Bakı Kommersiya Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 36.875 manat məbləğdə əsas borc, 500 manat məbləğdə dəbbə pulu, cəmi 37.375 manat məbləğində pul vəsaiti, eləcə də hüquqi yardımla əlaqədar çəkilmiş xərclərin əvəzi olaraq 400 manat məbləğdə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən icraçı texnikalar üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Lakin iş materiallarında həmin cədvəl olmadan məhkəmə iddianı təmin etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 22.07.2019-cu il tarixli **-TA-***9 nömrəli İcarə müqaviləsinin 3.2-ci bəndinə görə, icraçı (hazırkı işdə iddiaçı) texnikalar üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında Xidmətlərin təhvil-təslim aktı tərtib olunur, imzalanır, möhürlənir. Sözügedən müqavilə şərtinin təhlili göstərir ki, cavabdehin tərtib olunmadığını mübahisələndirdiyi cədvəllər bilavasitə Xidmətlərin təhvil-təslim aktlarının tərtib olunması üçün nəzərdə tutulmuşdur, həmin cədvəllərin tərtib olunmasından son məqsəd təhviltəslim aktlarının tərtib olunmasıdır. İşdən isə müəyyən edilir ki, tərəflər arasında 04.10.2019, 05.11.2019, 05.12.2019, 08.01.2020 və 10.02.2020-ci il tarixli təhvil-təslim aktları tərtib olunmuş, müvafiq olaraq ƏDV daxil 6.785, 6.195, 7.670, 8.555 və 8.260 manat xidmət göstərildiyi təsdiqini tapmış, bundan əlavə, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 6.785 manat dəyərində xidmət göstərilməsinə dair 23.09.2019-cu il tarixli EBAA 196463 saylı, ƏDV daxil 6.195 manat dəyərində xidmət göstərilməsinə dair 21.10.2019-cu il tarixli EBAB 450387 saylı, ƏDV daxil 6.195 manat dəyərində xidmət göstərilməsinə dair 21.10.2019-cu il tarixli EBAB 450387 saylı, ƏDV daxil 6.195 manat dəyərində xidmət göstərilməsinə dair 09.12.2019-cu il tarixli EBAD 594503 saylı, ƏDV daxil 8.555 manat dəyərində xidmət göstərilməsinə dair 11.12.2019-cu il tarixli EBAD 696663 saylı, ƏDV daxil 7.670 manat dəyərində xidmət göstərilməsinə dair 30.01.2020-ci il tarixli EBAF 666728 saylı və ƏDV daxil 8.260 manat dəyərində xidmət göstərilməsinə dair 25.02.2020-ci il tarixli EBAG 822785 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmiş, habelə, tərəflər arasında tərtib olunmuş 30.01.2020-ci il tarixli üzləşmə aktına əsasən 22.07.2019-cu il tarixli **-TA-***9 saylı müqavilə üzrə cavabdehin iddiaçıya yekun borcunun 30.01.2020-ci il tarixə 28.615 manat, 25.02.2020-ci il tarixli üzləşmə aktına əsasən isə 25.02.2020-ci il tarixə qalıq borcunun 36.875 manat təşkil etdiyi razılaşdırılmışdır. Cavabdeh təhvil-təslim aktlarını, üzləşmə aktlarını və elektron qaimələri mübahisələndirmir. Bununla da, iddiaçı texnikalar üçün ayrıca gündəlik xidmət cədvəllərini Məhkəməyə təqdim etməsə də, işdə olan təhvil-təslim aktları, üzləşmə aktları və elektron qaimələrlə cavabdehin iddiaçıya borcunun mövcudluğu tam sübuta yetirilir. AR Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəyə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından apellyasiya şikayəti həddində hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsinə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Adıçəkilən Qərarın 1 və 2-ci bəndlərində Konstitusiya Məhkəməsi şərh etmişdir ki: “1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.” Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının şərhinə əsaslanan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-265/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-583/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-583/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver