Məhkəmə qərarları › İş №2-2(103)-583/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-583/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-583/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-459/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.506,76 manat əsas borc, 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2 faizi həcmində hesablamaqla 14.506,76 manat penya və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 29.043,52 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-459/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14.506,76 manat (on dörd min beş yüz altı manat yetmiş altı qəpik) məbləğində əsas borc, 1000 (bir min) manat məbləğində dəbbə pulu, cəmi 15.506,76 manat (on beş min beş yüz altı manat yetmiş altı qəpik) məbləğində və dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 28 iyul 2014-cü il tarixli, 341/14 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 21 may 2020-ci il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz öhdəsinə götürsə də, indiyədək 14.506,76 manat borc qalığını ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, "xxxx" Şirkətində direktor müavini vəzifəsində çalışmışdır. O, şirkətin nümayəndəsi kimi müqavilə imzalamışdır. Lakin 2 ildir ki, şirkətdən çıxmışdır. Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi hesab-fakturalarda alıcı qismində onun adı qeyd olunsa belə, həmin mallara görə ödənişləri "xxxx" Şirkəti tərəfindən edilmişdir. İddiaçı ilə arasında 2014-2017-ci illərdə müqavilə münasibətləri var idi və tərəfindən 3.000 manat məbləğ ödəniş edilmişdi, lakin 2017-ci ildən iddiaçı ilə direktor müavini vəzifəsində çalışdığı "xxxx" Şirkəti arasında müqavilə bağlanmışdır. Həmin tarixdən tərəfindən hər hansı ödəniş edilməmişdir. Borcun "xxxx" Şirkətinə məxsus olmasının təqdim etdiyi bankdan çıxarışlar sübuta yetirir. Əlavə olaraq şirkətin təsisçisi həbsdə olduğundan üzləşmə aktını "xxxx" Şirkətinin nümayəndəsi kimi imzalamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 4559 saylı öhdəliklərin qarşılıqlı təminatı aktından görünür ki, xx.xx.2014-cü il tarixli, 341/14 saylı müqaviləyə əsasən quru inşaat qarışıqları üzrə Cavabdeh İddiaçınə 14.506,76 manat borcu vardır. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi öhdəliklərin qarşılıqlı təminatı aktı ilə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 14.506,76 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Tərəflər arasında bağlanmış alq-satqı müqaviləsinin 6.2-ci bəndində də göstərilmişdir ki, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2%-i həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edir. Qeyd olunanları və işin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh dəlilləri isə əsassızdır. Belə ki, o, istinad etdiyi halları təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin adından "xxxx" MMC-yə verilmiş elektron qaimələr və "xxxx" MMC tərəfindən "xxxx" MMCyə edilmiş ödənişi təsdiq edən sənədlərin isə hazırkı işlə hər hansı əlaqəsi müəyyən edilmir. Belə ki, həmin qaimələr hazırkı iddia tələbinin əsaslandığı 28 iyul 2014-cü il tarixli, 341/14 saylı alqı-satqı müqaviləsi üzrə deyil, başqa hüquqi şəxslər arasında ("xxxx" MMC ilə "xxxx" MMC) arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərtib edilmişdir. Həmçinin, cavabdehin təqdim etdiyi xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arası dövrləri əhatə edən satış qaimələrindən görünür ki, həmin satış qaimələrində alıcı qismində "xxxx" MMC deyil, Cavabdeh qeyd edilmişdir. Hazırki iddianın əsasını təşkil edən 28 iyul 2014-cü il tarixli, 341/14 saylı alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli, 4559 saylı öhdəliklərin qarşılıqlı təminatı aktında da "xxxx" MMC ilə bağlı hər hansı məlumat göstərilməmiş, Cavabdeh həmin müqavilə və aktı "xxxx" MMC-nin nümayəndəsi kimi deyil, öz adından imzalamışdır. İddiaçı tərəfindən cavabdehin ödənişlər etməsi ilə bağlı sənədlərin təqdim edilməməsi isə cavabdehin istinad etdiyi halların təsdiq edilməsi anlamına gəlmir. Çünki iddiaçının istinad etdiyi 28 iyul 2014-cü il tarixli, 341/14 saylı alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli, 4559 saylı öhdəliklərin qarşılıqlı təminatı aktını şübhə altına alan hər hansı birbaşa və ya dolayı sübut təqdim edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-459/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsindəə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar