Məhkəmə qərarları › İş №2-2(103)-584/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-584/2021

16.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-584/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, yeni qaz sayğacının quraşdırılması, qaz təchizatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-423/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı fərdi sahibkar İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, məişət tipli İtron G-4 markalı, 1302AZ**********70 nömrəli qaz sayğacının quraşdırılması üçün tərəfindən ödənilmiş 245 manat və 9 ay müddətində qeyri-yaşayış sahəsində qaz təchizatının qanunsuz dayandırılmasına görə 1800 manat maddi, 2000 manat mənəvi ziyan və 510 manat hüquqi yardım xərci olmaqla, cəmi 4555 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-423/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh hərəkətləri qanunsuz hesab edilərək, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, 11 oktyabr 2019-cu ildə istifadəsində olan məişət tipli İtron G-4 markalı 1302AZ**********70 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışından keçirilməsi üçün çıxarılmış və G-4 markalı digər qaz sayğacı ilə əvəz edilmişdir. 2019-cu ilin sonlarında təqdim olunmuş Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinin tarixsiz və imzasız 001652 saylı bildirişinə əsasən, yoxlanışdan keçirilmiş qaz sayğacı istismara yararsız olduğundan 15 gün ərzində yeni qaz sayğacının alınması və quraşdırılması tələb olunmuşdur. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Cavabdehin qanunsuz tələblərinə etiraz edərək, aidiyyəti orqanlara dəfələrlə müraciətlər ünvanlamış, qanunun tələbinə müvafiq olaraq qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdehin nümayəndələri qaz sayğacının dəyişdirilməsini təmin etmək yerinə, quraşdırılmış qaz sayğacının müvəqqəti xarakterli olduğunu bildirmiş və 08 iyun 2020-ci ildə qəflətən qaz sayğacını çıxararaq qaz təchizatını dayandırmışlar. Müraciətinə baxılması haqqında Azərbaycan Respublikası Enerji Məsələlərinin tənzimləmə Agentliyinin Bakı Filialına 03 sentyabr 2020-ci il tarixli, AERA-18-1584/20 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh İB-nin Bakı Regional Satışı Departamentinin cavab məktubunda qeyd olunanlar Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinin tələblərinə ziddir. Yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə CavabdehİB-yə qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yeni qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına quraşdırılması, qaz təchizatının bərpa olunması, həmçinin qanun pozuntusuna yol vermiş cavabdeh şəxslərin müəyyənləşdirilərək onlar barəsində müvafiq intizam tədbirlərinin görülməsi barədə “Göstəriş” verilmişdir. Buna baxmayaraq cavabdeh 24 sentyabr 2020-ci il tarixli SOCAR**********30560046X05035 nömrəli məktubu ilə öz qanunsuz mövqeyini bir daha nümayiş etdirmiş, “Qazdan istifadə qaydaları”na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarını təhrif etmiş, yeni sayğacın dəyəri ödənilmədiyi üçün 08 iyun 2020-ci ildə çıxarıldığı qeyd olunmuşdur. Cavabdeh adı çəkilən qeyri-yaşayış sahəsində quraşdırılan qaz sayğacının təyinatının məişət qaz qurğusunun istifadəsindən ibarət olmasını ciddi cəhdlə ört basdır etməyə çalışmış, qanunsuz tələblərinin “Qazdan istifadə Qaydaları”nın məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməsini, quraşdırılmasını və dəyişdirilməsini nəzərdə tutan 4.2-ci maddəsinə tamamilə zidd olmasının fərqinə varmamışdır. Məhkəmə qətnamədə iddianı qismən təmin edərək Cavabdeh hərəkətlərini qanunsuz hesab edib. Bu da o nəticəyə gəlir ki, hər hansısa şəxs tərəfindən digər şəxsə edilmiş hərəkətlər qanunsuzdursa, deməli həmin qeyri-qanuni hərəkətləri etmiş şəxs onların nəticələrinə görə də cavab verməlidir. Konkret iş üzrə cavabdehin qanunsuz hərəkətləri məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmış, eyni zamanda həmin qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyan da məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qərəzli şəkildə qətnamədə maddi ziyanla bağlı heç bir sübutun təqdim edilməməsini əsas gətirmişdir. Halbuki 11 fevral 2014- cü il tarixli 16 saylı hesab fakturanın surəti və YQİS 001899 saylı qaimə- fakturanın kötüyü sübut qismində iddia tələbinin həcminin artırılması barədə 04 Fevral 2021-ci il tarixli ərizəyə əlavə edilmişdir. Bundan başqa məhkəmə prosesi zamanı istifadə edilmiş elektrik enerjisinin sərfiyyatının artmasına səbəbin məhz həmin qeyri-yaşayış sahəsinə qaz verilişinin dayandırılması səbəbindən baş verməsi ilə bağlı sübutlar da təqdim edilmiş, lakin hansısa anlaşılmayan səbəblərdən məhkəmə həmin sübutlara qiymət verməmiş, əksinə həmin sübutların təqdim edilmədiyini qətnamədə göstərmişdir. Məhkəmə həmin sübutları hətta cavabdehə göndərmək adı ilə bir neçə dəfə məhkəmə prosesini təxirə salaraq süründürməçiliyə də yol vermişdir. Belə olan halda məhkəmə necə qətnamədə qeyd edə bilər ki, həmin sübutlar təqdim edilməmişdir. Həmin qətnamədən cavabdeh də apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin11.03.2021-ci il tarixli, e-2-2(113)-423/2021 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində də qeyd edildiyi kimi, iddiaçının istismarında olan G-4 markalı, 1302AZ**********70 nömrəli qaz sayğacı 11.10.2019-cu il tarixdə eyni markalı 1402AZ**********35 nömrəli müvəqqəti qaz sayğacı ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasının nəticəsinə əsasən çıxarılmış qaz sayğacı istismara yararsız hesab edilmişdir. Belə olan halda yeni qaz sayğacının alınmasına zərurət yaranmışdır. Yeni qaz sayğacı istehlakçı tərəfindən alınmadığı üçün və təbii qazın satışı yalnız sayğac vasitəsi ilə həyata keçirilməli olduğundan iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qazın verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydanın 4.2. bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi, İddiaçı ilə “Qaydaların” 3 nömrəli əlavəsinə uyğun olaraq sənaye qaz qurğusundan istifadə edən istehlakçı kimi müqavilə bağlanmış və belə olan halda qaz sayğacı istehlakçının vəsaiti hesabına quraşdırılmalıdır, lakin məhkəmə qərar qəbul edərkən qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Cavabdeh apelyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydanın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi İddiaçı ilə “Qaydaların” 3 nömrəli əlavəsinə uyğun olaraq sənaye qaz qurğusundan istifadə edən istehlakçı kimi müqavilə bağlanmış və belə olan halda qaz sayğacı istehlakçının vəsaiti hesabına quraşdırılmalıdır, lakin məhkəmə qərar qəbul edərkən qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Qeyd etmək lazımdır ki, dəymiş zərər “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli258 nömrəli Fərmanına (258 nömrəli Fərman) əsasən, Nizamnaməsi üzrə təsbit edilmiş səlahiyyətlərindən irəli gələrək, SOCAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Belə ki, Nizamnaməsinin 2.4-cü bəndində “yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyrimüəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verməməsi və qeyd etdiyimiz qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. İşə apelyasiya qaydasında baxılması 16.06.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-423/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində qaz sayğacı 11.10.2019-cu il tarixdə dövlət yoxlamasından keçirilməsi üçün çıxarılmış, yoxlama nəticəsində sayğacın istifadəyə yararsız olduğu müəyyən edilmiş və cavabdeh tərəfindən yeni sayğac quraşdırılması üçün iddiaçıdan iş materiallarına əlavə edilmiş bildirişlə ödəniş tələb edilmiş, əks halda qaz təchizatının dayandırılacağı göstərilmişdir. İddia iddia edir ki, obyektin qaz təchizatı 08.06.2020-ci il tarixdə dayandırılmışdır. Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.06.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış müvəqqəti sayğac çıxarılmışdır. Cavabdeh tərəfindən İddiaçı 24.09.2020- ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, istismara yararsız hesab edilən qaz sayğacının yenisi ilə əvəz edilməsi istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələrini Tənzimləmə Agentliyinin Bakı Filialının 03 sentyabr 2020-ci il tarixli, AERA-18-1584/20 nömrəli məktubunda qeyd edilmişdir ki, Agentliyin Bakı filialı tərəfindən “Cavabdeh" İB-yə qeyd olunan ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yeni qaz sayğacının qaz paylayıcının vəsaiti hesabına quraşdırılması, qaz təchizatının bərpa olunması, həmçinin qanun pozuntusuna yol vermiş cavabdeh şəxslərin müəyyənləşdirilərək onlar barəsində müvafiq intizam tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi üçün 03.09.2020-ci il tarixli 18/20Q-016 nömrəli “Göstəriş” verilmişdir. İddiaçı cavabdehin yararsız olan qaz sayğacının əvəzinə quraşdırılmalı olan sayğaca görə ödəniş tələb edilməsi və ödənişin həyata keçirilməməsinə görə qaz təchizatının dayandırılması ilə bağlı hərəkətini qanunsuz hesab edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilərək, ona məxsus qeyri-yaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində qanuni və əsaslı olduğu üçün qətnamənin həmin hissədə ləğv edilməli olduğuna dair cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs olmayan istehlakçılar, o cümlədən fərdi sahibkarlar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehlik daşımır. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məişət qaz qurğusu və sənaye qaz qurğusunun anlayışı həm Qaydalarda, həm də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində, “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndində qeyd edilir ki, məişət qaz qurğusu- ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); sənaye qaz qurğusu- ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğuları). “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə (“Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” adı altında) uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye“qaz“qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. İş materiallarından görünür ki, İddiaçı ilə qaz paylayıcı arasında “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq 3 nömrəli əlavəyə uyğun qazın alqı-satqısı haqqında müqavilə bağlansa da, müqavilədən görünür ki, iddiaçının istifadə etdiyi qaz qurğusu (kombi) məişət qaz qurğusudur. İddiaçının istifa etdiyi cihazın sənaye qaz qurğusu hesab edilməsi üçün ümumi qaz sərfiyyatının saatda 10 kubmetrdən artıq olması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda müqavilənin 4-cü bəndinə “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində nəzərdə tutulmuş qaydada sənaye“qaz“qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Hazırkı halda iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdən çıxarılmış qaz sayğacının yararsız vəziyyətə düşməsində iddiaçının təqsirli olduğu cavabdeh tərəfindən iddia olunmur. Belə olan halda, yararsız vəziyyətə düşmüş qaz sayğacının yenisi ilə əvəz edilməsi üçün ödənişin iddiaçıdan tələb edilməsi üçün qanuni əsas olmadığından iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə düzgündür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə iddiaçının tələblərinin rədd edildiyi hissədə də qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən 510 manat hüquqi yardım xərcinin ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. 1800 manat maddi zərərlə bağlı tələb iddiaçı tərəfindən belə əsaslandırılır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində qaz təchizatının 08.06.2020-ci il tarixdən dayandırılması ilə əlaqədar iddiaçı daha artıq elektrik enerjisi istehlak etmiş və nəticədə elektrik enerjisindən istifadəyə görə daha artıq haqq ödəmişdir. 1800 manat ziyanın hansı dövr üçün və hansı qaydada hesablandığı iddia ərizəsində əsaslandırılmamışdır. Bu tələblə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut olaraq 2020-ci il, 2021-ci ilin yanvar ayında istehlak edilmiş elektrik enerjisinə görə “xxxx” ASC tərəfindən göndərilmiş elektron qaimələr təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının təqdim etdiyi elektron qaimələr ona cavabdehin hərəkətləri nəticəsində 1800 manat maddi zərər vurulduğuna dair nəticəyə gəlmək üçün mötəbər sübut hesab edilə bilməz. Belə ki, qaz təchizatının dayandırılması ilə əlaqədar elektrik enerjisinə görə ödənişlərin qaz təchizatının dayandırıldığı iddia edilən dövrdə artıb-artmadığının müəyyən edilməsi üçün iddiaçı tərəfindən əvvəlki ilin (2019-cu il) iyun-dekabr ayları üçün həyata keçirilmiş elektrik enerjisindən istifadəyə görə həyata keçirilmiş ödənişlər təqdim etməli idi. İddiaçı 2020-ci ilin iyun ayından əvvəlki dövr üzrə yalnız 2020-ci ilin mart, aprel, və may aylarında istehlak edilmiş elektrik enerjisinin dəyəri ilə bağlı qaimələri təqdim etmişdir. Belə olan halda, müqayisə edilən aylar və dövr fərqli olduğu üçün iddiaçının elektrik enerjisi sərfiyyatındakı müəyyən artımın məhz obyektin qaz təchizatının dayandırılması ilə əlaqələndirmək düzgün deyil. İddiaçı eyni zamanda cavabdehdən 2000 manat mənəvi ziyan tələb etmiş, iddia ərizəsində bu ziyanın nədə ifadə olunduğu əsaslandırılmamışdır. İddia ərizəsinin məzmunundan və nümayəndəsinin izahatından aydın olur ki, qaz təchizatının dayandırılması iddiaçının kafe kimi fəaliyyət göstərən obyektinin fəaliyyətini dayandırmasına səbəb olmamış, kafedə qaz təchizatı kəsildiyi dövrdə obyektin qızdırılması üçün elektrik enerjisindən istifadə olunmuşdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan vurulduğu təsdiq edilmədiyindən iddia düzgün olaraq bu hissədə də təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-423/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-423/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar