Məhkəmə qərarları › İş №2-2(103)-584/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-584/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-584/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-360/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 4a, giriş 2, mənzil 295 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi 146, M20, m.2); Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 122, 122A, 126, 126A, 128 mənzil 97 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 122A, M16, m.1); ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahələri qeydiyyat keçmişdir və hazırda mülkiyyətindədir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş əsas borc olaraq 73866 manat, 3300 manat audit yoxlaması, 2020 və 2022-ci illər üzrə bank faizləri olaraq 10341 manat, cəmi 87507 manat Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən əsas borc 73866 manat, 3300 manat audit yoxlaması 353 manat ödənilmiş rüsum olmaqla ümumi olaraq 77519 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-360/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 59710 manat (əlli doqquz min yeddi yüz on) manat artıq əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 269 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında şifahi saxlanc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı malları cavabdehin saxlamasına vermiş, cavabdeh isə onun saxlamasına verilmiş malların (petlə) bir hissəsini iddiaçının (tapşıranın) qabaqcadan razılığı olmadan istifadə etmiş və bununla da müqavilə öhdəliklərini pozmuş, bununda da iddiaçıya ziyan vurmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələi Petlə qutularının iddiaçıya məxsus olması iş materialları ilə təsdiqini tapır, həmçinin işin mübahisəsiz halıdır.Qeyd edilən hal iş materialları ilə, tərəflərin məhkəmə iclaslarındakı, və Sumqayıt şəhər Prokurorluğunda verdiyi izahatları ilə tam təsdiq edilir. Tərəflər arasında mübahisəli hal, iddiaçı 947 qutu petlənin cavabdeh tərəfindən onun icazəsi olmadan istifadə edildiyini iddia edir, cavabdeh isə prokurorluqda verdiyi yazılı izahatında 834 ədəd qutudan iddiaçının icazəsi olmadan istifadə etdiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki,iddia tərəfindən cavabdeh tərəfindən 834 deyil, 947 qutunun icazəsiz olaraq istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmiş, qeyd edilən hal, iddiaçı tərəfindən sübut edilməmişdir. 834 ədəd qutu mal hər bir ədəd qutunun dəyəri 75 manat müəyyən olunmaqla cavabdeh tərəfindən iddiaçının razılığı və icazəsi olmadan istifadə edilmişdir. Məhkəmə iclasında iddiaçının verdiyi izahatdan məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya 2840 manat pul ödənilmişdir. Bir ədəd qutunun dəyərinin 75 manat olması və 2840 manat ziyan məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edilənlərə tərəflər arasında 1 qutu petlənin dəyərinin 75 manat olması işin mübahisəsiz halı olduğundan, hazırki halda qeyd edilən qutuların dəyəri olaraq ekspertiza rəyi deyil, tərəflərin izahatı əsas götürülərək, 1 qutu petlənin dəyəri 75 manat müəyyən edilməli və cavabdeh tərəfindən iddiaçının icazəsi olmadan istifadə edilən 834 qutu petlənin dəyəri cavabdeh tərəfindən ziyanın əvəzi kimi ödənilən 2840 manat məbləğ çıxılmaqla iddiaçıya ödənilməlidir.

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-360/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh (Cavabdeh) öz izahatında etiraf edir ki, 834 qutu petləni iddiaçı və ya qardaşı Akif Məhərrəmovdan icazəsiz istifadə edib. Bu malların bir hissəsini barter edib, bir hissəsini isə mebel istehsalında istifadə edib, lakin onların əvəzini ödəməyib. Qalan 113 qutu petlə ilə bağlı konkret bir izahat verməyib və məhz bu səbəbdən məhkəmə 834 qutu petləni sübut olunmuş hesab edib, 113 qutu üzrə isə iddianı rədd edib. 947 qutu petlədən 113 qutunun taleyi ilə bağlı məhkəmə heç bir araşdırma aparmamış, sübutların qiymətləndirilməsi zamanı bu hissəni tamamilə nəzərə almamışdır. Halbuki, audit hesabatı, şahid izahatları və cavabdehin malları satdığına dair digər sübutlar bu qutuların da cavabdeh tərəfindən mənimsəndiyini təsdiq edir. İddiaçı "xxxx" MMC ilə müqavilə bağlamış, audit xidmətinin dəyərini ödədiyini sübut edən sənədləri təqdim etmişdir. Müqavilə bağlanmışdır, bununla bağlı bütün məlumatlar sənəddə göstərilmişdir. Lakin məhkəmə audit xərclərinin ödənildiyini sübut edən konkret ödəniş qəbzinin olmadığını əsas gətirərək bu tələbi rədd etmişdir. Audit xərclərinin iddiaçı tərəfindən çəkildiyi və məcburi xarakter daşıdığı açıq şəkildə sübut olunsa da, məhkəmə bu xərcləri ödəməkdən imtina etmişdir. Məhkəmə cavabdehin yalnız 834 qutu petləni etiraf etməsinə əsaslanmış, lakin 113 qutu petlə ilə bağlı təqdim edilmiş sübutları nəzərə almamışdır. Halbuki, bu qutuların da satıldığına dair dolayısı sübutlar və audit yoxlamasının nəticələri mövcuddur. Cavabdehin izahatı və məhkəməyə təqdim edilmiş digər sənədlər, Sumqayıt Şəhər Prokurorluğun 05 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarı da göstərir ki, onun iddiaçıya qarşı öhdəliklərini yerinə yetirmədiyi açıq-aşkar ortadadır, lakin məhkəmə qərarında bu hallara kifayət qədər yer verilməmişdir. Məhkəmə qərarında cavabdehin digər 113 qutu petləni mənimsəməsi ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparılmamışdır. Audit yoxlamasının nəticələri açıq şəkildə cavabdehin qanunsuz hərəkətlərini təsdiqlədiyi halda, məhkəmə bu sübutları nəzərə almadan qətnamə qəbul etmişdir. Cavabdehin məhkəmə iclaslarına gəlməməsi və bu səbəbdən dəlillərin ətraflı araşdırılmasına imkan verilməməsi də məhkəmənin qətnaməsinin obyektivliyinə ciddi şübhə yaradır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

1. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.İddaçı sədrlik edənin sualına cavab olaraq aralarında təhvil-təslimlə bağlı heç bir qeyd , sənəd olmadığın bildirdi.

9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.

20. Həmin Məcəllənin 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır.

21. Həmin Məcəllənin 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.

22. Həmin Məcəllənin 826.2-ci maddəsinə əsasən, əgər saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun.

23. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında şifahi saxlanc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı malları cavabdehin saxlamasına vermiş, cavabdeh isə onun saxlamasına verilmiş malların (petlə) bir hissəsini iddiaçının (tapşıranın) qabaqcadan razılığı olmadan istifadə etmiş və bununla da müqavilə öhdəliklərini pozmuş, bununda da iddiaçıya ziyan vurmuşdur.

31. İş materiallarına əlavə olunmuş, Sumqayıt Şəhər Prokurorluğun 05 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən 71C-23 nömrəli yoxlama materialı üzrə AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılması Cavabdeh əməlində mənimsəmə cinayətinin tərkib əlamətləri olmadığına görə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır.

32. Sumqayıt Şəhər Prokurorluğundan daxil olan 71C-23 saylı işin materiallarından müəyyən olunur ki,xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, bəyannamə təmsilçi qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Aztərminakompleks” Birliyi iştirak etməklə) göndərən (ixracatçı) X6 Co.Limited tərəfindən malı qəbul edən (idxalatçı) X5 ünvanlanmış ümumi invoys dəyəri 49768 ABŞ dolları olan cəmi 2136 ədəd bağlama AR-in gömrük sərhədindən keçirilmişdir.

33. Sumqayıt Şəhər Prokurorluğundan daxil olan 71C-23 saylı işin materiallarından müəyyən olunur ki, Cavabdeh oğlu izahatında bildirmişdir ki, İddiaçı qardaşı Akif Məhərrəmov 2020-ci ildə onunla əlaqə saxlayaraq ÇXR-dan ölkəyə göndərəcəyi 1 konteyner petlə üçün ondan müvəqqəti saxlamağa yer verməyi xahiş etdi. Onların şifahi formada razılığa gəlmişlər ki, göndərilən petlələr ona məxsus olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən sexin otaqlarının birinə qoyulacaq, bunun müqabilində həmin petlələrdən hər ay ona 4 qutu petlə veriləcək və satışı qardaşı İddiaçı həyəta keçirəcəkdi. 2020-ci ilin mart ayında Akif Məhərrəmovun oglu və qardaşı İddiaçı sexin ərazisinə yük avtomobilində 2144 qutu petlə gətirərək sexə boşaltdılar. Daha sonra 30 iyun 2022-ci ildə, Akif Məhərrəmovun razılığı və icazəsi ilə, onun tərəfindən haqqı tam olaraq ödənilərək 73 qutu, Oqtay Əliyev tərəfindən 876 qutu cəmi 949 qutu petlə götürülmşdür. Cavabdeh 2020-ci ilin noyabr-dekabr ayında 250 qutu petləni tanışı mebel aksessuarı satışı ilə məşğul olan Rasim ilə başqa mebel aksessuarı əvəzinə barter etdiyini bildirdi. Petlələri barter edəcəyini nə Etibar və Akif Məhərrəmov, nə də Oqtay Əliyevə deməmişdir. Barter şifahi baş tutmuş, heç bir müqavilə imzalanmamışdır. Bu petlələri barter etdikdə, bir ədəd petləni 0.45 manat, bir qutu isə 150 ədəd petlə olmaqla 67.50 manat məbləğində qiymətləndirilmişdir. Adi halda isə petlələrin biri 0.50 manata, qutusu isə 75 manata satılırdı. Ucuz qiymətə petlələri qiymətləndirməyinə səbəb o idi ki, bu petlələrin qutusu rütubətdən nəm olmuşdur. 2144 qutu petlədən 1310 qutu petlə Akif Məhərrəmovun razılığı ilə saxlanıldığı otaqdan götürülmüş, dəftərə qeyd etdirilməklə, onun işlətdiyi hissədə haqqı ödənilməklə və icarə haqqı ilə əvəzləşdiirlməklə tamamilə əvəzləşdirilmişdir. Qalan 834 qutu petlənin isə 250 qutusunu Akif Məhərrəmova əvvəlcədən demədən, onun icazəsi olmadan və razılığı olmadan qardaşı Etibar Məhərəmov və Oqtay Əliyevin xəbəri olmadan barter etmiş, barter əvəzinə əldə etdiyi mebel aksesuarlarını "xxxx" MMC-nin mebel istehsalında işlətmiş, bunun əvəzini nə Akif Məhərrəmov, nə də ilə başqasına ödəməmiş, hər hansı mal ilə əvəzləşdirməmişdir.B undan başqa qalan 584 qutu petlədən 100 qutusunu 2022-ci ilin avqust-sentyabr yenə Rasim adlı mebel istehsalı ilə məşğul olan tanışı ilə mebel aksesuarı əvəzinə barter etmiş, bu dəfə bir ədəd petləni 0,50 manat, bir qutu petləni 75 manata qiymətləndirilməklə barter baş tutmuşdur. Barter ilə əlaqədar yazılı müqavilə olmamışdır. Bundan başqa, qalan 484 qutu petlənin 100 qutusunu 2022-ci ilin may ayından avqust ayınadək Akif Məhərrəmova əvvəlcədən demədən, onun icazəsi olmadan və razılığı olmadan, qardaşı Etibar Məhərəmov və Oqtay Əliyevin xəbəri olmadan ayrı-ayrı şəxslərə satmışdır. Bir qutunu 75 manat qiymətə satmışdır.2022-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək 384 qutu petlədən 234 qutu Akif Məhərrəmova əvvəlcədən demədən, onun icazəsi olmadan və razılığı olmadan, Etibar Məhərəmov və Oqtay Əliyevin xəbəri olmadan "xxxx" MMC-nin mebel istehsalında işlətmişdir. Fərq olan 150 qutu petləni isə işlətdiyini Akif Məhərrəmova demişdir. Akifin qabaqcadan şifahi icazəsi ilə bu petləni işlətmişdir. Bunu ona Akif belə sonradan ödəmək şərti ilə satıb, yəni ondan icazəsiz götürməmişdir. Bir qutunu 76 manata satmış, pulunu bugünədək ödəməmişdir. Bunun müqabilində ona 11400 manat pul borclu olmuş,həmin borcdan 1040 manat Akifə çatdırması üçün Oqtaya vermiş, 200 manat isə burada petlə göndərdiyi hallarda daşıma haqqı kimi əvəzləşdirilib.

34. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış maliyyə çatışmazlığı barədə audit xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli,AT/250/23/04 saylı müqaviləyə əsasən “icraçı” “sifarişçinin” təqdim etdiyi sənədlər əsasında müəssisədə maliyyə çatışmamazlığı barədə 2021-ci il audit yoxlamasını həyata keçirməyi və xidmətin nəticəsi olaraq müəyinə aktı təqdim etməyi,sifarişçi isə həmin xidmətin dəyəri olaraq bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öz öhdəsinə götürür.

35. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 01 ədəd təzə vəziyyətdə olan Üzərində “Kel” markalanma göstəriciləri olan hidrovlik rəzənin (petlə) 2023-cü ilin dekabr ayına olan qiyməti 0.75 manat təşkil edir.

36. Məhkəmə cavabdehin Sumqayıt şəhər Prokurorluğunda verdiyi izahatından müəyyən etmişdir ki, 834 ədəd qutu mal hər bir ədəd qutunun dəyəri 75 manat müəyyən olunmaqla iddiaçının razılığı və icazəsi olmadan cavabdeh tərəfindən istifadə edilmişdir. Məhkəmə iclasında iddiaçının verdiyi izahatdan məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya 2840 manat pul ödənilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi, bir ədəd qutunun dəyərinin 75 manat olması və 2840 manat ziyan məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında 1 qutu petlənin dəyərinin 75 manat olması işin mübahisəsiz halı olduğundan, hazırki halda qeyd edilən qutuların dəyəri olaraq ekspertiza rəyi deyil, tərəflərin izahatı əsas götürülərək, 1 qutu petlənin dəyəri 75 manat müəyyən edilməli və cavabdeh tərəfindən iddiaçının icazəsi olmadan istifadə edilən 834 qutu petlənin dəyəri cavabdeh tərəfindən ziyanın əvəzi kimi ödənilən 2840 manat məbləğ çıxılmaqla iddiaçıya ödənilməlidir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, dəlillər isə əsassızdır. Belə ki, cavabdeh cinayət işinin materillarında 834 ədəd qutu petləni iddiaçının razılığı və icazəsi olmadan cavabdeh tərəfindən istifadə edtdiyini bildirmiş,113 ədəd petlənin Cavabdeh tərəfindən götürülməsi bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

38. Göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış maliyyə çatışmazlığı barədə audit xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, AT/250/23/04 saylı müqaviləni iş materiallarına əlavə etsə də, qeyd olunan məbləğin, yəni 3300 manatın iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Audit yoxlamasının aparılması İddiaçı təşəbbüsü əsasında maliyyə çatışmazlığının müəyyən edilməsi məqsədi ilə aprılmışdır.

39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-360/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar