Məhkəmə qərarları › İş №2-2(103)-586/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-586/2024

12.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-586/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3, X1 iştirakı ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1409/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli LQR01 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı 2-ci maddədə göstərilən ərzaq və qeyriərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2-ci bəndinə əsasən alqı-satqı obyekti olan malın adı, miqdarı və dəyəri elektron qaimə-fakturaya əsasən müəyyən olunur.

3. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LQR01 saylı müqavilə əsasən görülən işlər üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 14030 manat məbləğində mal təhvil verilmişdir.

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LQR01 saylı müqavilə əsasən görülən işlər üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 12330 manat məbləğində mal təhvil verilmişdir.

5. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LQR01 saylı müqavilə əsasən görülən işlər üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 2840 manat məbləğində mal təhvil verilmişdir.

6. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LQR01 saylı müqavilə əsasən görülən işlər üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 2470 manat məbləğində mal təhvil verilmişdir.

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LQR01 saylı müqavilə əsasən görülən işlər üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 1180 manat məbləğində mal təhvil verilmişdir.

8. İddiaçı tərəfindən cavabdehə EBDL ******* nömrəli xx.xx.2023-cü il tarixli 1180 manat məbləğində, EBDS 294998 nömrəli xx.xx.2023-cü il tarixli 1920 manat məbləğində, EBCN 847135 nömrəli xx.xx.2023-cü il tarixli 12330 manat məbləğində, EBCN 177099 nömrəli xx.xx.2023-cü il tarixli 14030 manat məbləğində, EBDA 372813 nömrəli xx.xx.2023-cü il tarixli 2840 manat məbləğində, EBDJ 251209 nömrəli xx.xx.2023-cü il tarixli 2470 manat məbləğində elektron qaimələr göndərilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 23-01 nömrəli 14030 manat məbləğində, xx.xx.2023-cü il tarixli 23-02 nömrəli 12330 manat məbləğində, xx.xx.2023cü il tarixli 23-03 nömrəli, xx.xx.2023-cü il tarixli 23-04 nömrəli 2470 manat məbləğində, xx.xx.2023-cü il tarixli 23-05 nömrəli 1180 manat məbləğində hesab-faktura təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12740 manat məbləğində yaranmış borcun, 2361 manat maddi ziyanın, 210 manat mediasiya sessiyası üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul olmaqla, cəmi 15631 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2021–ci il tarixli LQR01 nömrəli alqı–satqı müqaviləsinə əsasən kommersiya münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alqı–satqı obyekti olan malın adı, miqdarı və dəyəri elektron qaimə–fakturaya əsasən müəyyən olunur. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin sifarişləri ona çatdırmışdır. xx.xx.2021– ci il tarixli LQR01 nömrəli alqı–satqı müqaviləsinə əlavə olaraq tərtib edilmiş elektron qaimə– fakturalara əsasən ondan götürülmüş mallara görə cavabdeh 15740 manat borclu qalmışdır. Cavabehə aralarında olan borcunu ödəməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Lakin həmin vaxt da onunla əlaqə yaratmaqdan yayınmışdır. Yalnız həmin ərəfədə hesabıma öz borcundan 3000 (üç min) manat məbləğində pul köçürmüşdür. Hazırda cavabdehin ona 12740 manat məbləğində borcu qalmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1409/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 12740 manat əsas borc, 210 manat mediasiyaya dair xərc, ümumilikdə 12950 (on iki min doqquz yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

14. Belə ki, məhkəmə qeyd etmişdir ki, cavabdehdən 12740 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə iddianın maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1409/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdehə məhkəmə predmeti olan alqı-satqı müqaviləsi üzrə dəymiş maddi ziyan nəzərə alınmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LOR01 saylı alqı-satqı müqaviləsi əsasında təhvil alınan və müştərilərə hissə-hissə ödəniş etmək şərtilə satılan mallarda bir müddətdən sonra həmin müştərilər tətəfindən müvafiq qüsürlar aşkar edilmişdir. Bununla bağlı müştərilər tərəfindən cəmiyyətə həm şifahi, həm rəsmi etiraz və şikayətlər daxil olmuşdur. Daxil olmuş şikayətləri əsas tutaraq müştərilər cəmiyyətlə bağladıqları müqavilələr üzrə ödənişlərin edilməsinə imtina etmişlər. Belə olan halda, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və cavabdehə qüsurlu mallar sataraq bu kimi hərəkətləri ilə ona ciddi ziyan vurmuşdur. Bu fakt müştərilər tərəfindən verilmiş müvafiq şikayətlər və cəmiyyət tərəfindən tərtib edilmiş “Aşkar olunmuş qüsurlar haqqında” texniki rəylərdə öz əksini tapmaqdadır. Buna baxmayaraq, məhkəmə apardığı araşdırma zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını, iddiaçı tərəfindən həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəliklərin icra edilməsini, lakin cavabdeh tərəfindən öhdəliklərin tam şəkildə icra edilməməsini müəyyən etdiyini bildirmişdir. Bu da qeyd edilmiş maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi deməkdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi X5, X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddə-alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 589.1-ci maddə-əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddə-əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 595.1-ci maddə-alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddə-bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1409/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli LQR01 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə satılmış malların (müxtəlif mebellər)dəyərindən 12740 manat ödənilməmişdir.

24. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən əsas borc hissəsində iddianı qəbul etmiş, maddi imkan olmadığı üçün borcu ödəmədiklərini bildirmişdir. MPM-nin 191.3-cü maddəsinə əsasən iddia etiraf məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarmalı olduğundan birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə prosessual normaların tələblərinə uyğundur.

25. Cavabdeh apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar (Aşkar olunmuş qüsurlar barədə texniki rəylər və alıcıların adından ərizələr) əlavə edərək satılmış mallarda qüsurlar olduğu üçün məhkəmə tərəfindən borc hesablanarkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərin tərtib olunma tarixlərindən görünür ki, həmin sənədlər 2022-ci il ərzində tərtib edilmişdir. Cavabdehin bu sənədləri sübut qismində birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etmək imkanı olduğu halda təqdim edilmədiyindən MPM-nin 78.1, 372.2-ci maddələrinə əsasən apellyasiya instansiyası mərhələsində qəbul edilməsi yolverilməzdir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, MM-nin 595.1ci maddəsinə əsasən alıcı olaraq cavabdeh tərəfindən satıcıya satılmış mallardakı qüsurlar barədə ağlabatan müddət ərzində bildiriş verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1409/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1409/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar