Məhkəmə qərarları › İş №2-2(103)-588/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-588/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-588/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-666/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən cəmi 115617,05 manat faiz borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh MMC-nin mülkiyyətində olan "SHACMAN yük" markalı **-JK-*** dövlət qeydiyyat nişanlı, - "FORD TRANSİT yük" markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, "GREAT WALL WİNGLE 5 minik" markalı **-PJ- *** dövlət qeydiyyat nişanlı, "GREAT WALL WİNGLE 5 minik" markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SONATA minik" markalı **-PC-*** dövlət qeydiyyat nişanlı, "SHACMAN YÜK" markalı **-JK-*** dövlət qeydiyyat nişanlı, "KAMAZ 55111 Ş-DƏ KS 55713-l xüsusi təy." markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, VOLVO FMX yük" markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı, "FORD CARGO yük" markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, "HONDA CRV" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı; -"RENAULT LOCAN minik" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, "İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatlarına həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(82)-666/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə almamış, bununla da maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında xx xxxx 2009-cu il tarixli 3467 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bu kredit sazişi bank tərəfindən verilən bütün kredit resurslarını vaxtında və tamamilə qaytarmaq barəsində borcalanın bank qarşısında borc öhdəliyidir (1.2). Bank borcalana aşağıdakı şərtlərlə kredit resursları verməyə razıdır, borcalan isə göstərilən kredit resurslarını qəbul etməyi və qaytarmağı öhdəsinə götürür (1.3). Borcalanın bu kredit sazişində nəzərdə tutulmuş bütün tələblərə əməl etməsi şərti ilə bank ona açılmış kredit xətlərin çərçivəsində 7086754,52 manat dəyərində zəmanəti açır (2.1). Borcalan hesabındakı vəsaitin təcrid edilmədən Mədəniyyət və Turizm Nazirliyi üçün 7086754,52 manat məbləğində əvvəlcədən ödəniş zəmanəti açır (3.1). Borcalan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən kontraktın həyata keçirilməsi üçün Banka kontraktda nəzərdə tutulmuş zəmanətin açılması haqqında ərizə təqdim edir (3.2). Borcalan əvvəlcədən ödəniş zəmanət üzrə ödəniş olduğu halda ödənilən vəsait məbləği qədər öz hesablaşma hesabında həmin vəsaitin təmin olunmasını öhdəsinə götürür (3.3). Borcalanın hesabında vəsait olmadığı halda zəmanət üzrə ödənişlər borcalanın Beynəlxalq Bankdakı ssuda hesabından debetə yazılmaqla həyata keçirilir və borcalanın bank qarşısında ssuda borcu yaranır (3.4). Borcalan hesabında vəsait olmaması nəticəsində zəmanət üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür (4.1). Borcalan əvvəlcədən ödəniş açıldığı tarixdən etibarən əvvəlcədən ödənişin tam ödənildiyi tarixədək əvvəlcədən ödəniş zəmanətinin istifadə olunmamış balansına illik 5 % hesabı ilə hesablanmış komissiyanı banka ödəməyi öhdəsinə götürür. Borcalan bu sazişlə müəyyən edilmiş qaydada faizlər ödəməyi öhdəsinə götürür (5.1). Borcalanın bank qarşısında ssuda borcu yaranandan sonra kredit üzrə faizlər kreditin istifadə edilmiş hissəsinə şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayına görə hər gün illik 18 %-lə hesablanır (5.2). Borcalan banka faizləri hər ayın 20-dən gec olmayaraq ödəyir (5.3). Həmçinin həmin tərəflər arasında eyni şərtlərlə xx xxxx 2009-cu il tarixli 3724 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bank Cavabdeh MMC-yə açılmış kredit xətlərin çərçivəsində 9560755,00 manat dəyərində zəmanət açmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S- 131 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun cəmi faiz borcu 115617,05 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, kredit məbləği vaxtında qaytarılmış və hər hansı gecikməyə yol verilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında bağlanmış kredit sazişi müqavilələri mahiyyət etibarı ilə kredit xətti müqavilələridir. Yəni müqavilələr bağlanılan tarixlərdə kredit məbləğləri faktiki verilməyib və kreditin verilməsi və borcun yaranması müqavilələrin 3.4-cü bəndinə uyğun olaraq həyata keçirilməli idi. Faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunanları və tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları nəzərə alaraq kollegiya qeyd edir ki, iddianın əsaslı hesab edilməsi üçün iddiaçı tərəfindən aşağıdakı hallar sübut olunmalıdır: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən hər iki müqavilə üzrə cavabdehə həmin müqavilələrdə göstərilən kredit məbləğləri və ya onların müəyyən hissəsi ödənilmiş, cavabdeh həmin kredit məbləğlərini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə geri qaytarmış, lakin müqavilələrin 5.3-cü bəndinə görə illik 18 %-lə hesablanmış faiz məbləğlərini ödəməmiş və həmin faiz məbləğləri də ümumilikdə 115617,05 manat təşkil edir. Lakin iddiaçı bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri təmin edilə bilməz. Bundan başqa iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında imzalanmış xx.xx.2018-ci il tarixli S- 131 saylı təhvil-təslim aktında kredit üzrə əsas borc məbləğinin xx.xx.2012-ci il tarixdə ödənilməsi qeyd olunmuşdur (i/v 76). Kollegiya qeyd edir ki, aktda göstərilənlərə əsasən əsas kredit borcunun xx.xx.2012-ci il tarixdə ödənildiyi qəbul edildiyi halda, iddia müddəti ötürülmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə, yəni xx.xx.2012-ci il tarixdən hesablanmaqla təxminən 7 il 5 ay keçdikdən sonra verilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə də faiz borcunun tutulması barədə iddia rədd edilməlidir. Eyni zamanda həmin iddia tələbləri rədd edildiyinə görə borcun tutulmasının borcluya məxsus əmlaklara yönəldilməsi tələbləri də hüquqi dəyərləndirmə və araşdırma aparılmadan rədd edilməlidir. Birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı mövqeyi isə səhvdir və maddi hüquq normalarının tələblərinə ziddir. Belə ki, hər iki kredit sazişin 15.1-ci bəndində qeyd olunmuşdur ki, Saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və borcalanın bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. Buna görə də məhkəmə hesab etmişdir ki, öhdəliklər tam yerinə yetirilmədiyinə görə müqavilə qüvvədə olduğundan iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Halbuki Mülki Məcəllənin 554.4-cü maddəsində təsbit edilmişdir ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, müqaviləyə daxil edilən belə şərtlər Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır və mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-666/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən cəmi 115617,05 manat faiz borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh MMC-nin mülkiyyətində olan “SHACMAN yük” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT yük” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL WİNGLE 5 minik” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL WİNGLE 5 minik” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı, “SHACMAN YÜK” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 55111 Ş-DƏ KS 55713-l xüsusi təy.” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı, “FORD CARGO yük” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, “HONDA CRV” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı; “RENAULT LOCAN minik” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yödnəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatlarına həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar