Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-588/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3118/2024 saylı qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, 02- B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə borc alana ("xxxx" MMC) verməyi, borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci maddəsinə görə müqavilə üzrə borc 17 aprel 2019-cu il tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır. 3. Müqavilənin 1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 334 924 (üç yüz otuz dörd min doqquz yüz iyirmi dörd) manatdır. 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 334.924 manat pul vəsaiti köçürülmüşdür.
2. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 13- B/19 nömrəli borc müqaviləsinə görə Borc verən ("xxxx" ASC) bu Müqavilənin 1.3-cü bəndində göstərilən pul məbləğini dövriyyə vəsaitinin formalaşdırılması məqsədilə Borc alana ("xxxx" MMC) verməyi, Borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci maddəsinə görə müqavilə üzrə borc 04 noyabr 2020-ci il tarixinədək verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır. 1.3-cü maddəsinə görə müqavilə üzrə borc məbləği 250000 iki yüz əlli min) manatdır. 3.2-ci maddəsinə görə borc borc verənə köçürmə yolu ilə qaytarılır.
3. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 250000 manat pul vəsaiti köçürülmüşdür.
4. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli, 15- B/18 nömrəli borc müqaviləsinə görə bu müqavilə Borc verən ("xxxx" ASC) tərəfindən Borc alana ("xxxx" MMC) 2-ci şüşəbişirən sobanın istehsalat xəttində olan avadanlıqların istismara yararlılığını müəyyən etmək məqsədilə texniki auditinin keçirilməsi üçün Borc alanın müraciətinə əsasən 142529 (manat məbləğdə borcun verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Həmin müqavilənin: 2.2-ci maddəsinə görə borc 27 fevral 2019-cu il tarixinə qədər olan müddətə verilir.
5. 28.11.2018-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 142.529 manat pul vəsaiti köçürülmüşdür.
6. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2021-ci il tarixli, BE 4/21 nömrəli borc etirafı müqaviləsinə görə Borc alan ("xxxx" MMC) etiraf edir ki, onunla Borc verən ("xxxx" MMC ) arasında bağlanmış 15-b/18 nömrəli xx.xx.2018-ci, 02-b/19 nömrəli xx.xx.2019-cu, 13-b/19 nömrəli xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə bu Müqavilə imzalandığı tarixə ümumilikdə 590.000 manat məbləğində pul borcu yaranmışdır. Müqavilənin 1.2-ci maddəsinə görə bu Müqavilə üzrə Borcun son qaytarılma müddəti xx.xx.2021-ci il tarixi müəyyən edilir.
7. "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşmaya əsasən bu razılaşma ilə iddiaçı, xx.xx.2018-ci il tarixli 001 nömrəli müqavilə üzrə "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 2022-ci ilin noyabr və dekabr ayları üzrə yaranmış 34982,28 manat məbləğində qalıq borcunun və "xxxx" MMCnin özəlləşdirmə prosesi başa çatanadək yaranacaq aylıq 17491,14 manat məbləğində xidmət haqqının ödənilməsini, "xxxx" MMC isə "xxxx" ASC tərəfindən ödəniləcək məbləğlərin xx.xx.2023-cü il tarixədək hissə-hissə və ya birdəfəlik ödənilməsini, "xxxx" MMC isə müqavilə ilə müəyyən edilən əmlakların mühafizəsini təmin etməyi öhdəsinə götürür.
8. "xxxx" ASC tərəfindən həmin Razılaşma üzrə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə 17491,14 manat, xx.xx.2023-cü il tarixdə isə 34982,28 manat pul vəsaiti ödənilmişdir.
9. Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli Müəssisənin mühafizəsi haqqında 001 saylı müqavilə bağlanmış, müqavilənin xx.xx.2021-ci il tarixli əlavəsi ilə aylıq xidmət haqqının 17491,14 manat olması razılaşdırılmış, "xxxx" MMC tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 45 nömrəli Sərəncamı ilə "xxxx" MMC Cavabdeh ASCyə çevrilmiş, hazırkı cavabdeh "xxxx" MMC-nin hüquqi varisidir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı 2024-cü il 19 aprel tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2018-ci il 27 noyabr tarixli 15-B-/18 nömrəli, 2019-cu il 17 yanvar tarixli 02-B/19 nömrəli və 2019-cu il 4 dekabr tarixli 13-B-/19 nömrəli müqavilələrə əsasən ümumilikdə yaranmış 659.964,59 manat məbləğində borcun və 949.96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 27 noyabr tarixli 15-B/18 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə texniki audit üçün 142.529 manat məbləğində borc vermişdir. Daha sonra 2019-cu il 17 yanvar tarixli 02-B/19 nömrəli müqavilə ilə 334.924 manat, 2019-cu il 4 dekabr tarixli 13-B/19 nömrəli müqavilə ilə isə 250.000 manat məbləğində vəsait ayrılmışdır. Lakin cavabdeh bu borclar üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən 659.964,59 manat məbləğində ödənilməmiş borc yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli 2979 nömrəli sərəncamı ilə "xxxx" ASC-nin bəzi müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulmuş, bunun icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il 28 fevral tarixli 45 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh ASC olmuşdur. Nəticədə hüquqi şəxsin reyestr məlumatları yenilənmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı 2024-cü il 6 fevral tarixdə cavabdehə 13-5/2-0052/2024 nömrəli pretenziya məktubu göndərərək 2024-cü il 2 fevral tarixinə olan 659.964,59 manat borcun 5 gün ərzində ödənilməsini tələb etmiş, lakin cavabdeh bu tələbi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə ödənilməmiş borcun tam məbləğdə tutulmasını tələb edir.
13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyun tarixli e-2-2(113)-3118/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
14. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının borc müqavilələri üzrə ödənişlər 2019-cu il 27 fevral, 2019cu il 17 aprel və 2020-ci il 4 noyabr tarixlərində tam başa çatmalı idi. Qanunvericiliyin tələblərinə əsasən müqavilə öhdəliklərindən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmçinin icra müddəti təyin olunmuş öhdəliklər üzrə iddia müddəti həmin müddət bitdikdən sonra hesablanmağa başlayır. Qanunvericilikdə iddia müddətinin axımını dayandıran hallar sadalanmış, lakin bu mübahisəyə aid edilə biləcək bir əsas göstərilməmişdir. İddiaçının 2021-ci il 4 iyun tarixli borcun etirafına dair müqaviləni əsas gətirməsi isə qəbul edilə bilməz, çünki həmin sənəd cavabdehin iradəsini əks etdirmir. O, həmin dövrdə iddiaçının tabeliyində olduğundan bu sənəd iddia müddətinin axımını dayandırmamalıdır. Bundan əlavə, razılaşma cavabdehin iddiaçının tabeliyindən çıxmasına cəmi 18 gün qalmış imzalanmışdır ki, əgər cavabdeh borcu etiraf etmək niyyətində olsaydı, bunu daha əvvəl edə bilərdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2001-ci il 27 dekabr tarixli qərarında vurğulandığı kimi iddia müddətinin tətbiqi hüquq münasibətləri iştirakçılarını intizamlaşdırır və uzun müddət keçdikdən sonra sübutların mötəbərliyinin yoxlanılmasını çətinləşdirən halların qarşısını alır. Bu səbəbdən cavabdeh iddia müddətinin bitdiyini əsas gətirərək iddianın təmin olunmamasını xahiş etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 sentyabr tarixli e-2-2(113)- 3118/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 659.964,59 manat məbləğində pul, ödənilmiş 949,96 manat dövlət rüsumu, ümumilikdə 660.914,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia müddəti keçməmişdir. Borc müqavilələrində öhdəliklərin icrası üçün müəyyən edilən son tarixlərə əsasən 3 illik iddia müddəti ərzində tərəflər arasında 2021-ci il 4 iyun tarixli yeni razılaşma bağlanmış və borcun qaytarılması müddəti 2021-ci il 31 dekabr tarixinədək uzadılmışdır. Bu da iddia müddətinin axımını kəsmiş və nəticədə iddiaçının 2024-cü il 19 aprel tarixində məhkəməyə müraciət etməsi iddia müddətinin ötürülmədiyini göstərmişdir. Məhkəmə cavabdehin "xxxx" MMC-yə olan borcunu inkar etməsini əsassız saymışdır. Çünki müqavilələr və elektron qaimələr cavabdehin faktiki olaraq bu borcu ödəməli olduğunu göstərmişdir. Nəticə etibarilə, məhkəmə iddiaçının 590.000 manat borc müqavilələri üzrə və 69.964,56 manat borcun ödənilməsi barədə razılaşmaya əsasən ümumilikdə 659.964,59 manat tələbini əsaslı sayaraq iddianı təmin etmişdir.
17. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 739.1, 739.2, 882.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv olunmasını xahiş etmişlər.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən hakim iddia ərizəsində və pretenziyada qeyd edilən tələblərdən kənara çıxaraq borc məbləğini 69964,59 manat artıraraq həmin məbləğin də cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində və pretenziyada göstərilmədiyi halda hakim iddiaçı tərəfin nümayəndəsinin sonradan təqdim etdiyi xx.xx.2023-cü il tarixli R1/23 saylı razılaşmaya istinad edərək guya cavabdehin iddiaçının tabeliyində olan “ASK Security MMC-yə olan borcunun da cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, tərəflər arasında imzalanmış 10 fevral 2023-cü il tarixli Borcun ödənilməsinə dair Razılaşma №R1/23-ün 6.2-ci maddəsinin tələbinə görə yaranmış mübahisə məhkəmədən əvvəl mediasiya prosesini keçməli idi. Həmin Razılaşmanın 6.3. bəndinə görə mübahisə mediasiya qaydasında həll edilmədikdə aidiyyəti üzrə məhkəməyə müraciət oluna bilərdi. Cavabdehin bu barədə verdiyi vəsatətə hakim tərəfindən hüquqi qiymət verilmədi. Göründüyü kimi tərflər arasında bağlanmış müqavilənin şərtinə görə əgər tərəflər arasında mübahisə yarandıqda mübahisə ilkin olaraq mediasiya müraciət olunacaq, mediasiya prosesində tərəflər razılığa gəlinmədikdə məhkəməyə müraciət olunacaqdır. Yəni ilkin olaraq mediasiya prosesindən keçmək müqavilə ilə şərtləndirilmişdir. Lakin iddiaçı müqavilə şərtlərinə əməl etməmiş, məhkəmə isə tərəflər arasında bağlanmış müqavilənin mühüm şərtlərinə əməl olunmamasına əhəmiyyət verməmiş, icratında olan işi düzgün araşdırma aparmamış, işə səthi yanaşaraq qətnamə qəbul etmişdir. Məhkəməyə verilmiş etirazda da qeyd edilmişdir ki, iddiaçı 28 fevral 2023-cü ilədək cavbdehin təsisçisi olduğuna görə cavabdeh onun tabeçiliyində olmuşdur. İddiaçı bu vəziyyətdən istifadə edərək cavabdehi ona aid olmayan ödəmələr etməyə məcbur etmişdir: Mühafizə xidmətinə görə iddiaçının tələb etdiyi borcla əlaqədar isə bildirmişdir ki, həmin borc "xxxx" ASC-nin törəmə müəssisəsi olan "xxxx" MMC-yə göstərilən mühafizə xidmətinə görə yaranmışdır və o borcun cavabdehə heç bir aidiyyəti olmamışdır, bununla bağlı iş materiallarında heç bir sübut yoxdur. Təqdim olunmuş etirazda da qeyd edilmişdir ki, "xxxx" ASC-nin birbaşa göstərişi əsasında razılaşmanı imzalayan tərəflərdən biri- "xxxx" MMC- iddiaçıya məxsus müəssisələrdə mühafizə xidmətini həyata keçirmək üçün yaradılmış qurumdur. "xxxx" MMC ilə cavabdeh arasında 17 iyul 2018-ci il tarixində bağlanmış müqaviləyə görə cavabdeh öz ərazisinin mühafizəsi üçün haqq ödəməli olduğu halda həmin müqavilənin Əlavələrində Cavabdehlə bərabər "xxxx" MMC-nin də mühafizəsi qeyd edilib və həmin xidmətə görə haqq "xxxx" MMC-dən tutulub. "xxxx" ASC-nin Baş direktoruna "xxxx" MMC-nin direktoru tərəfindən 15 aprel 2021-ci il tarixində ünvanlanan 125- 2021 nömrəli məktubda qeyd edilib ki, "xxxx" MMC-nin əvəzinə "xxxx" MMC tərəfindən 128882.23 AZN ödənilibdir. Yəni, iyul 2018-ci ildən fevral 2021-ci ilədək cavabdeh tərəfindən "xxxx" ASC-nin birbaşa göstərişi əsasında hər ay təqribən 6267manat 57 qəpik ödəniş edilib. Həmin ödənişlər təqdim edilən e-qaimələrdə də öz əksini (ayrıca qrafa formasında) tapır. 2020-ci ilin mart ayından 2023-cü ilin fevral ayınadək (mart və fevralda da daxil olmaqla- 36 ay) bu ödənişlər tam formada davam edib. Beləliklə, göstərilən müddət ərzində Cavabdeh iddiaçı"xxxx" ASC-nin tabeliyində olan "xxxx" MMC-nin mühafizə xidmətinə görə ödəməli olduğu 225632 manat 52 qəpik borcu "xxxx" MMCyə ödəyib. 2021-ci ilin fevralınadək yaranmış 128882.23 manat börcu da nəzərə aldıqda iddiaçının tabeliyində olan və guya borcu güzəşt etdiyi "xxxx" MMC-nin əvəzinə Cavabdehin 354514 manat 75 qəpik ödəniş etməyə məcbur edildiyi məlum olur. Qeyd edilənlərdən əlavə, İdidaçının göstərişinə əsasən cavabdeh təkcə "xxxx" MMC-nin əvəzinə deyil, həm də "xxxx" MMC-nin də əvəzinə mühafizə xidmətinə (yəni "xxxx" MMCyə), enerji daşıyıcılarına (qaz, işıq), xammal təchizatına və işçilərin əmək haqqı borcuna görə 322457 manat 66 qəpik ödəmişdir. Beləliklə, ümumilikdə iddiaçı "xxxx" ASC cavabdehi məcbur edib ki, ona aid olmayan xidmətlərə görə "xxxx" ASC-nin tabeliyində olan başqa qurumlara 676972,41 manat ödəniş etsin. Və bunu təmin etmək məqsədilə də müxtəlif vaxtlarda İddia ərizəsində göstərilən Borc müqavilələrini imzalatdırıb və borcu əvəzləşdirmək bəhanəsi ilə həmin ödənişlər əvəzləşdirmək bəhanəsi ilə həmin ödənişləri icra etdirib. Qeyd edilənlərin təsdiqi olaraq sözügedən ödənişləri təsdiq edən sənədlərin bir hissəsi Cavabdeh tərəfindən (Prosesin təxirə salınması barədə Vəsatətə əlavə edilmişdi) hazırılıq mərhələsində iş materiallarına əlavə edilmişdi, o cümlədən “ASK Secuity” MC ilə Mühafizə barədə müqavilə və həmin müqaviləyə əlavə, 4 vərəq e-qaimə; "xxxx" ASC-yə həmin ödəmələrlə bağlı göndərilmiş 125-2021, 78-2021, 124-2021, ***-**** və ***-**** saylı məktubların skan surətləri. Lakin məhkəmə cavabdehin təqdim etdiyi mötəbər sübutları nəzərə almamış, iş materiallarında olan sübutlara isə düzgün hüquqi qiymət verməmiş, iş materiallarında olan sübutları iddiaçının xeyrinə şərh edərək əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməmiş, iddiaçı və cavabdeh arasında bağlanmış Borcun ödənilməsinə dair Razılaşmanın bəndlərini əsassız olaraq iddiaçının mənafeyinə uyğun tətbiq etmiş, qətnamə qəbul edərkən maddi və prosessual pozuntulara yol vermişdir.
20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən mülki və prosessual qanunvericiliyinin tələblərini nəzərə almamış, hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi bağlanmış müqavilələrdə tərəflərin əsl niyyətinin nədən ibarət olması, bağlanmış müqavilə üzrə tərəflərin həqiqi iradələrinin ifadə olunmasının aşkar edilməsi üçün müqavilənin məqsədinə uyğun olaraq görülmüş işlərin nəticəsi, ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi, bununla da tərəflər arasında bağlanmış müqavilələrin görünüş üçün aralarında olan gizli sövdələşməni ört-basdır etmək məqsədilə deyil, qanunvericiliklə nəzərdə tutulmuş etibarlılıq tələblərinə uyğun olaraq bağlanması araşdırılmamış, yalnız formal olaraq tərəflər arasında bağlanmış müqavilənin mövcudluğuna əsaslanaraq iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış hər üç borc müqaviləsindən görünür ki, qeyd olunan müqavilələr 2018-2019-cu illər aralığında çox qısa zaman kəsiyində bağlanmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüksək məbləğdə kredit borclarının ödənilməsi qabiliyyəti olmadığı, bağlanmış borc müqaviləsində göstərilmiş son ödəniş tarixinədək "xxxx" ASC-yə müqavilə üzrə hər hansı pul vəsaiti qaytarılmadığı bir halda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə davamlı olaraq kredit ayrılması qeyd olunan əqdlərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığına dəlalət edir. Bundan əlavə nəzərə alınmalıdır ki, "xxxx" ASC tərəfindən yüksək məbləğdə kreditlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılan zaman həmin kreditlərin real təminatının təmin edilməsi ilə bağlı hər hansı qanunamüvafiq tədbirlər görülməmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyəti ilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Dövlət Vergi Xidmətinə sorğu verilməsi və bu faktların araşdırılması ilə bağlı qeyd olunan qurumun üçüncü şəxs qismində cəlb edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vəsatətlə birinci instansiya məhkəməsinə müraciət olunmasına baxmayaraq vəsatət təmin edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməyib.
Bakı Apellyasiya Məhkəməsində birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-83/2025 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
23. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, "xxxx" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli sərəncamı ilə "xxxx" ASC ləğv edilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, iş üzrə tərəflərdən biri olan hüquqi şəxs ləğv olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 261.0.8, 384.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2- 2(102)-245/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-83/2025 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
27. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi şəxs dövlət qeydiyyatından çıxarılanadək hüquq subyekti kimi mövcud olmaqla hüquq və vəzifələrə malikdir. Yəni hüquqi şəxsin ləğv edilməsi barədə hər hansı aktın, o cümlədən qeyri-normativ hüquqi aktın çıxarılması onun hüquq subyekti statusuna dərhal son qoymur. Bununla bağlı yaradılan ləğvetmə komissiyası hüquqi şəxsin hüquq və öhdəliklərinin icrasını həyata keçirir. Həmçinin MM-in 61.3-cü maddəsindən də aydın olur ki, ləğvetmə komissiyasının əsas funksiyalarından biri hüquqi şəxsin tələblərini təmin etmək və mübahisəli məsələlərin hüquqi yolla həllinə yönəlmiş tədbirlər görməkdir. Bu isə o deməkdir ki, ləğv prosesində olan hüquqi şəxs, ləğvetmə komissiyası vasitəsilə öz hüquqlarını məhkəmədə müdafiə etmək imkanını saxlayır. Hazırkı işin materiallarından da görünüb ki, iddiaçı tərəf olan hüquqi şəxsin dövlət qeydiyyatı hələ ləğv olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli Sərəncamının və Nazirlər Kabinetinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə 2025-ci il 7 yanvar tarixli Sərəncamının müddəalarından da görünür ki, iddiaçı tərəf olan hüquqi şəxs hələ ləğv prosesinin ilkin mərhələsindədir. Belə olan təqdirdə onun hüquq subyektliyi də mövcud olmaqda davam edir. MPM-in 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv edildikdə iş üzrə icraata xitam verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəf kimi çıxış edən hüquqi şəxsin tam olaraq ləğv edilməsi məsələsini (MM-in 61.12-ci maddəsinin tələbləri baxımından) kifayət qədər araşdırmadan iş üzrə icraata xitam vermişdir ki, bu da yuxarıda adı çəkilən normaların tələblərinin pozulmasına səbəb olmuşdur.
28. Kassasiya instansiyası gəldiyi nəticəni AR MM-in 59.1, 60.1, 60.2, 61.3, 61.12-ci maddələrinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.7-ci maddəsinə istinadla əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq vurğuladı ki, iddia müddəti keçib və bu əsasla iddia tələbi rədd edilməlidir.
30. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcun etiraf edilməsi barədə müqavilənin etibarlı olmamasına dair cavabdehin dəlillərini əsassız hesab edir. İddiaçının ləğv etmə prosesi başa çatmayıb. Kreditorlara tələb irəli sürülməsi üçün yalnız birinci bildiriş göndərilib.
31. Əvvəl keçirilən məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi A.Hüsiyev tərəflərindən verilən apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
32. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. -522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. -882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
33. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
34. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Cavabdeh və və müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətlərində istinad etdiyi dəlillər qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldilmişdir. Odur ki, kollegiya hesab edir ki, həmin apellyasiya şikayətləri əsasında qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC (Cavabdeh ASC-nin hüquqi sələfi) arasında bağlanmış 2018-ci il 27 noyabr tarixli 15-B/18 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 142.529 manat məbləğində, 2019-cu il 17 yanvar tarixli 02-B/19 nömrəli müqavilə ilə 334.924 manat, 2019-cu il 4 dekabr tarixli 13-B/19 nömrəli müqavilə ilə isə 250.000 manat məbləğində borc verilmişdir. Lakin həmin borc məbləğlərinin 590.000 manat hissəsi borc müqavilələrində müəyyən edilmiş müddətdə qaytarılmamışdır. Eyni zamanda iddiaçı, cavabdehin hüquqi sələfi "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, R1/23 saylı üçtərəfli razılaşmaya əsasən iddiaçı xx.xx.2018-ci il tarixli 001 nömrəli müqavilə üzrə "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 2022-ci ilin noyabr və dekabr ayları üzrə yaranmış 34982,28 manat məbləğində qalıq borcunun və "xxxx" MMC-nin özəlləşdirmə prosesi başa çatanadək yaranacaq aylıq 17491,14 manat məbləğində xidmət haqqının ödənilməsini, "xxxx" MMC isə iddiaçı tərəfindən ödəniləcək məbləğlərin xx.xx.2023-cü il tarixədək hissə-hissə və ya birdəfəlik ödənilməsini öhdəsinə götürmüşdür.
40. Hazırda iddiaçı cavabdehdən 659.964,59 manat məbləğində borcun tutulmasını tələb edir.
41. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbinin faktiki əsası kimi yuxarıda göstərilən 3 borc müqaviləsinə istinad etsə də, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının ödənilməsini tələb etdiyi pulun 590.000 manat hissəsinin 3 borc müqaviləsi üzrə cavabdehə verilmiş borc məbləğlərinin qaytarılmamış hissəsi olması, qalan 69.964,59 manat hissəsinin xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehin əvəzinə "xxxx" MMC-yə ödənilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış məbləğ olması müəyyən edilmişdir. Sözügedən məsələ işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən hər iki tərəfin iştirakı ilə müzakirə edilmiş, iddiaçı tərəf məhkəmədə iddia tələbinin bir hissəsinin üçtərəfli razılaşmaya əsaslandığını təsdiq etmiş, iddia ərizəsində tələbin əsası kimi üçtərəfli razılaşmaya istinad edilməməsinin texniki səhv olduğunu vurğulamışdır. Bundan sonra 69.964,59 manat pul tələbinin əsaslılığına dair sübutlar toplanmış, o cümlədən tərəflərin nümayəndələri tərəfindən izahatlar verilmiş, hətta cavabdeh tərəf həmin razılaşmanın şərtlərinə istinad edərək iddia ərizəsinin qaytarılması barədə vəsatət vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşmaya əsaslanan 69.964,59 manat pul tələbi, o cümlədən onun faktiki əsasları ilə bağlı tərəflərin iştirakı ilə hərtərəfli araşdırma aparılmışdır.
42. Kollegiya qeyd edir ki, belə halda 69.964,59 manat pul tələbinin iddia ərizəsində istinad edilmiş borc müqavilələri üzrə deyil, xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşma üzrə yaranması əsası ilə rədd edilməsi həddindən artıq formal yanaşma olmaqla iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsinin lüzumsuz şəkildə uzadılmasına və son nəticədə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olacaq. Digər tərəfdən belə yanaşma məhkəmənin (hüquq tətbiqedənin) prosessual hərəkət və qərarlarının ardıcıl, stabil, proqnozlaşdırıla bilən olmasını nəzərdə tutan mülki prosesində hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab vermir.
43. Eynilə kollegiya işə birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində 1 ildən artıq müddət ərzində (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilmişdir) baxıldığını və tərəflərin mübahisənin barışıq yolu ilə həll edilməsi üçün kifayət qədər vaxta malik olmalarını, o cümlədən məhkəmə prosesi gedişində mediasiya müraciət etmək imkanlarının olmasını, lakin tərəflər arasında razılaşmanın əldə edilmədiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, R1/23 saylı razılaşmada nəzərdə tutulmuş mediasiya proseduruna riayət edilməməsi əsasında iddia ərizəsinin baxılmamış saxlanması barədə dəlillər formal xarakter daşımaqla məhkəmə araşdırmasının süni surətdə uzadılmasına xidmət edir.
44. İddia tələblərinin mahiyyətinə gəldikdə kollegiya qeyd edir ki, üç borc müqaviləsinə əsasən iddiaçı tərəfindən 727.453 manat vəsaiti nağdsız qaydada cavabdehə verilmiş, cavabdeh tərəfindən isə həmin müqavilələr üzrə borc məbləğlərini müqavilələrdə göstərilən müddətlərdə qaytarmaq öhdəlikləri lazımi qaydada icra edilməmiş, borc məbləğinin 590000 manat hissəsi iddiaçıya qaytarılmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə tərəflər arasında borcun etirafı barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı 590.000 manat məbləğində borcun olmasını etiraf etmiş və həmin borcun xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
45. Cavabdehin istinad etdiyi borcun etirafı barədə müqaviləni cavabdehin adından imzalanmış direktor vəzifəsini müvəqqəti icra edən Səməd Cəfərovun iddiaçının işçisi olması, həmin şəxsin müqaviləni bağlamaq səlahiyyətinin olmaması, yəni həmin müqavilənin etibarlı əqd olmaması barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən müqavilə direktor vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən imzalanmaqla yanaşı cavabdehin hüquqi sələfi olan "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş, həmin möhürün həqiqiliyi isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
46. Odur ki, hazırkı halda müqaviləni imzalayan şəxsin (Səməd Cəfərovun) sözügedən müqavilənin "xxxx" MMC-nin adından imzalamaq səlahiyyəti olmaması ehtimal edilsə belə, həmin müqaviləyə "xxxx" MMC-nin möhürünün vurulması müəssisənin möhürünü saxlamaq vəzifəsini daşıyan səlahiyyətli şəxsin həmin müqavilənin bağlanmasından məlumatlı olmasına və müqavilənə razılıq verməsinə dəlalət edir. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin müəssisənin möhürü ilə təsdiq edilmiş müqavilənin mötəbərliyini səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə mübahisələndirilməsi mülki dövriyyə vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq, eləcə də estoppel prinsipinin tələblərinə cavabdeh vermir.
47. Belə ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
48. Müqaviləni "xxxx" MMC-nin adından imzalanmış Səməd Cəfərovun eyni zamanda iddiaçının işçisi olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin hal öz təsdiqini tapsa belə özü-özlüyündə müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir.
49. Borcun etirafı barədə müqavilənin yalan və ya görünüş üçün bağlanmış uydurma əqd olması barədə üçüncü şəxsin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə qeyd edilməlidir ki, yalan və uydurma əqd fərqli anlayışlar olmaqla əqdin yalan əqd olmasını uydurma əqd olmasını və əksinə uydurma əqd olması yalan əqd olması imkanını istisna edir. Həmçinin vurğulanmalıdır ki, həm yalan, həm də uydurma əqdlər üçüncü şəxslərdə yanlış təsəvvür yaranmaq məqsədilə bağlanılır. Hazırkı halda müstəqil tələb irəli sürməyən üçüncü şəxs uydurma və ya yalan əqd olması iddia olunan müqavilənin hansı məqsədlə bağlanmasına, eləcə də yalan əqd olduğu təqdirdə hansı əqdi pərdələmək üçün bağlanmasına aydınlıq gətirməmişdir. Odur ki, sözügedən dəlillərin əsassız olması açıq-aşkardır.
50. Beləliklə, iddiaçı Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən 590.000 manat məbləğində borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
51. Müqavilələr üzrə verilmiş borc məbləğlərinin sonradan iddiaçının göstərişi ilə iddiaçının və tabeliyində olan müəssisələrin borclarının ödənilməsinə xərclənməsi barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı həmin halları sübuta yetirə bilməmişdir, digər tərəfdən həmin hallar öz təsdiqi tapsa belə cavabdehi borcun etirafı barədə mücərrəd müqavilə əsasında yaranmış borcu qaytarmaq öhdəliyindən azad etmir.
52. İddia tələbinin 69.964,59 manat pul tələbi hissəsinə gəldikdə kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixli, R1/23 saylı üçtərəfli razılaşmaya əsasən xx.xx.2018-ci il tarixli 001 nömrəli müqavilə üzrə cavabdehin "xxxx" MMC-yə olan 2022-ci ilin noyabr və dekabr ayları üzrə yaranmış 34982,28 manat məbləğində qalıq borcu və cavabdehin özəlləşdirmə prosesi başa çatanadək həmin müqavilə üzrə yaranacaq aylıq 17491,14 manat məbləğində xidmət haqqı ödəmək öhdəliyi iddiaçıya verilmiş, cavabdeh isə iddiaçı tərəfindən ödəniləcək məbləğləri xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin razılaşmaya uyğun olaraq 69.964,56 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmiş, lakin cavabdeh tərəfindən həmin məbləğ qaytarılmamışdır.
53. Kollegiya qeyd edir ki, üçtərəfli razılaşma öhdəliyin verilməsi və borc müqaviləsinin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, hazırkı halda icranın mahiyyətinə yaxın olan borc müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.
54. Odur ki, iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinə əsasən üçtərəfli razılaşma üzrə "xxxx" MMC-yə ödədiyi 69.964,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını da tələb etmək hüququna malikdir.
55. Digər tərəfdən kollegiya onu da qeyd edir ki, cavabdeh tərəfindən borc müqavilələri üzrə tələblərə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
56. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsində borcu qaytarmaq öhdəliyinin icrasının son günü xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə xx.xx.2020-ci il müəyyən edilmişdir.
57. Digər tərəfdən xx.xx.2021-ci il tarixdə tərəflər arasında borcun etirafı barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdehin 590.000 manat borucun qaytarılmasına dair yeni öhdəlik yaranmışdır. Həmin öhdəlik üzrə iddia müddətinin axımı icra müddəti bitdikdən sonrakı gün, yəni xx.xx.2022-ci il tarixdə başlamışdır. Belə olan halda iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi verməklə iddia müddətini buraxmamışdır.
58. Yuxarıda göstərilən əsaslara görə kollegiya elə qənaətə gəlir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayətlər təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3118/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Günay Axundova
Fuad Babayev