Məhkəmə qərarları › İş №2-2(103)-589/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-589/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-589/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-416/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ******* manat əsas borc, 413753,01 manat faiz borcu olmaqla ümumilikdə 3413753,01 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-416/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxx 2016-cı il tarixli 008/16 №-li kredit müqaviləsi üzrə 2997466,32 manat məbləğində əsas borc, 413753,01 məbləğində faiz borcu olmaqla ümumilikdə 3411219,33 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert düzgün hesablama aparmamış, məhkəmə isə iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə borca görə hesablanmış faizin maliyyə arayışında göstərilən məbləğdən artıq olmasını əsas gətirərək qəbul etməmişdir. İstər əsas borcun, istərsə də borca görə faiz hesablanması düzgün aparılmamış, habelə məhkəmə tərəfindən borcun haradan meydana gəlməsi və ona faizin necə hesablanması ilə bağlı məsələyə aydınlıq gətirilməmişdir. Bundan əlavə məhkəmə cavabdehin nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə bildirişləri göndərməmiş və ya gec göndərmiş, bununla məhkəmədə cavabdeh tərəfin çıxış etməsinə şərait yaratmamış, tərəflərin çəkişmə prinsipinə riayət etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx xxxx 2016-cı il tarixli 008/16 saylı kredit müqaviləsi bağlanılmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh MMC-yə 60 ay müddətinə, illik 5% ödəmək şərti ilə ******* manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu ******* manat, faiz borcu 413753,01 manat, cəmi borcu 3413753,01 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Kredit borcunun müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 30430 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx xxxxxxx 2019-cu il tarixə olan borcu əsas borc üzrə 2997466,32 manat, faiz borcu üzrə 452534,15 manat olmaqla ümumilikdə 3450000,47 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin rəyə uyğun olaraq əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, faiz borcun tutulması hissəsində isə iddianı tam təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və xx xxxxxx 2020-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, məhkəmə bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcun şişirdilməsi ilə bağlı dəlillər isə əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ekspert rəyində faiz borcunun iddia tələbindən daha çox göstərilməsi və məhkəmənin yalnız iddia tələbi həcmində faiz borcunu təmin etməsi isə həmin ekspert rəyinin düzgünlüyünü və obyektivliyini şübhə altına alınması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-416/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar