Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-589/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə cavabdeh “xxxx” ASC-yə qarşı krüedit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 1.782.080,80 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,31 manat faiz borcu olmaqla, cəmi 13.437.874,91 manat məbləğində kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “X2 Korporasiyası” ASC-dən kredit öhdəliyi üzrə qalan 10.199.780 manat əsas borc, müqavilə bitən tarixə hesablanan 56.373,79 manat faiz borcu, 306.000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.399.640,30 manat faiz borcunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 26,70 manat hissəsinin “X2 Korporasiyası” ASC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, qalan 3,30 manat hissəsinin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğdə ekspertiza xərclərinin 129,04 manat məbləğinin “X2 Korporasiyası” ASC-dən, qalan 15,94 manat məbləği isə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən faiz və cərimə hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə cərimə məbləğlərinin ən yuxarı hissəsini tutmuşdur ki, bu da cavabdehi maliyyə cəhətdən çətin vəziyyətə salmışdır. Halbuki, məhkəmə cərimə məbləğlərini minumuma endirə bilərdi. Həmçinin, məhkəmə AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1.399.640.31 manat faiz borcunu da təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, kredit məbləğinin ödənilməsini gecikdirməyə görə məhkəmə 306.000 manat məbləğdə cərimə tutmuşdur. Bundan əlavə, 56.373,79 manat faiz borcu tutulmuşdur ki, 1.399.640.31 faiz borcu ilə 56.373.79 faiz borcu mütənasiblik daşımır. Məhkəmə cərimə məbləğlərini minumuma endirməli, 1.399.640.31 manat faiz borcunu isə təmin etməməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin faiz və cərimə məbləğləri təmin olunan hissədə ləğv edilməsinin xahiş edildiyi və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu üçün qətnamə yalnız iddianın faiz və cərimə məbləğləri təmin olunan hissədə yoxlanılmalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda işdən müəyyən olunur ki, İddiaçı ASC (bank) ilə “X3 Company” MMC (borc alan) arasında bağlanmış 03.12.2015-ci il tarixli 155/15 nömrəli kredit müqaviləsi ilə bank borc alana 10.249.780 manat məbləğdə 04.08.2016-cı il tarixədək illik 6% ödənilməsi şərtilə kredit verməyi, borc alan isə kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq həyata keçirməyi öhdələrinə götürmüşlər. 26.04.2019-cu il tarixli **********313 nömrəli maliyyə arayışına görə, borc alanın kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 10.249.780 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 56.373,79 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 1.782.080,80 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan faiz məbləği 1.399.640,31 manat, müqavilə tələbləri əsasında yaranan ümumi borc 13.437.874,91 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2020-ci il tarixli 9/3897 nömrəli rəyinə əsasən borc alan tərəfindən bankdan alınmış kredit vəsaiti üzrə 04.08.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 10.256.153,79 manat, o cümlədən əsas borc üzrə 10.199.780 manat, faiz borcu üzrə 56.373,79 manat, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla cavabdehin 22.04.2019-cu il tarixə əldən çıxmış fayda üzrə borcu 1.399.640,30 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmiş, bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır, onun kredit müqaviləsi üzrə ekspert rəyi ilə hesablanmış faiz borcu 56.373,79 manat, kredit müqaviləsi müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla zərər üzrə borcu 1.399.640,30 manat təşkil edir. Bu baxımdan, birinci instansiya məhkəməsinin mötəbər ekspert rəyinə istinad edərək faiz borcunu 56.373,79 manat, illik 5 faiz hesablanmaqla zərər üzrə borcu 1.399.640,30 manat məbləğdə təmin etməsi qanuni və əsaslı olmuşdur. Həmin məhkəmənin, kredit və ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə 2) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1%-i cərimə və vaxtı keçmiş kredit üzrə 12% faiz ödənməsi şərtinə əsasən iddiaçının cavabdehdən tələb etdiyi 1.782.080,80 manat dəbbə pulunu, həmin məbləğ əsas borc məbləğinə görə tənasübsüz surətdə yüksək olduğundan, azaldaraq 306.000 manat həddə müəyyən etməsi də qanuni olmuşdur ki, bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir. Çünki, faiz borclarının məbləğinin düzgünlüyü ekspert rəyi ilə təsdiq olunur, üstəlik, məhkəmə faiz borclarını azaltmaq hüququna malik deyil, dəbbə pulu isə ədalətli həddə azaldılmışdır. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə yoxlanılan hissədə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-589/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-589/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver