Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-592/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(113)-2560/2023 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon 3126 məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus "xxxx" boya fabrikində baş vermiş yanğın hadisəsinin səbəblərini və MMC-nin mülki məsuliyyətinin yaranması faktını araşdırmaq üçün cavabdehin iddiaçıya 42 nəfər şəxsdən (adları ərizədə dəqiq göstərilmişdir) izahat alınmasına şəraitin yaradılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(113)-2560/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsindəki tələblər qeyri-dəqiqdir. Çünki “42 nəfər şəxsdən izahat alınmasına şəraitin yaradılması” ilə bağlı hərəkətlərin nədən ibarət olması aydın deyil. Mülki Prosessual Məcəllənin 152.1, 152.1.1-ci maddələrində isə göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(113)-2560/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-592/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-592/2023
30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver