Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-595/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3047/2025 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə İddiaçı MMC arasında 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-nə hesablanmış 476.444,6 manat pul borcunun 200 000 manata qədər azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2-2(113)-3047/2025 nömrəli qərardadı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı borcun azaldılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2-2(113)-3047/2025 nömrəli qərardadından iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə elektron qaydada şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin (hakim Kənan Hüseynov) e-2-2(113)-3047/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə(Ləğv prosesindədir) qarşı borcun azaldılması tələbinə dair işin icraata qəbul olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda iddianın hazırkı icraat çərçivəsində baxıla bilməməsinin səbəblərini qeyd etməmiş, hansı əsaslarla bu qənaətə gəlməsinin səbəblərini qeyd olunmamışdır. Bundan başqa əgər buiddia hazırkı icraat çərçivəsində baxıla bilməzsə, onda bu iddiaya hansı formada baxıla bilinməsi barədə də hər hansı qeydlər göstərilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3047/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) şikayətə yazılı etiraz təqdim etmiş, iddia tələbi ilə bağlı qanuni minmiş məhkəmə qərarı olmasını əsas gətirərək şikayətin rədd edilməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki: İddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər İddiaçı MMC-yə, X5, "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 994.882,57 manat məbləğində pul vəsaitinin, bundan 489.887,29 manat faiz, 5044995,28 manat cərimə borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 884.88 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 may tarixli, e-2-2(113)-204/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən 453.757,6 manat faiz borcunun, 22.687 manat dəbbə pulunun, 400 manat mediasiya xərcinin, 884,88 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli, 2- 2(103)-768/2023 nömrəli qətnaməsi ilə şirkətin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idda tələbinin tam rədd olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin 2-2(102)-163/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı MMC 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsinə əsasən məhkəmə qətnaməsi ilə tutulması qət edilən 476.444,60 manat məbləğində faiz borcunun 200.000 manata qədər azaldılmasını məhkəmədən xahiş edir. Tələbinin əsası kimi mübahisəli kredit borcunun əsas hissəsinin xx.xx.2021-ci il tarixdə X3 "xxxx" ASC-də depozit hesabında olan 2387523,7 manat pul vəsaiti ilə əvəzləşdirilməsinə və bu əvəzləşdirmənin 2017-ci ildə aparıldığı halda, faiz borcunun hazırda tələb etdiyi həcmdə azalmış olacağına istinad etmişdir. Məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdakı əsaslara görə ilə razılaşır. Birincisi, hazırkı iş üzrə İddiaçı MMC cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) olduğu halda əvvəlki məhkəmə mübahisələrində cavabdehlərdən biri qismində İddiaçı MMC, iddiaçı qismində adıçəkilən bankın iştirak etməsi sözügedən məhkəmə mübahisələrinin eyni tərəflər arasında olduğunu göstərir. İkincisi, əvvəlki tələblərlə hazırkı iddia tələbinin əsaslarının eyni olub-olmaması məsələsinə münasibətdə kollegiya qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci tarixli qərarı). Hazırkı halda əvvəlki məhkəmə mübahisədə olduğu kimi iddianın əsasını 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi təşkil edir. Mübahisənin predmetinə münasibətdə qeyd edilməlidir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Hazırkı halda hər iki iddianın predmetini bank ilə iddiaçı arasında bağlanmış mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti, o cümlədən bankın İddiaçı MMC və digər borclulardan həmin müqavilə üzrə faiz borcunun ödənilməsini tələb etmək hüququ, iddianın predmetinin tərkib hissəsi olan iddianın obyektini isə qeyd edilən müqavilə üzrə borclulardan tutulmalı olan faiz borcunun həcmi təşkil edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İddiaçının hazırki tələb ilə hansı orqana müraciət etməli olması barədə birinci instansiya məhkəməsi tərəfindən hər hansı izah verilməməsi barədə şikayətin dəlilinə münasibətdə kollegiya bildirir ki, mülki məhkəmə icraatını tənzimləyən normalarda iddiaçıya hansı orqana müraciət etməli olduğu barədə izahın verilməli olduğu hallar konkret göstərilmişdir. Belə ki, MPM-in 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Hazırki halda isə iş üzrə icraata MPM-in yuxarıda istinad edilən 261.0.1-ci və ya 261.0.8ci maddələrinə əsasən deyil, MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, iddiaçının yuxarıda göstərilən dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3047/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-595/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-595/2025
16.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver