Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-596/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2-2(113)-415/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Nikoyl İKB” ASC (İddiaçı ASC) ilə Cavabdeh MMC arasında 01 iyun 2007-ci il tarixdə kredit müqaviləsinə əsasən bağlanmış, verilmiş kreditin təminatı olaraq ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
2. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən əsas, faiz və cərimə borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi qət edilmişdir.
3. Hazırda iddiaçı öhdəliyin vaxtında yerinə yetirilməməsi səbəbindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 29 aprel 2010-cu il tarixdən 29 sentyabr 2022-ci il tarixinədək gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5 % üzrə 33.905,17 manat pulun tutulmasını xahiş edir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 33.905,17 manat məbləğin və ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya xərcinin) Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh MMC arasında bağlanan 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən Borc alana 50.000 manat məbləğində illik 22 % olmaqla 18 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Nikoyl İKB” ASC (İddiaçı ASC) Cavabdeh MMC-dən 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimənin və 19,80 manat dövlət rüsumunun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 562/2009 saylı 12 fevral 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)- 147/2010 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən Nikoyl İKB” ASC-nin (İddiaçı ASC) xeyrinə 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun, cəmi 54.612,36 manat borcun tutulması, borcun ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evinin hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qət olunmuşdur. Cavabdeh MMC-nin Banka 29 aprel 2010-cu il tarixdən 29 sentyabr 2022-ci il tarixinədək 01 iyun 2007-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 33.905,17 manat borcu vardır.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icra olunmamasının səbəbləri iddiaçının özünün qanunsuz hərəkətləri ilə bağlıdır. Bu vaxta kimi icra qanuni əsaslarla dayandırılmışdır. Burada Cavabdeh MMC-nin hər hansı bir qeyri-qanuni hərəkəti olmamışdır. Faktiki olaraq Cavabdeh MMC uzun illərdir ki, fəaliyyətini dayandırıb. Bu barədə Dövlət Vergi Xidməti tərəfindən verilmiş sənədlər etiraza əlavə olunur. Digər tərəfdən Bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməsə də Cavabdeh MMC tərəfindən kreditin təminatı olaraq banka əmlak təqdim olunmuşdur. Bank da əmlakı dəyərləndirərək kreditin təminatı olaraq həmin əmlakı ipoteka ilə yüklü etmişdir. İddiaçı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 fevral 2009-cu il tarixli qətnaməsinə istinad edərək, həmin qətnamə ilə iddia tələblərinin təmin edilməsini və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini bildirir. Halbuki istinad olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə dəyişdirilmiş, sonradan həmin qətnamədən də tərəflərin hər biri tərəfindən verilmiş kasasiya şikayətləri əsasında Ali Məhkəmədə yenidən baxılmış və Ali Məhkəmənin xx.xx.2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 fevral 2009-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 6683 manat əsas kredit borcunun tutulması və girov əmlak yetərli olmadıqda Cavabdeh MMC-nin başqa əmlakı hesabına borcun qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilmiş. İddia tələbi həmin hissədə rədd edilmiş. Qətnamə qalan - Cavabdeh MMC ilə Nikoyl İKB arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 450307 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh MMC-dən NİKOYL İKB–nin xeyrinə xx.xx.2007-ci il tarixli 450307saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 43317 manat məbləğində əsas kredit borcunun, 7215.82 manat məbləğində faiz borcunun, gecikdirməyə görə xx.xx.2008-ci il tarixədək hesablanmış 4079,54 manat cərimənin, cəmi 54612.36 manatın tutulması, borcun girov qoyulmuş ünvan 2 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi iddia üzrə ödənilmiş 19.80 manat dövlət rüsumunun Cavabdeh MMC-dən Nikoyl İKB-nın xeyrinə tutulması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh MMC ilə Nikoyl İKB arasında olan mülki mübahisəyə yekun hüquqi qiymət verilərək son qoyulmuş, həmin qətnamə ilə tərəflər arasında qarşılıqlı mülki hüquq münasibətləri, hüquq və öhdəlikləri yaradan müqaviləyə xitam verilmiş, yaranmış borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi qət edilmişdir. Bununla da Cavabdeh MMC-nin bank qarşısında hər hansı bir öhdəliyi qalmamışdır. Xitam verilmiş kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyi əsas gətirərək Cavabdeh MMC-dən əlavə pul tələb etməyin heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 448, 21, 445.1, 445.7-ci maddələrinə istinad edir və gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb edir. Qeyd olunan maddələr borclunun öz risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyətindən bəhs edilir və MM-in 445.7 ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd olunur. İşin hallarından göründüyü kimi borcalan Cavabdeh MMC kredit müqaviləsi üzrə öz risklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi üçün daşınmaz əmlak təqdim edib. Bank eyni zamanda gələcəkdə baş verə biləcək risklərdən sığortalanmaq üçün daşınmaz əmlakı ipoteka ilə yüklü edib və bu günə qədər də daşınmaz əmlak iddiaçının yüklülüyündədir. Yəni bank bu gün də ipoteka saxlayandır. Bununla yanaşı iddiaçı öz hüququndan istifadə edərək MM– nin 445.7-ci maddəsində nəzərdə tutulmuş məbləğdən daha yüksək məbləğ tələb edib və həmin tələblərə baxılaraq qətnamə çıxarılıb. Bu gün də həmin qətnamə qanuni qüvvədədir. Qətnamənin icra olunmamasına görə Cavabdeh MMC məsuliyyət daşımır. İddiaçı istinad etdiyi maddələri düzgün təfsir etmir. İddiaçı 2010-cu ildən 2022-ci il tarixinədək olan müddət, yəni 12 il müddətinə 5% ödəniş tələb edir. Sual yaranır ki, iddiaçı əldə edə biləcəyi faydadan məhrum olurdusa nəyə görə daha tez iddia qaldırmırdı və ya nə üçün 12 il gözləyirdi? Qanunla iddia tələbi ilə bağlı müəyyənləşdirilmiş iddia müddətləri vardır. İddia ərizəsi həmin iddia müddətləri daxilində verilməli idi. İdiaçı qeyd edir ki, onlara tələblə bağlı müvafiq sənədlər göndərilmişdir. Əslində isə iddiaçı tərəfindən, o cümlədən icra məmuru tərəfindən məhkəməyə təqdim olunan sənədlər onlara verilməmişdir. Cavabdeh MMC-ilə iddiaçı arasında olan kredit müqaviləsi üzrə tələblərə baxılmış və hüquqi qiymət verilmişdir. Hazırkı vəziyyətdə Cavabdeh MMC-nin iddiaçı bank qarşısında hər hansı bir öhdəliyi yoxdur. İddiaçı xitam verilmiş müqavilə əsasında 12 il sonra əsassız iddia qaldırıb pul tələb edir ki, bunun heç bir hüquqi əsası yoxdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-415/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh MMC ilə "xxxx" İKB ASC arasında 01 iyun 2007-ci il tarixli kredit müqaviləsi illik 22 faizlə 18 ay müddətinə bağlanmış və bu müddət ərzində Cavabdeh MMC tərəfindən kreditin tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Kredit müqaviləsi üzrə borc ödənilmədiyindən bankın illik beş faizlə hesablanmış əldən çıxmış fayda borcu tələb etmək hüququ yaranmışdır.
11. Cavabdeh MMC üzərinə düşən öhdəliyi 01 dekabr 2008-ci il tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlar 449.1-ci maddənin tərkibini yardır.
12. Məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır.
13. Belə ki, 01 iyun 2007-ci il tarixli kredit müqaviləsi hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
20. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
21. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
27. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Nikoyl İKB” ASC (İddiaçı ASC) ilə Cavabdeh MMC arasında 01 iyun 2007-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd edilmiş kredit müqaviləsindən yaranmış mübahisə üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-562/2009 saylı 12 fevral 2009-cu il tarixli qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi ilə qismən ləğv edilərək, Cavabdeh MMC-dən Nikoyl İKB” ASC-nin (İddiaçı ASC) xeyrinə 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun, cəmi 54.612,36 manat borcun tutulması, borcun girov qoyulmuş ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evinin hərracdan satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi qət edilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi üzrə xx.xx.2010-cu il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmiş, xx.xx.2010-cu il tarixdə Səbail rayon İcra Şöbəsi tərəfindən qeyd edilmiş icra vərəqəsi əsasında icraata başlanılmışdır.
29. İddiaçı tərəf hazırda Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2- 1(103)-147/2010 saylı qətnaməsinin hələ də icra edilmədiyini, borcun ödənilmədiyi və ipoteka predmetinin satılması ilə bağlı hərracın keçirilmədiyini qeyd edərək 29 aprel 2010cu il tarixdən 29 sentyabr 2022-ci il tarixinədək 01 iyun 2007-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5 % üzrə 33.905,17 manat pulun tutulmasını xahiş edir.
30. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, Cavabdeh MMC-nin hər hansı bir fəaliyyəti yoxdur, ona görə də qət edilmiş məbləği ödəyə bilmir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icra edilməsinə hər hansı bir sünii maneə yaratmamışdır.
31. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmə əsası məhz Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)- 147/2010 saylı qətnaməsinin icra edilməməsinin nəticəsidir.
32. Yuxarıda qeyd edilə qanunvericilik normalarından da göründüyü kimi, qanun öhdəliyin əmələ gəlmə əsaslarının dairəsini müəyyən edərək onun zərər vurulma (1), əsassız varlanma (2), müqavilə (3), Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan (4) yarana bilmə imkanını qeyd etmişdir.
33. Mülki Məcəllənin 442 və 445.7-ci maddələri, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslində yerləşir.
34. Göründüyü kimi qanunun 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir.
35. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir.
36. Belə olan halda yəni, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2- 1(103)-147/2010 saylı qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.
37. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icrası ilə bağlı icra materialları tələb edilmiş (müvafiq sənədlərin surətləri işə əlavə edilmişdir) və qeyd edilmiş icra materiallarında borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı bir qərəzli maneələrin yaradılması aşkar olunmamışdır.
38. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2- 1(103)-147/2010 saylı qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir.
39. 14.01.2011-ci il tarixli Səbail rayon İcra Şöbəsinin icra məmurunun qəbul etmiş olduğu qərarla ipoteka predmetinin qiymətləndirilməsi məqsədi ilə qiymətləndirici dəvət edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə rəy verilərək ipoteka predmetinin qiyməti 35.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərracın keçirilməsi xx.xx.2015-ci il tarixinə təyin edilmişdir. Ancaq qeyd edilmiş hərracın nəticəsi ilə bağlı hər hansı bir məlumat yoxdur.
40. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 2852/2022 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" ASC və qeyrilərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməmiş və qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7317/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.
41. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icrası ilə bağlı hər hansı bir qərəzli olaraq boyun qaçıran hərəkətləri müşahidə olunmamışdır.
42. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsi zərurəti yoxdur.
43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-415/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-415/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova