Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-597/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2089/2021 saylı 08.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəyəverənin vurduğu 150000 manat zərərin Cavabdeh tutularaq ona ödənilməsinin təmin edilməsi və binaya onun tərəfindən infrastruktur və yaxşılaşdırma işləri üzrə həyata keçirilmiş ayrıla bilən bütün təmir işlərinin onun tərəfindən geri götrülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə qətnamə çıxarılana və qanuni qüvvəyə minənədək icarə obyektinə icarəçi və əməkdaşları tərəfindən giriş və icarəçiyə məxsus əşyalara, telekommunikasiya qurğularına icarəçi və onun əməkdaşları tərəfindən maneəsiz baxış həyata keçirilməsi, cavabdeh tərəfindən bununla bağlı istənilən məhdudiyyətlərin aradan qaldırılması və son bir neçə ayda obyektin aşağı mərtəbələrinin 3-cü şəxsə verilməsini, binada silkələnmələrin yaranmasını, İddiaçı MMC-yə icarəyə verilən 4 və 5-ci mərtəbələrdə su və elektrik təchizatının olmamasını, binada subasma hadisələrinin dəfərlərlə təkrarlanması və beləliklə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə alaraq, İddiaçı MMC tərəfindən Cavabdeh “icarə haqqı” ödənilməsinin müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2089/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iddianı təmini tədbiri barədə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının icarəyə verilmiş obyektə daxil ola bilməməsi xarici investitor kimi onun fəaliyyətini iflic vəziyyətinə salır. Minlərlə müştərinin günlərlə internet xidmətlərindən məhrum olmasına səbəb olur, həm istehlakçılara, həm də iddiaçıya xeyli miqdarda ziyan vurur, eyni zamanda, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaracaq, cavabdehin dəymiş ziyanın miqdarını ödəməsi qeyri-mümkün olacaq. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Q.Paşayev şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8, 376.2 və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddiaçının ərizəsini rədd edərkən məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfin tətbiq edilməsini tələb etdiyi iddianı təmin etmə tədbirinin onun məhkəmədə mübahisələndirdiyi iddia tələbi ilə hər hansı bağlılığı olması və qətnamənin icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilcəyi halları müəyyən edilmir. Buna görə də hesab edirəm ki, qeyd olunan xüsusatlar şikayətin təmin olunması üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 mart 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məcəllənin qeyd olunan müddəalarının mənasından, eləcə də, Konstitusiya məhkəməsinin qərarında irəli gələn şərhindən göründüyü kimi, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün kifayət qədər əsaslar olmalı, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədini daşımalı, müvəqqəti xarakterə malik olmalı və ən əsası iddia tələbinə mütənsib olmalıdır. Konkret halda isə, iddiiaçının ilkin olaraq məhkəməyə təqdim etdiyi iddia ərizsindən və həmin iddia ərizəsinə əlavə etdiyi iddianı təmin etmə tədbiri barədə ərizəsindən görünür ki, iddiaçının iddianı təmin etmə tədbiri qismində tətbiq edilməsini xahiş etdiyi – «icarə obyektinə icarəçi və əməkdaşları tərəfindən giriş və icarəçiyə məxsus əşyalara, telekommunikasiya qurğularına icarəçi və onun əməkdaşları tərəfindən maneəsiz baxış həyata keçirilməsi, bununla bağlı istənilən məhdudiyyətlərin aradan qaldırılması barədə və icarə haqqı ödənilməsinin müvəqqəti olaraq dayandırılması barədə - iddianı təmini tədbirlərinin tətbiqi üçün kifayət qədər əsaslar mövcud deyil və həmin tədbir növləri iddiaçının iddia tələbləri ilə mütənasiblik təşkil etmir. Belə ki, iddiaçının ilkin olaraq məhkəməyə təqdim etdiyi iddia ərizəsində iki tələb irəli sürmüşdür: 1.İcarəyə verənin vurduğu 150000.00 manat zərərin cavabdehdən tutulması; 2. Binaya iddiaçı tərəfindən infratruktur və yaxşılaşdırmaişləri üzrə həyata keçirilmiş ayrıla bilən bütün təmir işlərinin iddiaçı tərəfindən geri götürülməsi; Göründüyü kimi, iddianı təmin etmə tədbirləri ilə iddia ərizəsində irəli sürülən iddia tələbləri bir-birilə mütənasiblik təşkil etmir. Ümumiyyətlə, iddiaçın şikayətinin dəlillərində də açıq-aşkar bildirir ki, onun tətbiq edilməsini xahiş etdiyi iddianı təmini tədbirləri gələcəkdə ona və üçüncü şəxslərə vurula biləcək zərərin qarşısını almaq məqsədini daşıyır. Halbuki, həmin tədbirlərin tətbiq edilməsi gələcəkdə qeyd olunan iddia tələbləri üzrə iddiaçının xeyrinə qəbul ediləcək qətnamənin icrasını asanlaşdırmır və onun icrasını təmin edilməsinə yönəlmir. Beləliklə də qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi iddianı təmin etmə tədbiri barədə ərizəsində görülməsini tələb etdiyi iddianı təmin etmə tədbirləri Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında təsbit olunan meyarlara cavab vermir. Ona görə də məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin 08.04.2020-ci il tarixli qərardadı ilə iddiaçının həmin ərizəsinin - tətbiq edilməsi tələb edilən iddianı təmin etmə tədbirlərinin iddia tələbi ilə hər hansı bağlılığının olmaması, qətnamənin icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilcəyi halların müəyyən edilmədiyi əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, qərarad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Kommersiya Məhkəməsinin e-2-2(113)-2089/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-597/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-597/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver