Məhkəmə qərarları › İş №2-2(103)-597/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-597/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-597/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-84/2020 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2012-ci il tarixli 01K/12 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə faiz borcu 75.658,02 manat, cərimə borcu 36.170,85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 15.798,18 manat, cəmi 127.627,05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi əvəzi qismində 11 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğdə pul vəsaitinin 110 manat məbləğdə hissəsinin cavabdehdən, 190 manat məbləğdə hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-97/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 182/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - cərimə borcu və dəbbə pulu hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-971/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiyası icraata qəbul edilmiş, cavabdeh xx.xx.2020-ci il tarixli qətnamədən apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-35/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiyasının icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardad ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət cavabdehə münasibətdə bərpa edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, cavabdehin apellyasiyasının mümkün hesab edilməməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qətnamə cavabdehin rəsmi ünvanına məhkəmə tərəfindən poçt vasitəsi ilə göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən 2 il müddət keçdikdən sonra prosessual müddət buraxılmaqla qətnamədən apellyasiya şikayəti verilmişdir. Bu müddət ərzində iş bir dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olmuş və kassasiya şikayəti təmin edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmışdır. Məhkəmənin qərardadında qeyd edilir ki, yalnız xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru olan X1 istifadəsində olan mobil nömrəyə SMS vasitəsilə gələn bildirişdən məhkəmə işinin olmasından cavabdeh xəbər tutmuşdur. Lakin, məhkəmə tərəfindən proses dövrü ərzində dəfələrlə cavabdehin direktorunun istifadəsində olan mobil nömrəyə SMS bildirişlər göndərilmişdir. Demək, cavabdeh əvvəlcədən də həmin məhkəmə prosesinin olmasından xəbərdar olmuşdur. Çünki həmin nömrəyə əvvəlcədən göndərilmiş SMS bildirişlərin cavabdehə çatmayaraq yalnız xx.xx.2021-ci il tarixdə göndərilmiş bildirişin çatması ağlabatan deyil. Fiziki şəxslərdən fərqli olaraq hüquqi şəxslərin müvafiq olaraq rəsmi qeydiyyatdan keçdiyi ünvanda çoxlu sayda işçiləri, həmçinin müvafiq olaraq məhkəmə və digər orqanlardan gələn bildirişlər və digər sənədlərin qəbul edilməsi üçün elektron kabineti olur. Həmçinin hüquqi şəxs rəsmi qeydiyyatdan keçdiyi ünvana dövlət orqanlarından istər elektron, istərsə də poçt vasitəsi ilə gələn bildirişlərin cavablandırılması üçün məsuliyyət daşıyır. Həmin sənədlərin qəbul edilməməsi və onlara cavab verilməməsi həmin hüquqi şəxsi məsuliyyətdən azad etmir. Hüquqi şəxs müvafiq olaraq öz ünvanını dəyişdiyi və ya ləğv edildiyi zaman qanunvericiliyin tələbinə uyğun olaraq banka bu barədə məlumat verməlidir. Lakin, Cavabdeh MMC tərəfindən banka ünvanının dəyişdirilməsi barədə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidmətindən əldə olunan məlumata əsasən isə Cavabdeh MMC-nin rəsmi ünvanı ünvan 1 cavabdehin rəsmi ünvanına göndərilmiş bildirişlərin və qətnamənin alınmaması üçün birbaşa cavabdeh məsuliyyət daşımalıdır və qətnamənin cavabdehə göndərilməsindən 2 il sonra verilmiş apellyasiya şikayəti icraata qəbul edilməməli, məhkəmə tərəfindən mümkünsüz sayılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qanunla tələb olunan rəsmi qaydada cavabdehə təqdim olunması, verilməsi işdən müəyyən olunmur. İşdə olan poçt zərfindən görünür ki, qətnamə xx.xx.2020-ci il tarixdə cavabdehə (ünvan 2 ünvana) göndərilmiş, lakin, zərf ünvan sahibinə çatdırılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Bu baxımdan cavabdehin ərizəsinə hüquqi qiymət verən məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-84/2020 nömrəli iş üzrə 11 aprel 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov İlham Kərimli Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar