Məhkəmə qərarları › İş №2-2(103)-597/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-597/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-597/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: vurulmuş zərərin əvəzinin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı Firmasının cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-159/2023 nömrəli qətnaməsindən İddiaçı Firması və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, 6 iyul 2021-ci il tarixdə saat 17 radələrində Cavabdeh2 idarə etdiyi Daewoo Bs090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi nəticəsində İlkin-92” Firmasına məxsus 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, “Mercedes Benz” Yük markalı nəqliyyat vasitəsinə ziyan dəymişdir.

2. Yol-nəqliyyat hadisəsi isə bağlı xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)- 105/2022 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir.

3. “555 Avtoservis” tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli qüsur aktına əsasən 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, X10 markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 16.545 manat olmuşdur.

4. AB 592332 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Daewoo Bs-090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir.

5. AR-İ 404851 saylı etibarnamədən görünür ki, X2 xx.xx.2015-ci il tarixində 9 il 5 ay 20 gün müddətində Cavabdeh2 ona məxsus olan daşınar əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi və.s dair etibarnamə vermişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Firması cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh2 16.641 manat məbləğində maddi ziyan, 10.000 manat məbləğində mənəvi zərər, ümumilikdə 26.641 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Firmasına verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırımışdır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü il buraxılışlı 99AN017 dövlət nömrə nişanlı, Mercedes BenzYük markalı avtomobil İddiaçı Firmasına məxsusdur. 6 iyul 2021-ci il saat 17 radələrində Bakı şəhəri, Pirşağı qəsəbəsi, Əjdər Məlikov və Ağa Əlizadə küçəsi kəsişməsində iddiaçının işçisi X3 avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi “Daewoo Bs-090” markalı, 10TE907 dövlət nömrə nişanlı "xxxx" MMC-nin avtobus sürücüsü olan Cavabdeh2 tərəfindən törədilmişdir. O, yol hərəkəti qaydasını pozaraq “Yol verin” yol nişanına əməl etməyərək, iddiaçının avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində sürücü X3, X4 və X5 müxtəlif bədən xəsarətləri almış, avtomobilə isə ziyan dəymişdir. Sabunçu rayon Polis İdarəsində hadisə ilə bağlı təhqiqat araşdırması aparılmış, cinayət işinin rədd edilməsi və Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Sabunçu rayon Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh2 təqsiri sübuta yetmiş və o inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Cavabdeh2 hazırda "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Ona görə də "xxxx" MMC öz işçisinin hüquqa zidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi var. İddiaçı Firmasının əsas fəaliyyəti çörək paylamaqdır. Hadisə nəticəsində çörək paylanması dayandırılmış və şirkətin fəaliyyətini həyata keçirməsi məhdudlaşdırılmışdır. Şirkət öz öhdəliklərini yerinə yetirə bilməmiş və reputasiyası zərər görmüşdür.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, İddiaçı Firmasına məxsus ** AN *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı Mercedes-Benz markalı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 13.280 (on üç min iki yüz səksən) manat məbləğində pulun Cavabdeh2 Dadaş oğlundan tutularaq İddiaçı Firmasına ödənilməsi qət edilmişdir.

9. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçıya dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün işdəki qüsur aktı əsasında məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Firmasına məxsus 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, X10 markalı nəqliyyat vasitəsinin təxminən təmir-bərpa xərci 13.280 manat təşkil edir.

10. Məhkəmə qeyd etmişdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Daewoo Bs- 090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 MMC-nin mülkiyyətində deyildir. İş materiallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 01-31 iyul 2021-ci il tarixləri üçün 10TE907 dövlət qeydiyyat nişanlı və digər bir çox nəqliyyat vasitələri üçün yol vərəqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, yolnəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 idarə etdiyi avtobusu Binəqədi rayonunda yerləşən qarajdan təmir etdirib yaşadığı evə gedərkən olmuşdur, avtobusun əyləc sistemini təmir etdirib və növbəti gün işə çıxmaq üçün yaşadığı evə getmiş, avtobusda sərnişin və yük olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verərkən xidməti vəzifəsini idarə edib-etməməsi soruşulmuş, o isə həmin gün işləmədiyini və hadisənin işdən kənar, servisdən evə gedərkən baş verdiyini bildirmiş, həmçinin də, hal-hazırda Cavabdeh1 MMC-yə aid avtobus xəttində fəaliyyət göstərmədiyini və avtobusun evdə həyətdə olduğu bildirmişdir

11. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, Cavabdeh2 tərəfindən yolnəqliyyat hadisəsi yəni, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermədiyindən iddia Cavabdeh1 MMC-yə münasibətdə təmin edilə bilməz. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, dəymiş ziyana görə pulun tutulması hissəsində iddia qismən təmin edilərək Cavabdeh2 İddiaçı Firmasının xeyrinə 13.280 manat məbləğində pul tutulmalıdır.

12. Mənəvi ziyan tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı Firması çörək paylama fəaliyyəti ilə məşğul olduğundan onun ancaq cəmi bir nəqliyyat vasitəsi ilə bu fəaliyyəti həyata keçirməsi inandırıcı deyildir, bundan başqa hətta bu cür olsa da belə, qeyd edilən hal İddiaçı Firması adlı kommersiya hüquqi şəxsinin mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilməz. Belə ki, mənəvi sarsıntı və iztirabların keçirilməsi fiziki şəxslərə xas bir xüsusiyyətdir, hüquqi şəxsin isə necə mənəvi sarsıntı keçirə bilməsi imkanı belə anlaşılan deyildir. Buna görə də mənəvi ziyanın tutulması ilə bağlı hissədə iddia təmin edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı Firması qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən 16.641 manat məbləğində maddi ziyanın alınaraq iddiaçiya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və idda tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı Firması apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi mülki iş üzrə yekun məhkəmə aktı çıxararkən işin bütün hallarını obyektiv araşdırmamış, hadisə ilə bağlı əsassız və qanunsuz olaraq cavabdeh "xxxx" MMC-ni mülki məsuliyyətdən azad etmiş, eyni zamanda iddia tələbində göstərilən mənəvi zərər hissəsinə toxunulmamışdır. Qətnamə çıxarılarkən yol nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 "xxxx" MMC-nin avtobus sürücüsü olmasını, cavabdehin "xxxx" MMC ilə rəsmi əmək müqaviləsinin olmasını, hadisənin törədildiyi tarix də daxil olmaqla 01-31 iyul 2021-ci il tarixləri üçün 10TE907 dövlət qeydiyyat nişanlı avtobusu "xxxx" MMC tərəfindən verilən yol vərəqəsi əsasında idarə etməsini məhkəmə nəzərə almamış, qanunverciliyin normalarına zidd olaraq maddi ziyanı bütövlükdə Cavabdeh2 oğundan tutmuşdur. Cavabdeh2 məhkəmə prosesi zamanı verdiyi ifadəsində qeyd olunan avtobusu təmir etdirdikdən sonra evə gətirdiyini, əmək funksiyalarını həyata keçirmədiyini bildirmişdir. Lakin avtobusun "xxxx" MMC-yə məxsus olmasını, sürücüyə verilmiş yol vərəqələri əsasında fəaliyyət göstərməsini nəzərə alsaq, qeyd olunan avtobusun təmirə aparılmasının işəgötürənin göstərişi olması, onun nəzarəti çərçivəsində həyata keçirilməsi aydın olur. "xxxx" MMC-nin maddi məsuliyyətini təsdiq etdiyi halda, məhkəmə qanunverciliyin normalarını ciddi şəkildə pozmuşdur. Bakı Kommersiya Məhkəməsi qeyd olunan müddəalara zidd olaraq, bütün maddi ziyanın əsassız olaraq cüzi əmək haqqı alan Cavabdeh2 tutulmasını qət etməklə, İddiaçı Firmasının hüquqi mənafeyinə ciddi zərər gətirilməsinə səbəb olmuş, mülki işin gedişində məhkəmənin qərəzli mövqeyini nümayiş etdirmişdir.

16. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən iddiaçıya dəymiş zərərin məbləğini aydınlaşdırmamışdır. Belə ki, dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Keçirilmiş ekspertiza zamanı ekspert iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına istinad edərək dəymiş zərərin məbləği müəyyən edilmişdir. Ekspertiza keçirilən zaman zərər dəymiş nəqliyyat vasitəsinə tərəflərin iştirakı ilə baxış keçirilməmişdir. Qətnamədə qeyd olunan məbləğdə pulun cavabdehdən tutulması halında iddiaçı tərəf əsassız varlanmış olacaq. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli halları yetərincə araşdırmamış, tərəfimdən vurulmuş zərərin məbləği ilə bağlı düzgün qənaətə gəlməmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində 13280 manat məbləğində zərərin cavabdehdən tutulmasını qət etsə də, həmin zərər məbləği işin hallarına uyğun deyildir. İşin hallarından görünür ki, dəymiş zərər həmin məbləğdən qat-qat aşağıdır. Həmin məbləğ İddiaçı Firmasına məxsus 99AN 017 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı Mercedes-Benz markalı nəqliyyat vasitəsinin təmir edilməsi üçün kifayət edəcək məbləğdən çoxdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

18. Cavabdeh2 məhkəmə iclasında tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

19. Digər cavabdeh "xxxx" MMC-nin elektron kabinetə bildiriş yerləşdirilməklə və SMS xəbərdarlıq göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi iclaslarda iştirak etməmişdir.

20. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə iddiaçı və Cavabdeh2 tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı Firmasının xeyrinə müştərək qaydada 13.280 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 6 iyul 2021-ci il tarixdə Cavabdeh2 idarə etdiyi Daewoo Bs090” markalı, 10TE907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində İddiaçı Firmasına məxsus 2013-cü il buraxılışlı 99AN017 dövlət qeydiyyyat nişanlı, X10 markalı nəqliyyat vasitəsinə ziyan dəymiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-105/2022 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh2 hadisə baş verərkən Cavabdeh1 MMC-də sürücü vəzifəsində işləmiş və idarə etdiyi avtobusu Cavabdeh1 MMC tərəfindən 01-31 iyul 2021-ci il tarixləri üçün verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “555 Avtoservis”-in xx.xx.2021- ci il tarixli qüsur aktında nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 16.545 manat olduğu qeyd edilsə də, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı zamanı həmin qüsur aktında qeyd edilmiş zədəli ehtiyat hissələrinin bazar dəyəri və təmir xərci köhnəlmə faizi tətbiq edilməklə 13.280 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında dəyişilməli olan ehtiyat hissələnin köhnəlmə faizi nəzərə alınmadığından cavabdehlərdən 16.545 manat tutulması hissəsində iddiaçının apellyasiya şikayəti əsassız hesab edilir.

24. Cavabdeh2 apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin şişirdildiyini qeyd edərək iş üzrə təkrar ekspertiza təyin edilməsin, dəymiş ziyanın nəqliyyat vasitəsinə baxış keçirilməklə müəyyənləşdirilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili nəqliyyat vasitəsinin təmir olunduğunu bildirmişdir. Məhkəmə qeyd edilən halı və iş materiallarına əlavə edilmiş fotoşəkilləri nəzərə alaraq hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş nəqliyyat vasitəsinə xeyli ziyan dəydiyi aşkar göründüyündən, nəqliyyat vasitəsi təmir edildiyi üçün dəymiş ziyanın yalnız işdəki qüsur aktı əsasında hesablanması mümkün olduğundan iş üzrə təkrar eksertiza təyin edilməsi barədə cavabdehin vəsatəti əsassızdır. Məhkəmə qeyd edir ki, əsaslı zərurət olmadan iş üzrə təkrar ekspertizalar təyin edilməsi işlərə məhkəmə tərəfindən ağlabatan müddət ərzində baxılması prinsipinə zidd olmaqla ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olur.

25. Məhkəmə Cavabdeh1 MMC-yə qarşı hissədə iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişlərinin reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 MMC-də əmək müqaviləsi ilə işləmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən Cavabdeh2 əmək müqaviləsi ilə işlədiyini qəbul etməsə də, Cavabdeh2 özü hadisə baş verərkən Cavabdeh1 MMC-də avtobus sürücüsü vəzifəsində işlədiyini mübahisələndirilməmiş, eyni zamanda hadisə baş verdiyi gün sürücünün avtobusu Cavabdeh1 MMC-nin verdiyi yol vərəqəsi əsasında idarə etməsi barədə sübut kağız daşıyıcıda iş materiallarının 87-ci vərəqinə əlavə edilmişdir. Məhkəmə MPM-nin 372.2-ci maddəsinə əsasən iddiaçının apellyasiya instansiyası mərhələsində təqdim etdiyi əmək müqaviləsi bildirişlərinin reyestrindən çıxarışın sübut kimi qəbul edilməsini mümkün hesab edir. Belə ki, sorğuya cavab məktubundan görünür ki, iddiaçı həmin sorğu ilə xx.xx.2023-cü il tarixdə-işə birinci instansiya məhkəməsində baxılarkən müraciət etmiş, sorğusuna cavab daxil olmadığı üçün həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.”

27. Məhkəmə tərəfindən sübutlara əsasən müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 MMC-də avtobus sürücüsü vəzifəsində işləmiş, idarə etdiyi avtobus 179 nömrəli marşrut xəttində olmuş (cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən), hadisə baş verdiyi xx.xx.2021-ci il iş günü olmuş və hadisənin baş verdiyi saat (saat 17 radələri) iş saatı olmuşdur. Hadisənin baş verdiyi saatın Cavabdeh2 iş saatı və iş günü olmadığına dair sübutlar Cavabdeh1 MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sürücü izahatında avtobusu təmir etdirib qarajdan çıxarkən yol nəqliyyat hadisəsi baş verdiyini göstərmiş, birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu halda yol nəqliyyat hadisəsi sürücünün əmək və xidmətinin vəzifəsinin icrası ilə bağlı baş verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, avtobus sürücüsünün nasazlığı olan nəqliyyat vasitəsini texniki servis üçün aparıb- gətirməsi də onun əmək funksiyalarının icrası ilə bağlı vəzifə olduğundan MM-nin 1099.1-ci maddənin tələbinə əsasən Cavabdeh1 MMC işçisinin vurduğu ziyana görə məsuliyyəti yaranmışdır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya dəymiş 13.280 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

29. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələni həll etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia verilərkən 170 manat dövlət rüsumu, 50 manat mediasiya xərci ödənilmişdir. İddia tələbinin təxminən 50 faiz hissəsi təmin edildiyindən məhkəmə hesab edir ki, çəkilmiş 220 manat məhkəmə xərcinin 110 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı Firmasının xeyrinə müştərək qaydada 13.280 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Firmasının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-159/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı Firmasının xeyrinə müştərək qaydada 13.280 manat pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 220 manat dövlət rüsumu və mediasiya xərcinin 110 manatı müştərək qaydada cavabehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar