Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-597/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “X4” MMC (hazırda – İddiaçı MMC / icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 15 noyabr 2023-cü il tarixdə 142 nömrəli xidmət müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən, xidmətlərin göstərilməsini sifariş verməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 2-ci və 4.3-cü bəndləri ilə xidmətlərin göstərilməsinin ilkin sifariş üzrə həyata keçirilməsi, icraçının yerinə yetirdiyi işlərin təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınması, hesablaşmaların tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilməsi razılaşdırılmışdır.
4. Müqavilənin 4.4-cü bəndinə əsasən, sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqına 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəyir.
5. 15 noyabr 2023-cü il tarixli 01 və 02 nöməli qiymətlərin razılaşdırılması protokolları ilə “Shantui SD-32” markalı 1**-FB-*** dövlət qeydiyyat nişanlı buldozer ilə xidmətlərin göstərilməsi və həmin buldozerin evakuator ilə daşınması xidməti üçün xidmət haqqı şərtləşdirilmişdir.
6. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 01 dekabr 2023-cü il tarixli 01 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 6705,53 manat, 19 dekabr 2023-cü il tarixli 02 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 14 044,19 manat dəyərində xidmət (ümumilikdə ƏDV daxil 20 749,72 manat) sifarişçi tərəfindən təhvil alınmış, xidmətlərin göstərilməsi ilə bağlı 09 dekabr 2023-cü il tarixli EBDU 566949 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDV 754270 seriya və nömrəli elektron qaimələr tərtib edilməklə cavabdehə göndərilmişdir. Sifarşçi tərəfindən 29 dekabr 2023-cü il tarixdə 5682,64 manat əsas və 1022,88 manat ƏDV, 09 yanvar 2024-cü il tarixdə 2142,33 manat ƏDV, 21 may 2024-cü il tarixdə 3000 manat əsas, 12 iyun 2024-cü il tarixdə 2901,86 manat əsas məbləğ olmaqla ümumilikdə ƏDV daxil 14 749,71 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 15 noyabr 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 6000 manat əsas borcun, 26 565,12 manat cərimə məbləğinin, 363,23 manat faiz məbləğinin və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi işin faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 15 noyabr 2023-cü il tarixində xidmət müqaviləsi bağlanılmış, müqavilənin əlavəsi olan qiymətlərin razılaşdırma protokulu №1ə əsasən, “Shantui SD-32” markalı “1**-FB-***” dövlət qeydiyyat nişanlı buldozerlə xidmətlərin göstərilməsi üçün 1 aylıq haqq ƏDV daxil 17 700 manat müəyyən olunmuşdur. Bununla bağlı müvafiq qaimələr və təhvil-təslim aktları tərtib edilmiş, cavabdeh tərəfindən müqavilə üzrə borc məbləği tam şəkildə ödənilməmişdir. Qaiməfakturaya istinad olunmaqla cavabdeh tərəfindən 09 yanvar 2024-cü il tarixində 2142,33 manat məbləğində ƏDV hesaba köçürülsə də, əsas məbləğ (11 901,86 manat) köçürülməmişdir. Qeyd olunan qaimə-faktura əsasında 20 may 2024-cü il tarixində 3000 manat, 12 iyun 2024-cü il tarixində isə 2901,86 manat ödəniş edilmişdir. Qaimə-faktura üzrə ümumilikdə 6000 manat borc məbləği isə (11 901,86 – (3000 + 2901,86)) cavabdeh ilə çoxsaylı danışıqlara və yazışmalara baxmayaraq, bu günədək ödənilməmiş, qeyriciddi və etibar olunmayacaq davranış sərgilənmişdir. Digər tərəfdən, cavabdeh müqavilə üzrə cərimə məbləğini də ödəməlidir. Belə ki, iddiaçı qaimə-faktura üzrə qalıq 6000 manat əsas borcun, Mülki Məcəllənin 462-ci maddəsi və müqavilənin 4.4-cü bəndinə əsasən, 15 yanvar 2024 – 20 may 2024-cü il tarixləri üzrə gecikdirilmiş 147 günə görə (11 901,86*1%*147 gün = 17495,73 manat), 22 may 2024 – 11 iyun 2024-cü il tarixləri üzrə gecikdirilmiş 21 gün üzrə (8901,86*1%*21 gün = 1869,39 manat), 13 iyun 2024 – 10 oktyabr 2024-cü il tarixləri üzrə gecikdirilmiş 120 gün üzrə (6000*1%*120 gün = 7200) manat olmaqla cəmi 26 565,12 manat cərimənin (dəbbə pulu) və Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən 15 yanvar 2024 – 20 may 2024-cü il tarixləri üzrə gecikdirilmiş 147 günə görə (11 901,86*5%/365 gün*147 gecikdirilmiş gün = 239 manat), 22 may 2024 – 11 iyun 2024-cü il tarixləri üzrə gecikdirilmiş 21 gün üzrə (8901,86*5%/365 gün*21 gün = 25,6 manat), 13 iyun 2024 – 10 oktyabr 2024-cü il tarixləri üzrə gecikdirilmiş 120 gün üzrə (6000*5%/365 gün*120 gün = 98,63 ) manat olmaqla cəmi 363,23 manat faiz məbləğinin də tutulmasını tələb edir.
9. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə bağlanmış 15 noyabr 2023-cü il tarixli müqavilədə öhdəliklərin icrası zamanı ƏDV məbləğinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı borc məbləğinin yaranmasını, habelə yüksək faizlə hesablanmış dəbbə pulu və faiz məbləğinin hesablanması qaydasını təsdiq edən arayışı iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda, iddiaçının tələb etdiyi dəbbə pulu artıq göstərildiyi üçün iş üzrə ödənilmiş dövlət rüsumu da artıq hesablanmışdır və bu, iddianın əsassız olduğunu bir daha sübut edilir.
10. İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat vermiş, cavabdehin nümayəndəsi X5 məhkəmənin baxış iclasında iştirak edərək borcu ödəmək üçün vaxt lazım olduğunu bildirmiş, əsas borcu qəbul etmiş, cərimə məbləği ilə bağlı borca etiraz etmişdir.
11. Birinci instansiya məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, 15 noyabr 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 6000 manat əsas borc, 400 manat cərimə məbləği olmaqla ümumilikdə 6400 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin digər hissədə təmin olunmaması qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır:
12.1. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 6000 manat məbləğində borcu yaranmış, 15 noyabr 2023-cü il tarixli xidmətlərin göstərilməsi barədə müqavilənin 4.3-cü hissəsində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir. 12.2. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi 15 noyabr 2023-cü il tarixli 142 nömrəli xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 6000 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 12.3. İddiaçı həmçinin 26 565,12 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəməyəqədər həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdeh tərəfindən öhdəlik üzrə əhəmiyyətli dərəcədə ödənişlər edilmişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehin ödənişi məhkəmə icraatının gedişində etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 400 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. 12.4. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanmaqla 363,23 manat məbləğində pulun da tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddəsi o halda tətbiq edilə bilər ki, qanunla və ya müqavilə ilə əsas borcun üstünə faizlər hesablanması nəzərdə tutulsa da, müvafiq məbləğ – faiz məbləği qanunda və ya müqavilədə müəyyənləşdirilməmiş olsun. Lakin məhkəmə qeyd edir ki, hazırda tərəflər öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı faiz formasında dəbbə pulu razılaşdırmış, həmin dəbbə pulunun konkret faizi müqavilədə əks olunmuşdur. Belə olan halda, Mülki Məcəllənin 439.3-cü maddəsinin hazırkı işə tətbiqi mümkün deyildir.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 390.1-ci, 439.3-cü, 442-ci, 448.1-ci, 448.2-ci, 467-ci, və 448.1-ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun “cavabdehdən dəbbə pulunun və dövlət rüsumunun tutulması” hissəsində ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin borc məbləğinin gecikdirilməsinin cavabdehdən asılı olmayan səbəbə görə baş verdiyini nəzərə almadığı, beləliklə də cavabdehdən dəbbə pulu və dövlət rüsumunu tutmaqda qanunsuz nəticəyə gəldiyi arqumenti ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
24. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin “400 manat cərimə məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 37 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hisəssi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması, eləcə də “15 noyabr 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 6000 manat əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
45. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).
46. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
47. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
48. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 23, 24).
49. İşin faktiki hallarından, iddiaçının cavabdehlə 15 noyabr 2023-cü il tarixdə xidmət müqaviləsi bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində müəyyən xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.
50. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr müəyyən olunmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1
51. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 30) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
52. Müqavilə üzrə iddiaçının öz öhdəliyini yerinə yetirdiyi və cavabdehin buna görə borcunun yaranması işin müəyyən olunan hallarıdır və bu xüsusat cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməməkdədir; cavabdehin nümayəndəsi apellyasiya şikayətində, yalnız dəbbə pulu üzrə borcunun düzgün hesablanmadığı ilə bağlıdır. Cavabdehin bununla bağlı yeganə dəlili isə ondan ibarətdir ki, ödənişlərin gecikdirilməsi ondan aslı olmayan səbəblərdən baş vermişdir.
53. Kollegiya cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir.
54. Belə ki, cavabdeh hazırkı öhdəlik münasibətləri çərçivəsində borclu kimi öz riskinə daxil olan bütün hallar üçün məsuliyyət daşıyır (§ 27). Bu müstəvidə kollegiya xüsusilə onu qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 18). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
55. Digər tərəfdən, o, müqavilə üzrə pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini də sübuta yetirə bilməmişdir. Cavabdeh ödənişlərin ondan aslı olmayan səbəblərdən gecikdirildiyini bildirərkən yalnız ümumi xarakterli ifadələr işlətməklə kifayətlənmiş, konkret olaraq gecikdirmənin hansı hallardan irəli gəldiyini və nəyə görə baş verməsini tutarlı dəlillərlə, eləcə də sübutlarla əsaslandırmamışdır.
56. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 32-35).
57. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
58. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) Ali Məhkəmə, İş № 2-2(102)-250/2024, § 39 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_250+12.06.2024.pdf)
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1036/2025 saylı iş üzrə 23 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva