Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-598/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-902/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı “Qara-çay” Fərdi şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Qara-çay” Fərdi şirkəti cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə “Qara-çay” fərdi şirkəti arasında bağlanmış 03i/2017 saylı, 27 fevral 2017-ci il tarixli Maşın mexanizmlərinin icarə müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 20000 manat məbləğində borcun tutularaq “Qaraçay” fərdi şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-902/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “Qara-çay” Fərdi şirkəti həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 03i/2017 saylı 27 fevral 2017-ci il tarixli maşın və mexanizmlərin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2, 2.1, 2.2, 5.1-ci bəndlərinə görə icarəyəverən müqavilə imzalandıqdan sonra 10 (on) gün ərzində icarə predmetini icarəçinin istifadəsinə təhvil verməlidir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin avadanlıqların adları, sayı və vəziyyəti əks olunmalıdır. Müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği 14% ödəmə mənbəyindən tutulan vergi ilə birlikdə 10000 manat təşkil edir. İcarəçi icarə haqqını icarə verənə, tərəflərin qarşılıqlı razılığı ilə müqavilə hüquqi qüvvəyə mindiyi gündən hər ayın sonuna qədər icarəyə verənin təqdim etdiyi hesab faktura əsasında, bank hesabına köçürmək üsulu ilə və ya nağd şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilə imzalanan andan qüvvəyə minir və 6 (altı) ay müddətinə qədər qüvvədədir. İddiaçı bildirir ki, tərəflərindən müqavilənin şərtlərinə uyğun olaraq, sözügedən avtokran “xxxx” MMC-nin istifadəsinə verilsə də, “xxxx” MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş icarə haqları tam ödənilməmişdir. 19 oktyabr 2018-ci il tarixdə aralarında bağlanmış üzləşmə aktına əsasən “xxxx” MMC-nin qeyd edilən müqavilə üzrə “Qara-çay” fərdi şirkətinə 20000 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir bildirir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuş, lakin həmin müqavilə üzrə cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. Üzləşmə hesabatı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmin şəxs cavabdehin işçisi olsa da, üzləşmə hesabatını imzalamaq səlahiyyəti olmamışdır. Həmçinin üzləşmə hesabatı cavabdehin möhürü ilə təsdiqlənməmişdir. Eyni zamanda iddiaçı tərəfindən elektron qaimə göndərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, 20000 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Belə ki, cavabdeh tərəfindən 27 fevral 2017-ci il tarixli 03i/2017 saylı icarə müqaviləsinin bağlanması halı etiraf olunmuşdur. Eyni zamanda iddiaçının istinad etdiyi hallar, yəni icarə müqaviləsinin predmeti olan **-JU-*** qeydiyyat nömrə nişanlı TRUCK CRANE QX20H431 yük avtokranının icarəçi “xxxx” MMC-nin istifadəsinə verilməsi halı mübahisələndirilməmişdir. Əksinə cavabdehin nümayəndəsi tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğunu və həmin müqavilə üzrə cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını bildirmişdir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə və Mülki Məcəllənin 700.1-ci maddəsinin dispozisiya şərtlərinə görə icarə haqqının ödənilməsi halı ilə bağlı sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh icarə borcunun mövcud olmadığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunan halları və tərəflər arasında bağlanmış 27 fevral 2017-ci il tarixli icarə müqaviləsinin 1.2, 2.1, 5.1-ci bəndlərində göstərilən şərtləri, yəni müqavilə imzalandıqdan sonra 10 gün ərzində icarə predmetinin icarəçinin istifadəsinə təhvil verilməsini, aylıq icarə haqqının 10.000 manat təşkil etməsini, müqavilənin 6 ay müddətinə qədər qüvvədə olmasını və cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsini nəzərə alaraq kollegiya hesab edir ki, müqavilə üzrə ödənilməli olan məbləğ məhz 20.000 manat təşkil edir və iddiaçı da, həmin məbləğdə icarə haqqının ödənilməsini tələb etməkdə haqlı olduğu üçün iddia tam əsaslıdır. Birinci instansiya məhkəməsi isə sübut etmə yükünü düzgün müəyyən etməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Halbuki hazırki işdə icarə haqqını ödənilməsi halının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyü üçün və onun tərəfindən heç bir sübut təqdim edilmədiyi üçün iddiaçı tərəfindən təqdim olunmuş üzləşmə hesabatının araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Eyni zamanda iddiaçı tərəfindən elektron qaimənin göndərilməməsi ilə bağlı cavabdehin dəlillərinə dair qeyd olunur ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə deyil, Mülki Məcəlləsi ilə müəyyən olunur. Mülki Məcəllənin 14.2-ci maddəsində bu əsaslar konkret müəyyən olunmuşdur. Həmin maddəyə görə, müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas olsa da, qaimə-faktura və ya elektron qaimə-faktura belə əsas kimi müəyyən edilməmişdir. Hazırkı işdə icarə haqqının ödənilməsi öhdəliyi (vəzifəsi) iddiaçı tərəfindən qaimə-faktura və ya elektron qaimə-faktura verilməsi deyil, Mülki Məcəllənin və tərəflər arasında bağlanmış 27 fevral 2017-ci il tarixli icarə müqaviləsinin müvafiq müddəaları əsasında yaranmış olur. Həmçinin kollegiya qeyd edir ki, hazırki mübahisənin predmeti iddiaçının fəaliyyətinin mühasibat uçotu qaydaları və vergi qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılmasından deyil, icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsindən ibarətdir. Bu növ iddialar üzrə işin hallarının yalnız müəyyən sübutetmə vasitələri (maliyyə və vergi sənədləri) ilə təsdiq olunmasını müəyyən edən və digər sübutların təqdim edilməsini istisna edən qanun və ya digər normativ hüquqi akt isə mövcud deyildir. Ona görə də, iddiaçı tərəfindən elektron qaimənin təqdim olunmaması ilə bağlı cavabdeh tərəfin dəlilləri tam əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “Qara-çay” Fərdi şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-902/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 20000 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Qara-çay” Fərdi şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-598/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-598/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver