Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-599/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kommersiya işi Açar söz: ipoteka müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, tutma yönəldikdən sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-1135/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. “Borcverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “Borcalan” Cavabdeh1 arasında imzalanmış 30 iyul 2015-ci il tarixli, KM 01 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a verilən kreditin məbləği 15.000 manat təşkil edir. Kredit 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə verilir. Kreditin məqsədli təyinatı heyvandarlığın inkişafı məqsədi üçündür. Mövcud kredit üzrə “Borcalan”dan aşağıdakı komissialar tutulur: Ssuda hesabının açılması: 25 AZN; Nağd vəsaitin çıxarılması: 1.5 %.
2. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Müqavilənin predmetini “AtraBank" ASC ilə "Borcalanlar” sahibkar fiziki şəxs Cavabdeh2 və sahibkar fiziki şəxs Cavabdeh1 arasında bağlanmış KM 01 saylı, “30” İyul 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin elmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə Tərəflərin razılığa gəlmələri təşkil edir. İpotekanın predmetini aşağıdakı əmlak təşkil edir: Cavabdeh2 məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri Xətai rayonu, M Rüstəmov küçəsi, ev 19, mənzil 12 (reyestr nöm: **********33-05101-093007: qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015). “İpotekaqoyan” ipoteka predmeti ilə bu müqavilənin 4-cü bəndində göstərilən öhdəliyin icrasına, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərin, ipotekaya qovulmuş əmlakın saxlanılması və salamatlığı üçün “İpotekasaxlayan"ın çəkdiyi zəruri xərclərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinə təminat verir.
3. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri Xətai rayonu, M Rüstəmov küçəsi, ev 19, mənzil 12 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu, M Rüstəmov küçəsi, ev 19, mənzil 12-yə tutmanın yönəldilməsi barədə Cavabdeh2 və Cavabdeh1 məlumat verilmişdir.
5. LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli məktubundan, müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət qəbul olunmuşdur.
6. LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda 17430,86 manat borcun 3 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
7. Cavabdeh1 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə kredit müddəti bitdikdən sonra Cavabdeh1 tərəfindən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə sonuncu ödənişlər olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 12210,14 manat əsas, 1793,65 manat faiz borcu, 329,67 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 3097,40 manat məbləğində faiz (5%) borcu, cəmi 17430,86 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutularaq onun xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, mənzil satıldıqdan sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və mənzilin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 15000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə İM 01 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1, mənzil 12 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bundan əlavə iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması təklifi göndərilmiş, lakin təklif cavablandırılmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1135/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC (Ləğv prosesindədir) və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixində 15000 manat məbləğində xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə kredit verilmişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün “AtraBank" ASC (Ləğv prosesindədir) ilə Cavabdeh2 və Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Kreditor “AtraBank" ASC (Ləğv prosesindədir) kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və ipoteka müqavilələri əsasında borcu və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Bununla belə cavabdehlər tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizələr təqdim edilmiş və ərizələr onunla əsaslandırılmışlar ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddəti xx.xx.2018-ci il tarixə kimi müəyyən olunmuşdur (1 saylı əlavə). Həmçinin kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi 2019-cu ilin mart ayına təsadüf edir. Belə olan halda AR Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 2019-cu ildən başlayaraq 2022-ci ildə bitir.
12. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehlərdən kredit və ipoteka müqavilələri əsasında borcu və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmış olsa da, cavabdehlərin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır.
13. Belə ki, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, kreditin 36 ay müddətinə bağlanması nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən sonra ödənişlər edildiyi üçün iddia müddətinin axımı kəsilmiş, lakin sonuncu dəfə ödəniş edildiyi xx.xx.2019-cu il tarixdən sonra iddia müddətinin axımı yenidən başlamış və İddiaçı ASC (Ləğv prosesindədir) isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1135/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticəisə lazımi əsasa söykənməyən hesab edilməlidir. Hesab edirik ki, məhkəmə tərəfindən borcun tutulması barədə iddiamızı rədd edərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu iltarixli Qərarları). Bu hallar birinci instansiya məhkəməsində tərəfimizdən verilən sübutlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri əsasız olaraq nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən tərəflər arasında bağlanılmış 30 iyul 2015-ci il tarixli kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 36 ay müəyyən edilsə də, həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və kredit müqaviləsinin şərtləri pozulmuşdur. Nəticədə cavabdehin müqavilə üzrə 17430,86 manat borcu qalmışdır. Belə olan təqdirdə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti bitməmişdir. Buna görə dəiddia müddətinin tətbiq edilməsi əsassızdır. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtləri nəzərə alınmamış və əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlinmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1135/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarına əlavə edilmiş sübutlar və hesabdan çıxarışdan aydın olur ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu tam ödəməmiş, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, 36 ay müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, iddia müddətinin axımı bu tarixdə başlayaraq sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdə kəsilmiş, müddətin axımı yenidən başlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini keçmişdir.
23. Cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi qanuni və əsaslıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1135/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1135/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.